Ulu Öndərimiz xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytardı

19:17 25-05-2023 | icon 721
Ulu Öndərimiz xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytardı

                Ulu Öndər Heydər Əliyev demişdir: “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.” Bu, doğrudan da belədir, zaman özü bunu təsdiqləyib. Məhz zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.

          1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.

İlk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş

Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir. Ulu Öndərin xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, polad iradəsi, mərdanə qətiyyəti, həssas qəlbi, möhkəm səbri, çox hövsələliyi, ədalətli olması, həmişə obyektiv mövqe tutması, yüksək intellekti və ziyalı mövqeyi, dolğun tədbirliliyi və analitik təfəkkürü, sadə davranışı bir dövlət başçısı kimi onun ən yüksək keyfiyyətlərdəndir.

Ulu Öndər Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

Fizuli Cəfərov,

Vətən müharibəsi iştirakçıları və

şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri


Digər xəbərlər

0.305743932724