1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi

10:36 08-05-2023 | icon 1671
1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi

1993-cü il 3 oktyabr tarixində Ümummilli Lider Heydər Əliyev Azərbaycan
Respublikasının Prezidenti seçildi.
1993-cü il oktyabrın 3-nə təyin edilmiş Prezident seçkiləri Azərbaycan xalqı üçün
mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk
pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi
Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.
Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti
seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək
Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və
tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə
sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.
Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri
olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış
görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin
xüsusi rolu vardır. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin
həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Ümummilli Lider Heydər Əliyev
öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtması
nəticəsində respublika ərazisində səpələnmiş silahlı cinayətkar dəstələr
zərərsizləşdirilmiş, vətəndaş müharibəsi təhlükəsinə, separatçı meyillərə son qoyulmuş
və təcavüzkar Ermənistan Respublikası ilə atəşkəs əldə olunmuşdur. Heydər Əliyevin
neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi
sistemindəki yerini müəyyənləşdirmişdir. Dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə
bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26
müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk
neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır.
Ümummilli liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq
səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası
dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət
quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin
olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət
kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün
gələcək inkişaf yolu kimi seçmişdir. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə
keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi
bazasının yaradılmasına daha geniş imkanlar açmışdır.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda ölkənin
siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. Kütləvi informasiya
vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları
yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi
istiqamətində növbəti addımlar atıldı: məhkəmə islahatlarının həyata keçirilməsi,
Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması, Ombudsman
təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər bu kimi islahat
xarakterli demokratik təşəbbüslər bilavasitə Ulu Öndərin gərgin əməyinin nəticəsidir.
Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm
prioritetlərindən birini Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq
normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil etmişdir.
Məhz Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu
problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmış və

məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Ulu Öndər Heydər
Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq
tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və
Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul
olunmasına nail olmuşdur.
Dünyanın tanınmış insanları, dövlət xadimləri, politoloqlar Ümummilli Lider
Heydər Əliyev haqqında maraqlı fikirlər söyləmişlər.
Amerika Birləşmiş Ştatlarının eks-prezidenti Corc Buş: “Heydər Əliyev Cənubi
Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Amerika Birləşmiş Ştatları
və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın
müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz
onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və
İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar.
Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını
möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol
oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və
Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır”.
Rusiya Federasiyasının prezidenti Vladimir Putin: “Bütün dünyada layiqli hörmət
və böyük nüfuz qazanmış görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin uzun illər
ərzində səmərəli fəaliyyəti xalqlarımızın ümumi tarixi ilə bilavasitə bağlı olmuşdur. O,
Rusiya və Azərbaycanın strateji tərəfdaşlığının təməlini qoymuş, dostluğumuzun və
qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir”, “Heydər Əliyev
görkəmli dövlət xadimi, Vətəninə sadiq əsl patriotdur”, “Heydər Əliyevin siyasi müdrikliyi
və uzaqgörənliyi, ən mürəkkəb məsələlərin mahiyyətinə varmaq bacarığı və böyük
təşkilatçılıq məharəti ona həmvətənləri arasında və ölkə hüdudlarından kənarda yüksək
nüfuz qazandırmışdır. Müstəqil Azərbaycana mürəkkəb tarixi dövrdə rəhbərlik etməklə
o, ölkənin həqiqi lideri olmuş, Azərbaycan cəmiyyətinin konsolidasiyası üçün çox işlər
görmüşdür”.
Fransa Respublikasının eks-prezidenti Jak Şirak: “Bu qeyri-adi şəxsiyyət
Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı,
xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin
sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim.”
Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev ölümündən sonra 2003-cü ildə Fransanın ali
mükafatı olan “Fəxri Legion” Ordeninin ən yüksək dərəcəsi ilə təltif olunmuşdur.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Mərhum Heydər Əliyev
Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi
fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur”;
Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl: “Heydər Əliyev bu dünyaya müstəqil
Azərbaycan dövlətini qorumaq üçün gəlmişdir”. 

Ağayeva İradə Qurban qızı
Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı


Digər xəbərlər

0.23755097389221