15 İyun Milli Qurtuluş Günü

10:35 08-05-2023 | icon 763
15 İyun Milli Qurtuluş Günü

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun
gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi
tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan
xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.
İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin
qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına
arxalanan Heydər Əliyevdir.
XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa
vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda
kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi
dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa
hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq,
avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış
müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi
görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan
şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı
iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara
bilmirdi. Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi:
“Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə
olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə,
zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane
etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi,
məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında
hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi
tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli
mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə
olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik
vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə
edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya
birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına
daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Ölkə daxilində
yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və
maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun
gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil
Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata
keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun
bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal
layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs
və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün
fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil
Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin
əlindədir.

Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın
dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə
çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan
vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən
inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları
işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Hüseyn Eynullayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


Digər xəbərlər

0.2129020690918