Səttar Möhbalıyev: “Prezident İlham Əliyev Şuşa konfransında dövlətimizin ədalətli siyasətini bir daha bəyan etdi”

16:53 05-05-2023 | icon 980
Səttar Möhbalıyev: “Prezident İlham Əliyev Şuşa konfransında dövlətimizin ədalətli siyasətini bir daha bəyan etdi”

“Dövlətimizin başçısı cənab İlham Əliyevin “Əziz Şuşa, biz səni dirçəldəcəyik!”
sözlərinin real təzahürlərinə bu gün bütün dünya şahidlik edir. Şəhərin şanı-şöhrəti
durmadan artır, əvvəlkindən də artıq gözəl görkəm alır. Demək olar ki, ölkəmizin
döyünən ürəyi böyük tikinti meydanına çevrilib, məscidlərimiz, əvvəlki yaşayış
binaları bərpa edilir, yeniləri tikilir, infrastruktur yaradılır. Bütün bu işlər Şuşanın
tarixi kimliyi qorunmaqla həyata keçirilir və sistemli şəkildə aparılır. Həmçinin
Şuşamız bu gün yerli və beynəlxalq tədbirlərə - konfranslara, seminarlara,
festivallara böyük qonaqpərvərliklə qucaq açır, iştirakçıları özünün əsrarəngiz
gözəllikləri, təbiət mənzərələri, tarixi-mədəni abidələri ilə valeh edir. Bir növ şəhər
danışır, milli kimliyini bəyan edir, gülür, sevinir, çünki onun yolunda övladlarını,
əziz balalarını qurban vermiş, uzun illər ayrılıq həsrəti çəkmiş doğma xalqına
qovuşub. Təşəkkür edirik müzəffər xalqın müzəffər oğlu cənab İlham Əliyevə. O,
cəmi 44 günə tarixin axarını dəyişdi, ekspertlərin bütün proqnozlarını alt-üst etdi,
çirkin və işğalçı arzuları ürəkdə qoydu, tarixi ədalətin bərpasına nail oldu. Güclü
diplomat, peşəkar və humanist rəhbər olduğu kimi, böyük sərkərdəlik məharətini
də ortaya qoyaraq formalaşdırdığı Ordusu ilə 30 illik işğalı parlaq qələbə ilə aradan
qaldırdı və hər bir azərbaycanlını bəxtiyar etdi”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.

AHİK sədri bildirib ki, Şuşa yenə qonaqlı-qaralıdır, mayın 3-də şəhərdə ADA Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda  dördüncü beynəlxalq konfrans keçirildi:

“Avrasiyanın qarşılaşdığı problemlər və yeni çağırışlarla bağlı beyin mərkəzləri
nümayəndələrinin iştirakı ilə ölkəmizdə belə möhtəşəm tədbirin təşkil olunması
artıq ənənə halını alıb. O cümlədən sonuncu konfransın gözəl Şuşamızda
keçirilməsi imkan verib ki, tədbir iştirakçıları erməni vandallarının vəhşi əməllərini
öz gözləri ilə görsünlər və bir daha əmin olsunlar ki, yalançı göz yaşları ilə dünyanı
özünə inandırmağa çalışan bu barbarlar tamamilə böhtan danışır, işğalçı
mahiyyətlərini ört-basdır etmək istəyirlər. Həmçinin qonaqlar görsünlər ki,
Azərbaycan öz torpaqlarına - Şərqi Zəngəzura və Qarabağa necə doğma münasibət
bəsləyir, qurur, yaradır, bərpa edir, dirçəldir. Mən konfransı regionda əlaqələrin
inkişafının, kommunikasiyaların açılmasının, sülh və sabitliyin təmin olunmasının,
münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycanın formalaşdırdığı
sülh gündəliyinin nəzərdən keçirilməsi baxımından xeyli əhəmiyyətli hesab
edirəm. Eləcə də bu platforma Azərbaycanın müəllifi olduğu reallıqların, ədalətli
mövqeyinin, sülh naminə səylərinin, həmçinin ölkəmizin dünya üçün
əhəmiyyətinin, beynəlxalq təşəbbüslərinin təbliği baxımdan olduqca önəmlidir”.

“Konfransda iştirak edən dövlətimizin başçısı cənab İlham Əliyev məntiqli
mühakimələri, tutarlı arqumentləri, dərin və əhatəli analitik təhlilləri ilə
iştirakçıların suallarına tam və əsaslandırılmış şəkildə cavab verdi. Prezidentimizin
səsləndirdiyi fikirlər, baş verən faktlara xüsusi yanaşma tərzi, hadisələri düzgün
qiymətləndirmə bacarığı onun beynəlxalq münasibətləri həm nəzəri, həm də
empirik səviyyədə dərin biliyini göstərir. Həmçinin çıxışı izlədikcə bir daha onun
nə qədər tərəqqipərvər, humanist, demokratik dövlət xadimi olduğunu görürsən.
Cənab İlham Əliyevin qiymətli siyasi fikirləri ölkəmizlə yanaşı, həmçinin
beynəlxalq ictimaiyyət üçün də xeyli önəmlidir, çünki bəşəri mahiyyət kəsb edir.
Heç də uzağa getməyək, məhz onun təşəbbüsü ilə reallaşan layihələr bu gün xilaskar rolunda çıxış edir. Vaxtı ilə həmin layihələrin reallaşacağına tərəddüdlə yanaşanlar bu gün onun əhəmiyyətini şərh edərək şəninə təriflər deyirlər. Cənab
İlham Əliyevin çıxışının əvvəlində də, axırında da, mərkəzində də sülh, təhlükəsizlik, sabitlik, səmimi əməkdaşlıq anlayışları üstünlük təşkil edirdi. Həqiqətən də, az-az lider tapılar ki, onun qədər sülh və əmin-amanlıq naminə bu qədər səylə çalışsın. Bilavasitə dövlətimizin başçısının bölgədə müəllifi olduğu yeni konfiqurasiya sülh və sabitliyə özündə ehtiva edir. Bunu Ermənistan tərəfinin də qavraması vacibdir”, - Milli Məclisin deputatı deyib.

“Şərqi Zəngəzuru və Qarabağı işğaldan azad edən Prezident İlham Əliyev həmin
ərazilərin yenidən bərpasına böyük məharətlə rəhbərlik edir. İşinin çox olmasına
baxmayaraq, mütəmadi olaraq bölgəyə səfərlər edir, görülən işlərlə yerində tanış
olur, qiymətli tapşırıq və tövsiyələrini verir. Mayın 2-də yenidən Qarabağa gedən
Prezidentimiz bir sıra sosial və infrastruktur obyektlərinin, mədəniyyət
mərkəzlərinin, yaşayış məhəllələrinin, kəndlərin, kommunikasiya xətlərinin
təməllərini qoyub, aparılan işlərlə maraqlanıb. Abadlıq-quruculuq işlərinin miqyası
və əhəmiyyəti bir daha göstərir ki, yaxın gələcəkdə Şərqi Zəngəzurumuz və
Qarabağımız ölkəmizlə bərabər, həm də dünyanın ən gözəl guşələrindən biri
olacaq. Əminliklə deyə bilərik ki, sakinləri öz ata-baba yurdlarında xoşbəxt
gələcək və firavan həyat gözləyir”, - Səttar Möhbalıyev əlavə edib.


Digər xəbərlər

0.21708512306213