Azərbaycanın Litva ilə əməkdaşlıq potensialı böyükdür

11:26 25-05-2023 | icon 739
Azərbaycanın Litva ilə əməkdaşlıq potensialı böyükdür

     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 22-də Litvaya  səfərinin nəticələri Azərbaycanın bu ölkə ilə əlaqələrinin müxtəlif sahələrdə inkişafı üçün yeni perspektivlər vəd edir. Litvanın dövlət başçısı ilə Prezident İlham Əliyev arasında keçirilən birgə və geniş tərkibdə görüşlər, mətbuata bəyanatlar, biznes forumda səsləndirilən fikirlər də bunun bariz ifadəsidir.

       Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini əks etdirir. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr bu gün Av­ropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bir sözlə, hökumət ölkədə investisiya fəaliyyətinin genişləndirilməsinə, biznes mühiti­nin yaxşılaşdırılmasına, sənaye is­tehsalının artırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə ciddi önəm verir. Bu istiqamətdə qarşıya qoyulan əsas hədəflər sərmayə qoyuluşlarının artırılması, sahibkarların ixrac potensialının gücləndirilməsi, investisiya imkan­larının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir.

Qeyd etdiyimiz kimi, son illərdə enerji layihələrinin coğrafiyasının genişləndirilməsi, şaxələndirmə siyasətinin iştirakçı dövlətlərin maraqları baxımından bir daha nəzərdən keçirilməsi, alternativ variantların gündəmə gətirilərək siyasi və iqtisadi əhəmiyyətinin beynəlxalq müzakirəyə çıxarılması bölgədə və dünya birliyində sabitlik və əmin-amanlığın möhkəmlənməsinə geniş imkanlar açır. Rəqabət qabiliyyəti baxımından MDB məkanında birinci olan Azərbaycanın iqtisadi uğurlarını təmin edən, regionda sülhün təminatı üçün səylərini artıran neft-qaz amilinin əhəmiyyəti bütün səviyyələrdə xüsusilə vurğulanır.

Ölkə Prezidenti bildirir ki, biz öz enerji təhlükəsizliyimizi çoxdan təmin etmişik və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq. Azərbaycanda enerji təhlükəsizliyi mövcuddur. Lakin, Azərbaycan ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətin günəş və külək enerjilərindən istifadə etmək niyyətindədir; Ötən ilin iyulunda Avropa Komissiyası və Azərbaycan Enerji sahəsində Strateji Tərəfdaşlıqla bağlı Anlaşma Memorandumunu imzaladılar. Onun əsasında 2027-ci ilə qədər Avropaya təbii qaz təchizatımızı iki dəfə artırmağı planlaşdırırıq. 2021-ci ildə Avropaya təbii qaz təchizatımız 8 milyard kubmetr olmuşdur, bu il isə 12 milyard kubmetr olacaq və 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılacaq. Bu rol müsbət roldur. Bunu bizim tərəfdaşlar qiymətləndirirlər. Azərbaycan heç vaxt öz enerji resurslarından başqa məqsədlər üçün istifadə etməmişdir. Bizim bu sahədəki fəlsəfəmiz və yanaşmamız ondan ibarətdir ki, enerji resursları əməkdaşlığı dərinləşdirməlidir, birliyi möhkəmləndirməlidir və əlbəttə ki, biz bu siyasəti apararaq öz milli maraqlarımızı təmin edirik. Bu gün həm bölgədə, həm dünyada bizim maraqlarımız təmin edilir.

 

Rahib Kərimov,

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru


Digər xəbərlər

0.2581000328064