"Azərbaycan xalqının həm qəhrəmanlıq, həm döyüşkənlik, həm də intellektual potensialı böyükdür"

10:07 08-05-2023 | icon 1567

Azərbaycanda ordu quruculuğu sistemli şəkildə ulu öndər Heydər Əliyevin 1969-cu ildə
hakimiyyətə gəlişi ilə başlayıb. Həmin vaxtdan etibarən ölkəmizdə hərbi kadrların hazırlanması
prosesinə start verilib. Ümummilli Liderin təşəbbüsü və yorulmaz fəaliyyəti ilə 1971-ci ildə hərbi
kadrlar hazırlayan məktəb – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi
lisey yaradılıb. Bununla da respublikada hərb sənətinə maraq güclənib, azərbaycanlı zabit
kadrların hazırlanması diqqət mərkəzində saxlanılıb. Ölkəmizin müstəqilliyi bərpa ediləndən
sonra isə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından
birinə çevrilib. Ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində gənclərimizin Bakı Ali
Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxumaları, eləcə də keçmiş
SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmaları gerçəkləşib. Dahi öndər
Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu
quruculuğu istiqamətində digər mühüm addımlar da atıldı. Ermənistan-Azərbaycan arasında
atəşkəs haqda 1994-cü il 12 may tarixli müqavilə imzalanmaqla Ordumuzun formalaşması
daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki
təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və
döyüş ruhunun yüksəldilməsinə xüsusi əhəmiyyət verildi.
Ulu Öndərin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Xalq Cümhuriyyəti zamanında
Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan Respublikasının
Silahlı Qüvvələr Günü elan olunması və hər il bu tarixin rəsmi dövlət bayramı kimi qeyd
edilməsi də respublikamızda ordu quruculuğuna müsbət təsir göstərən mühüm addım idi. Dahi
şəxsiyyətin ordu quruculuğu islahatları bütün bunlarla kifayətlənməyib. Ümummilli Lider hərbi
təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi
Akademiyanın yaradılması haqqında Fərman imzalayıb. Bununla da hərb sahəsində milli kadr
ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi başlanıb. Dahi
rəhbərin 20 avqust 2001-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının
təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq
olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali
Hərbi Təyyarəçilik Məktəbi adlandırılıb. “Bu dövrdə ordu quruculuğunu beynəlxalq standartlara
uyğunlaşdırmaq prioritet istiqamət idi. Bu, özünü, ilk növbədə, NATO ilə əməkdaşlıq
münasibətlərinin qurulmasında göstərdi. Belə ki, ötən əsrin 90-cı illərinin ortalarından
başlayaraq, Azərbaycanın bu hərbi təsisatla sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu
prosesinin təkmilləşdirilməsini, Silahlı Qüvvələrimizin modernləşdirilməsini, müasir standartlara uyğunlaşdırılmasını şərtləndirdi.

Ulu Öndərin müdrik siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq”, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramlarına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox hərbçimiz NATO proqramlarında və
digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədi.
Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin
təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu
modern orduya çevrildi. Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk günlərindən
etibarən, Ümummilli Liderin ideyalarına sadiq qalaraq, ölkədə ordu quruculuğunu diqqət
mərkəzində saxladı, hərbi potensialı daha da möhkəmləndirdi, müasir standartlar və yeni
yanaşmalar əsasında Silahlı Qüvvələrin döyüş qabiliyyətinin, hərbi hazırlıq səviyyəsinin
artırılmasına, maddi-texniki təchizatının gücləndirilməsinə mühüm önəm verdi. Beləliklə,
ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu Ordumuz dahi şəxsiyyətin layiqli varisi
Prezident İlham Əliyev tərəfindən modernləşən Silahlı Qüvvələrə çevrildi. Dövlətimizin başçısı
münaqişənin davam etdiyi illərdə uzaqgörənlik və təmkinlə diplomatik sahədə təxirəsalınmaz
tədbirlər reallaşdırdı, iştirakçısı olduğu ən yüksək beynəlxalq mərasimlərin tribunalarından
Qarabağ həqiqətlərini dünyaya bəyan etdi, aparıcı dövlətlərin rəhbərlərinin diqqətinə bu
bölgənin ölkəmizin əzəli torpağı olduğunu və işğaldan azad edilməsinin labüdlüyünü çatdırdı.
Nəhayət, respublikamızda möhkəm, sarsılmaz Xalq-Prezident-Ordu birliyi yaradıldı”

Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı
Zeynalov Ələddin


Digər xəbərlər

0.23372602462769