Böyük Qələbənin qazanılmasında Bakı neftinin rolu misilsiz oldu

10:27 08-05-2023 | icon 735
Böyük Qələbənin qazanılmasında Bakı neftinin rolu misilsiz oldu

Alman faşizmi üzərində tarixi qələbədən 78 il keçir.
Qeyd edək ki, 1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli "Barbarossa" planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb.
1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.

       Bu gün faşizm üzərində Qələbədən söhbət düşərkən Azərbaycanın payına xüsusi önəm verilir. Canlı qüvvəmizdən əlavə, təbii sərvətlərimiz bu sahədə həlledici rol oynamışlarr. Sovet İttifaqı Marşalı Georgi Jukov yazmışdı ki, “Bakı neftçiləri Vətənimizin müdafiəsinə, onun düşmən üzərində Qələbəsinə nə qədər lazımdırsa, o qədər də yanacaq verirdi”. 

        Doğrudan da bütün çətinliklərə rəğmən, neftçilərimiz 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi dövründə fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini almaq üçün yeni texnologiya yaradılıb. Statistika göstərir ki, 1941-1945-ci illərdə 63 yeni kimya və neft-kimya sənayesi müəssisəsi istifadəyə verildi. 300-dən artıq mühüm ixtira işləndi və istehsalata tətbiq olundu. Nəticədə 100 növ kimya məhsulları, o cümlədən 36 növ yağ, 26 növ yandırıcı və partlayıcı vasitə, 9 adda aviasiya benzini, 8 adda dizel yanacağının kütləvi istehsalına başlandı. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 milyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi.

     Ulu Öndər Heydər Əliyev 1941-1945-ci illər müharibəsi haqqında danışarkən vurğulamışdı: “Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi”. Bu, o deməkdir ki, Qələbənin əldə edilməsində Azərbaycan xalqının haqqı böyükdür. Əgər o vaxt Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitə bilməzdi.

Əfsər Abdullayev,

Cəlilabad RİH-in əməkdaşı


Digər xəbərlər

0.27508115768433