Səttar Möhbalıyev: “Azərbaycan xalqı faşizm üzərində qələbədə böyük pay sahibi olub”

15:51 09-05-2023 | icon 659
Səttar Möhbalıyev: “Azərbaycan xalqı faşizm üzərində qələbədə böyük pay sahibi olub”

“Ümumilikdə Azərbaycan xalqının tarixi bir qəhrəmanlıq dastandır. Hər
səhifəsində Ana yurda bağlılıq, vətənpərvərlik, torpağına göz dikənlərlə,
işğalçılarla mübarizə, milli azadlıq mücadilələri yer alıb. Həmçinin qəhrəman
və müdrik xalqımız bəşəri təhlükələrə qarşı mübarizələrin önündə gedərək
dünya tarixində dərin iz qoyub. Dünyanın başı üzərini faşizm təhlükəsi alarkən
Azərbaycan xalqı qəti mövqe ortaya qoydu, 1941-ci ildə elan edilən səfərbərlik
respublikamızda ümumxalq hərəkatı halına gəldi. Təkcə könüllülərin sayı
minlərlə idi. Kişilərlə yanaşı, qadınlar da cəbhəyə yola düşürdülər. Müharibə
illərində 11 mindən çox azərbaycanlı qadın səfərbərliyə qoşulmuşdur. İkinci
Dünya müharibəsində azərbaycanlılar iştirak etdiyi bütün cəbhələrdə igidliyi,
rəşadəti, cəsurluğu ilə ad çıxarıblar. Yüksək döyüş ruhu ilə faşizm üzərində
qələbədə böyük pay sahibi olublar. Mübariz xalqımızın 600 mindən artıq
qeyrətli oğul və qızı müharibənin aktiv iştirakçısı olub və qeyrət rəmzimizə
çevriliblər. Azərbaycanlılardan formalaşmış 77-ci, 223-cü, 271, 396-cı, 402-ci
və 416-cı milli atıcı diviziyalar Qafqazdan başlayaraq Berlinədək şanlı döyüş
yolu keçməklə xalqımızın adını İkinci Dünya müharibəsinin qalib xalqları
arasına yazıblar. Həmçinin azərbaycanlılar Polşa, Çexiya, keçmiş Yuqoslaviya
və digər ölkələrin azad edilməsinin iştirakçısı olublar, əzmkarlıq nümayiş
etdiriblər”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, 170 mindən çox əsgər və zabitimizin müxtəlif orden və
medallarla təltif edilməsi heç də təsadüfü olmayıb, onlar bu adı döyüş
meydanlarında qanları və canları bahasına qazınıblar: “İki dəfə Sovet İttifaqı
Qəhrəmanı adını qazanan Həzi Aslanov, həmçinin İsrafil Məmmədov, Mehdi

Hüseynzadə, Gəray Əsədov bizim qeyrət simvolumuzdur. Onlar özlərindən
sonra gələn nəsillərə nümunə olublar, xalqımızın adını yüksəkliklərə qaldırıblar.
Eləcə də mən Qafur Məmmədovun, 17 ağır yara almasına baxmayaraq, idarə
etdiyi təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, qadınlarımızdan təyyarəçi
Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı
Şövkət Səlimovanın adlarını çəkmək istərdim ki, onlar faşizm üzərində
qələbənin memarlarındadırlar. Ziya Bünyadov, Rəşid Məcidov və başqaları.
Onları saymaqla qurtarmaq olmaz. O cümlədən azərbaycanlıların adları
Fransanın, İtaliyanın və digər dövlətlərin qəhrəmanları arasında yer aldı, həmin
ölkələrin orden və medalları ilə təltif edildilər”.

“Təbii ki, faşizm üzərində qələbədən danışarkən Bakı neftinin əhəmiyyətini
qeyd etməmək olmaz. Neftçilərimiz qarşılaşdıqları bütün çətinliklərə sinə
gərərək fədakarcasına cəbhəni və sənayemizi yanacaqla təmin edirdilər. Yeri
gəlmişkən, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı
benzini ilə hərəkət edirdi. 1941-1945-ci illərdə Sovet İttifaqının sərf etdiyi
neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi məhz
Azərbaycandan gedirdi. Bu məsələyə münasibət bildirərkən Sovet İttifaqı
Marşalı Georgi Jukov deyib ki, Bakı neftçiləri Vətənimizin müdafiəsinə, onun
düşmən üzərində Qələbəsinə nə qədər lazımdırsa, o qədər də yanacaq verirdi.
Həmçinin digər Sovet İttifaqı Marşalı Fyodor Tolbuxin qeyd edib ki, Qızıl Ordu
qazandığı çoxlu qələbələrinə, hücum edən hissələrə vaxtlı-vaxtında keyfiyyətli
yanacaq göndərdiyinə görə Azərbaycan xalqı və cəsur Bakı neftçiləri qarşısında
borcludur. Bu etiraflar bir daha təsdiqləyir ki, Bakı nefti olmasaydı, qələbə
şübhə altında idi. Bir sözlə, İkinci Dünya müharibəsində Azərbaycan bütün
imkanları ilə qələbənin qazanılmasına əhəmiyyətli töhfələr verib”, - Milli
Məclisin deputatı vurğulayıb.

AHİK sədri bildirib ki, faşizm üzərində tarixi Qələbənin ildönümü hər il
ölkəmizdə qeyd olunur: “Dövlətimizin başçısı cənab İlham Əliyev Qələbə
Günündə Həzi Aslanovun, döyüşlərdə iştirak etdmiş xalqımızın igid oğullarının
əziz xatirəsini dərin ehtiramla yad edir, müharibə veteranları ilə görüşür, onlarla
söhbətləşir, bayram təbriklərini çatdırır. Veteranlar hər zaman dövlətimizin
diqqət və qayğıları ilə əhatə olunurlar. Prezidentimiz onların sosial müdafiəsinin
daha da möhkəmləndirilməsi istiqamətində sərəncamlar verir”.


Digər xəbərlər

0.26349997520447