Sınaqlardan çıxmış uğurlu siyasət – azərbaycançılıq

15:50 04-05-2023 | icon 794
Sınaqlardan çıxmış uğurlu siyasət – azərbaycançılıq

“Biz hamımız azərbaycanlıyıq, hamımız bir millətik. Hamımızın bir dilimiz - Azərbaycan dilimiz var, hamımız bir dinə mənsubuq, hamımız bir millətin övladlarıyıq.”  Bu sözlər ümummilli liderimiz Heydər Əliyevə məxsusdur. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, sivilizasiyaların qovşağında Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar kimi tanıdılması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələridir.

Ulu Öndər Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqinin əldə olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır.

 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrilib.

Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətinin tərkib hissəsidir. Tarixi, adət-ənənələri, milli fəlsəfi məfkurəni, təcrübəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən azərbaycançılıq ideologiyasının müəllifi Heydər Əliyevdir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrilmişdir.

         Azərbaycanlılar dünyanın hansı ölkəsində yaşamalarından asılı olmayaraq, hər yerdə birlik, bərabərlik və həmrəylik nümayiş etdirirlər. 44 günlük savaş ərəfəsində soydaşlarımızın “Dəmir yumruq” ətrafında sıx birləşməsi, erməni barbarlığının ifşası yönündə görülən tədbirlər dünya azərbaycanlılarının Vətənə, dövlətə bağlılığından, yeni zamanda gücündən xəbər verir.

Biz Vətənimizlə, xalqımız və millətimizlə fəxr edirik, öyünürük ki, qalib Azərbaycan yeni tarix yaradır və milli həmrəylik, xalq-lider birliyi Azərbaycanın qüdrətini nümayiş etdirir. Bu, mənəvi-siyasi əhəmiyyətə, rəmzi mənaya malik olmaqla yanaşı, dövlətçilik tariximizin mühüm səhifələrindən birinə çevrildi.

 

Cahangir Muradov,

Cəlilabad şəhər sakini,

Əməkdar mədəniyyət işçisi


Digər xəbərlər

0.26761102676392