Nəsillərə əsl vətənpərvərlik nümunəsi

10:29 08-05-2023 | icon 1122
Nəsillərə əsl vətənpərvərlik nümunəsi

        Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941-1945-ci illərdə respublikanın 640 min nəfərə yaxın oğlan və qızları cəbhəyə getmişdir. Bizim odlu-alovlu cəbhələrdən keçmiş 130 Sovet İttifaqı Qəhrəmanımız vardır. Prezident İlham Əliyev 1941-1945-ci illər müharibəsi haqqında belə demişdir: “Biz tarixdə bu əlamətdar günə qayğı ilə yanaşır, döyüş meydanında və arxa cəbhədə qələbəyə töhfə verənlərin xatirəsini ehtiramla yad edir, öz həyatları bahasına dünyanı faşizmdən xilas etmiş zabit və əsgərlərin igidliklərinə hörmətimizi bildiririk”.

         İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının qəhrəmanlıq və şücaəti heç vaxt yaddaşlardan silinmir, gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Azərbaycan oğulları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal iştirak etmişdilər. Azərbaycanlılar Ukraynada, Belarusda, Şimali Qafqazda, Baltikyanı ölkələrdə, Polşada, Çexiyada, Macarıstanda, Yuqoslaviyada və İtaliyada partizan dəstələri sıralarında, Fransada antifaşist müqavimət hərəkatında igidliklə vuruşmuşdular.

      Gələcək nəsillərin hitlerçi cəlladların təpikləri altına düşməməsi naminə 3600 nəfər cəlilabadlı da uzaq ellərdə şirin canlarından keçdilər. Rayon sakinləri müharibə iştirakçılarından Ağapaşa Səfərovu, Mətləb Şahbazovu, İlyas Abbasovu, Səfəralı Məmmədovu, Şirbala Mayılovu, Şükür Cəfərovu, Babaş Babayevi, Qulam Əliyevi və yüzlərcə başqalarını yaxşı xatırlayırlar. 

       Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirmiş və onlara hərtərəfli qayğı ilə yanaşmışdır. Məhz Ulu Öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılmışdır və 1994-cü ildən başlayaraq Azərbaycanda Qələbə Günü qeyd olunur.

        Ulu öndər Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. Qələbə bayramı ərəfəsində 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi, 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması, 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi barədə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar Azərbaycanın dövlət siyasətinin insan amilinə söykənməsi və humanist mahiyyət kəsb etməsinin növbəti bariz nümunəsidir.

       Biz azadlıq, bəşəri ideallar uğrunda canlarından keçmiş, həyatdan erkən ayrılıb haqq dünyasına qovuşmuş insanların,  ötən savaşlardan babaların Qələbə məşəlini götürüb bu günün savaşlarına Zəfər gətirən Şəhidlərin ruhları qarşısında baş əyirik!

 

Azər İbişov,

Cəlilabad rayon Gənclər və İdman

İdarəsinin aparıcı məsləhətçisi


Digər xəbərlər

0.22702813148499