Səttar Möhbalıyev: “Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın iradəsinin məhsulu idi”

19:12 25-05-2023 | icon 979
Səttar Möhbalıyev: “Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın iradəsinin məhsulu idi”

“Azərbaycan xalqı dünyanın ən qədim xalqlarından olmaqla bəşər tarixində
özünəməxsus yer tutur. Sahib olduğu mədəniyyəti, zəngin ədəbiyyatı, böyük
dövlətçilik ənənələri şərəfli tariximizin şərəfli səhifələrini yazıblar. Bu gün hər
bir azərbaycanlı öz tarixini öyrəndikcə ata-babalarımızın Vətən üçün, xalq üçün
etdiklərindən qürur duyur və onlardan nümunə götürür. Məhz onların min bir
əziyyətlə qurub-yaratdığı Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular və s.
dövlətlər, eləcə də Səfəvilər imperiyası orta əsr dünyasının ən əzəmətli
dövlətlərindən hesab olunur. Azərbaycan tarixinin şanlı səhifələrindən biri də
xalqımızın uzun illər milli-azadlıq mübarizəsi apararaq 1918-ci il mayın 28-də
öz müstəqil dövlətini yaratmasıdır. Bununla Azərbaycan xalqı azad yaşamaq
əzmini nümayiş etdirdi”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
“Bu, həmin dövrün son dərəcə müasir dövləti idi və ən əsası isə Şərqdə ilk
demokratik respublika kimi dünya tarixinə düşüb. Həmçinin Azərbaycan Xalq
Cümhuriyyəti hüquqi, dünyəvi və parlamentli respublika idi. Bütün bu
göstəricilərinə görə Azərbaycan hətta bir sıra Avropa dövlətlərini belə geridə
qoyurdu. Xalqın hakimiyyətini və insanların bərabərliyi prinsipini əsas götürən
Cümhuriyyət öz vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi
bərabərsizliyi aradan qaldırdı və bu addımı atan ilk dövlətlərdən oldu. Bununla
bir daha aydın olur ki, Azərbaycanda tolerantlıq, birgəyaşayış mədəniyyətinin
kökləri daha qədimdir. Həmçinin vacib qərarlardan biri də şərqdə ilk dəfə
qadınlara səsvermə hüququnun verilməsi idi. Baxmayaraq ki, ABŞ-da 1920-ci
ildə, Fransa isə 1944-cü ildə qadınlar səsvermə hüququ əldə edib. Odur ki,
Azərbaycan qadını bu hüququ dünyanın ən qabaqcıl ölkələrinin qadınlarından
daha əvvəl qazanıb”, - Milli Məclisin deputatı bildirib.

AHİK sədri qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti çox qısa - cəmi 23 ayyaşamasına baxmayaraq, xalqımızın həyatında və tarixində dərin iz qoydu:

“İlk parlament, hökumət yaradıldı, dövlət atributları təsis olundu, ana dili dövlət dili
elan edildi, hərbi hissələr quruldu, sərhədlər müəyyənləşdi, müstəqil
dövlətimizin dünya dövlətləri tərəfindən tanınması istiqamətində mühüm işlər
görüldü. 1920-ci ilin yanvarında Azərbaycanın dövlət müstəqilliyinin böyük
dövlətlər tərəfindən de-fakto tanınması imkan verdi ki, bolşevik işğalından
sonra Azərbaycan bir dövlət kimi dünya xəritəsindən silinməsin. Bir sözlə,
Cümhuriyyət üzərinə düşən vəzifələri şərəflə yerinə yetirdi, xalqın milli mənlik
şüurunu özünə qaytardı, xalqımızın öz müqəddəratını təyin etmək bacarığını
ortaya qoydu”.
Səttar Möhbalıyev vurğulayıb ki, hərbi müdaxilə yolu ilə Azərbaycan Xalq
Cümhuriyyəti süquta etsə də, onun ideyaları xalqın yaddaşından silinmədi,
azadlıq arzusu ilə yaşadı və əmin idi ki, bu istək bir gün yenidən reallaşacaq:
“Üstündən 70 il keçəndən sonra yenidən üçrəngli və ay-ulduzlu bayrağımız
Vətən göylərində pərvazlandı, bir daha xalqımız azad, müstəqil dövlətinə sahib
oldu. Müstəqilliyin ilk illəri çox ağır keçdi, hətta onu itirmək, daha ağrılısı isə
Azərbaycanın parçalanması təhlükəsi ilə üz-üzə qaldıq. Bu dəfə də müdrik
xalqımız iradə nümayiş etdirərək özünün böyük oğlu Heydər Əliyevi dövlət
başına gətirdi və bunla da ölkəmizin başı üstünü almış təhlükə sovuşdu,
müstəqilliyimiz möhkəmlənməyə başladı. Bu gün Azərbaycan Ulu Öndərin
layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövlətinə
çevrilib, dünyanın əhəmiyyətli ölkələrindən hesab olunur. Prezident İlham
Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi
dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi”.


Digər xəbərlər

0.25884914398193