9 may faşizm üzərində Qələbə günüdür

14:12 10-05-2023 | icon 963
9 may faşizm üzərində Qələbə günüdür

İkinci dünya müharibəsində faşizm üzərində Qələbədən 78 il keçir. Bu
qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub.
Çünki xalqımız faşizm üzərində qələbə üçün özünün 600 min oğul və qızını
cəbhəyə yola salmışdı. Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan
Berlinədək şanlı döyüş yolu keçib, minlərlə həmyerlimiz partizan dəstələrinin
tərkibində vuruşublar.
Qələbə Azərbaycan xalqına da asan başa gəlməyib. Müharibədə iştirak
etmiş soydaşlarımızın təxminən yarısı döyüşlərdə həlak olub. Onlar amansız
döyüş meydanlarında fədakarcasına vuruşaraq, həm də doğma Azərbaycanı
faşizmdən qorudular. Respublikamızı təmsil edən 170 mindən çox döyüşçünün
orden və medallarla təltif edilməsi, 130 nəfərin isə Sovet İttifaqı Qəhrəmanı
adına layiq görülməsi buna sübutdur.
Xalqımız arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun
ehtiyaclarını ödəmək üçün gecə-gündüz bilmədən fədakarlıqla çalışıb. Böyük
Qələbəyə xüsusən neft Bakısının töhfəsi əvəzsizdir. Müharibə illərində Sovet
İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzininin və yüksək
keyfiyyətli sürtgü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Faşizm
üzərində qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun
tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla
hərəkətə gətirilirdi. Ona görə də Azərbaycan nefti olmasaydı, sovet-alman
cəbhəsində hərbi əməliyyatların nə ilə nəticələnəcəyini təsəvvür etmək çox
çətindir. Buna görə də İkinci dünya müharibəsində şərəfli döyüş yolu keçmiş
Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla
çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə
vətənpərvərlik nümunəsi olacaqdır. Ümummilli lider Heydər Əliyev Böyük
Vətən müharibəsində Qələbənin 50 illiyi münasibətilə keçirilən təntənəli
gecədəki nitqində bu barədə demişdi: "Bu Qələbənin çalınmasında
Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının
nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən
biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi
Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar
əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki,
əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o
qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi... O vaxtlar Azərbaycan alimləri
tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira
olunaraq, respublikamızda istehsal edilirdi..."

Müstəqilliyimizin ilk vaxtlarında hakimiyyətdə olan AXC-Müsavat cütlüyü
Azərbaycan xalqının Böyük Vətən müharibəsində yazdığı qəhrəmanlıq
salnaməsini silməyə, üzərinə kölgə salmağa cəhd göstərmişdi. Baxmayaraq ki, o
illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü daha geniş miqyas alırdı və
qanlı döyüşlərdə müharibə veteranlarının döyüş təcrübəsindən və xüsusən,
mənəvi yardımından istifadə etmək mümkün idi. Hakimiyyətin öz
vətəndaşlarına belə etinasızlığı ahıl yaşlarında olan veteranların mənəvi
sarsıntısına gətirib çıxarmışdı. Müharibənin çətin sınaqlarına mərdliklə sinə
gərən, od-alovdan çıxan fədakar insanlar dövlətin nəinki diqqət və qayğısından
məhrum olmuş, hətta əsassız qınaqlarla, ittihamlarla üzləşmişdilər. 9 Mayın
Azərbaycan xalqının bayramı olmaması ilə bağlı aparılan təbliğat, böyük
qəhrəmanlığın üstündən xətt çəkmək niyyəti bütün cəmiyyətdə narazılıqla
qarşılanırdı.
1993-cü ildə Azərbaycan xalqının istək və tələbi ilə ulu öndər Heydər
Əliyev hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə yüksəlişə doğru dönüşün
əsasını qoyduğu kimi, 9 May - Qələbə Gününə və müharibə veteranlarına qarşı
əvvəlki hakimiyyətin cəmiyyətdə formalaşdırmağa cəhd göstərdiyi münasibəti
də birdəfəlik aradan qaldırıldı. Ulu öndər faşizm üzərindəki qələbənin və
müharibə veteranlarının gözdən salınmasına yönələn siyasətin cinayət olduğunu
bildirdi: "Tariximizi müəyyən dövrdə bir qüvvələr təhrif edirdi, son illərdə,
xüsusən, 1991, 1992, 1993-cü illərdə isə başqa cür təhrif etməyə başladılar.
Yenə də deyirəm, 1992-ci ildə eşitdik ki, bu qələbə bayramını Azərbaycanda
heç yerdə qeyd etmirlər. Mən təəccübləndim. Naxçıvanda biz veteranlarla
görüşdük, danışdıq, hazırlıq gördük və bayramı qeyd etdik. Sonra mən
araşdırmağa başladım ki, bəs, bunu niyə qeyd etmirlər? Bildirdilər ki, o vaxt
hakimiyyətdə olan adamlar deyirdilər ki, bu, Vətən müharibəsi, qələbə deyil. O
vaxt mən də ordan-burdan eşidirdim, bəziləri deyirdilər ki, faşistlər gəlib
Azərbaycanı tutsaydı, yaxşı olardı. Belə sözlər də danışanlar var idi. Yəni, belə
ideoloqlar meydana çıxmışdılar və tarixi təhrif edirdilər. Axı, bundan da böyük
cinayət ola bilməz".
Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra 9 May - Qələbə Gününün
rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsi, müharibə veteranlarına
diqqət və qayğının artırılması, imtiyazların verilməsi, cəmiyyət həyatında aktiv
iştirak etmələrinə imkanların yaradılması onların həyat, qurub-yaratmaq eşqini
daha da gücləndirdi. Heydər Əliyev hər il müharibə veteranları ilə görüşər,
onların qayğıları ilə maraqlanar, problemlərinin yoluna qoyulması üçün tapşırıq
və göstərişlərini verərdi. Məhz ulu öndərin hakimiyyətə qayıdışından sonra
ölkəmizin inkişaf yoluna qədəm qoyması sayəsində müharibə veteranlarına
mənzil, avtomobil verilməsi sosial siyasətin əsas istiqamətlərindən birinə
çevrildi.

Ulu öndər Heydər Əliyevin müharibə veteranlarına diqqət və qayğısını
Prezident İlham Əliyev layiqincə davam etdirir. Faşizm üzərində tarixi
Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur.
Prezident İlham Əliyev hər il Qələbə günündə görkəmli sərkərdə, xalqımızın
rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı
Həzi Aslanovun, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad
edir, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə
təbrik edir. Dövlət başçısının müharibə veteranlarının sosial müdafiəsinin
gücləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar,
yubiley medallarının təsis edilməsi cəmiyyətdə böyük razılıqla qarşılanır. Hələ
2005-ci ildə Heydər Əliyev Fondunda keçirilən Böyük Vətən müharibəsində
Qələbənin 60 illik yubileyinə həsr olunmuş mərasimdə Azərbaycan Prezidenti
İlham Əliyev demişdi: "İstəyirəm biləsiniz ki, mən veteranlara bundan sonra da
böyük qayğı ilə yanaşacağam. Sizin böyük xidmətləriniz olubdur, böyük yol
keçmisiniz. Azərbaycan üçün, dövlətimizin inkişafı üçün böyük töhfələr
vermisiniz. Hər bir vətəndaş, hər bir insan, xüsusilə, vəzifəli şəxs sizə böyük
diqqət və qayğı göstərməlidir. Mən tabeliyimdə olan bütün məmurlara da
tapşırmışam ki, sizin problemlərinizlə məşğul olsunlar, lazımi işləri görsünlər
ki, siz rahat yaşayasınız. Sizin buna haqqınız çatır. Siz Azərbaycan xalqının
rifahı naminə fədakarcasına çalışmısınız".
Azərbaycan övladlarının İkinci dünya müharibəsində göstərdikləri
qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsidir. Bu gün həmin müharibənin
iştirakçısı olan insanlara göstərilən böyük diqqət və qayğı isə Prezident İlham
Əliyevin mənəvi dəyərlərimizə bağlılığının, öz xalqının qəhrəmanlıq
salnaməsinə dərin ehtiramının və ulu öndərin ideyalarını yaşatmasının bariz
təcəssümüdür.

Qənbərova Dürrə
Saatlı rayonu Qırağlı kənd tam orta məktəbin müəllimi


Digər xəbərlər

0.2800669670105