Səttar Möhbalıyev: “Zərifə xanım Əliyeva həm övlad, həm həyat yoldaşı, həm də Ana adlarını şərəflə daşıyıb”

17:57 27-04-2023 | icon 791
Səttar Möhbalıyev: “Zərifə xanım Əliyeva həm övlad, həm həyat yoldaşı, həm də Ana adlarını şərəflə daşıyıb”

“Bütün mənalı və şərəfli ömrünü tibb elminin inkişafına həsr edən görkəmli alim
Zərifə xanım Əliyeva bu sahənin inkişafına qiymətli töhfələr verib. Onun tibb elminə
gətirdiyi yeniliklər, ağır xəstəliklərlə effektiv mübarizəsi yalnız oftalmologiya elmi
üçün yox, ümumilikdə respublika səhiyyəsi üçün əhəmiyyətli idi. Zərifə xanım hələ
ötən əsrin qırxıncı illərində geniş yayılan traxoma infeksion xəstəliyinə qarşı
mübarizənin təşkilində əsas şəxslərdən olub. O, bilavasitə xəstəliyin daha geniş vüsət
aldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, müalicə yolların izah
edir, maarifləndirici tövsiyələr verirdi. Öz peşəsini dərindən sevən, insanların
sağlamlığını özünün əsas amalı hesab edən Zərifə xanım traxomanın sosial xəstəlik
kimi ləğv olunmasına nail olur. Məhz onun təklif etdiyi müalicə üsulu qısa zamanda
bütün respublikada tətbiq edilir, nəticədə ölkəmiz bu xəstəlikdən qurtulur”.


Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı
Səttar Möhbalıyev deyib.

“Böyük mənəviyyat sahibi olan Zərifə xanım həkimlik fəaliyyəti ərzində şəfalı əlləri
ilə yüzlərlə cərrahiyyə əməliyyatları həyata keçirib, xəstələrə qiymətli məsləhətlər
verib. Onun səmərəli fəaliyyəti təkcə çalışdığı klinika ilə məhdudlaşmırdı, həm də
bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edir. Eləcə də təkmilləşdirmə
kurslarının iştirakçıları ilə pedaqoji iş aparır, göz xəstəlikləri ilə mübarizənin yollarını
öyrədirdi. Onun traxoma və qlaukoma xəstəlikləri ilə bağlı apardığı elmi-tədqiqat
işləri gənc həkimlər tərəfindən maraqla izlənir, həmçinin mətbuatda dərc olunması
klinik göz xəstəliyi sahəsində çalışan həkimlər üçün dəyərli vəsaitə çevrilir. Hər
zaman dərin biliyi, insani keyfiyyətləri, nümunəvi davranışları ilə çalışdığı elmi və
tibbi müəssisələrin kollektivləri, elm adamları, ictimaiyyət nümayəndələri içərisində
böyük nüfuz sahibi olub. O, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və
dərs vəsaitlərinin, 1 ixtiranın, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifidir.
Bütün bunlar həm keçmiş SSRİ, həm də Azərbaycan tibb elmi üçün qiymətli sərvətlərdir. Heç də təsadüfi deyil ki, Zərifə xanım 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində
apardığı elmi tədqiqatlara görə, oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ
Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü.
Həm də Zərifə xanım bu mükafatı alan ilk qadın olub”, - Milli Məclisin deputatı
bildirib.


Səttar Möhbalıyev qeyd edib ki, Zərifə xanımın həmçinin səhiyyə sahəsində kadr
hazırlığında və həkimlərin təkmilləşdirilməsində böyük zəhməti var: “Onun bilavasitə
rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir ordusu yetişmişdir ki,
bu gün də onlar ölkəmizin tibb sahəsində önəmli fəaliyyət göstərir, minlərlə
insanımıza şəfa verir, elmi nailiyyətlərə imza atırlar. Həmin həkilmlər hələ də Zərifə
xanımın onların üzərində olan əməyindən şövqlə bəhs edirlər. Zərifə xanım daim
seçdiyi peşəsini dərindən sevib, fəaliyyəti ərzində gərgin işdən usanmayıb, ürəklə və
əzmlə çalışıb. Fədakarlığı, vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi ilə
böyük hörmət sahibi olub”.
“Zərifə xanım öz peşəsini sevdiyi kimi, ailəsinə də son dərəcə bağlı qadın olub, ailə
dəyərlərini hər zaman uca tutub. Ömür-gün yoldaşı, Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevə daim dayaq durub, onu böyük məhəbbətlə sevib. O, ailə
davranışları, həyat yoldaşına olan böyük hörməti və sevgisi ilə Azərbaycan ailələrinə
qiymətli nümunə olub. Görkəmli dövlət xadimi Əziz Əliyevin qızı, Ulu Öndər Heydər
Əliyevin həyat yoldaşı, qüdrətli dövlətimizin müzəffər rəhbəri cənab İlham Əliyevin
anası olan Zərifə xanım həm övlad, həm həyat yoldaşı, həm də ana adlarını şərəflə
daşıyıb, Azərbaycan qadınının adını zirvələrə ucaldıb. Onun əziz xatirəsi xalqımızın
qəlbində daim yaşayacaq”, - AHİK sədri vurğulayıb.


Digər xəbərlər

0.44431591033936