Səttar Möhbalıyev: “Qardaş Türkiyədə xalqın iradəsi və demokratiya zəfər çaldı”

06:29 29-05-2023 | icon 714
Səttar Möhbalıyev: “Qardaş Türkiyədə xalqın iradəsi və demokratiya zəfər çaldı”

“Türkiyədə baş tutan parlament seçkiləri, eyni zamanda prezident seçkilərinin hər
iki turu qardaş ölkədə dərin kök salan demokratiyanı bir daha göstərdi. Və sübut
etdi ki, Türkiyə cəmiyyəti son dərəcə demokratdır, bu ölkənin vətəndaşları yüksək
siyasi mədəniyyətə sahibdir. Seçkilərə hazırlıqlar başlayandan prosesin sonunadək
bütün işlər qanun çərçivəsində, demokratik prinsiplər üzərində quruldu, siyasi
bloklara və partiyalara, namizədlərə bərabər imkanlar yardıldı, türkiyəli
qardaşlarımız sərbəst şəkildə öz seçimlərini etdilər. Seçicilərin fəallığı da ölkə
vətəndaşlarının məsuliyyətindən, dövlətə, vətənə olan sevgilərindən xəbər verir.
Ümumiyyətlə, həm seçkilərin keçirilməsi prosesi, həm də onun nəticələri bizə
deməyə əsas verir ki, qardaş ölkədə demokratiya, haqq-ədalət zəfər çaldı”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, heç bir məkirli beynəlxalq siyasi dairə Türkiyə xalqının
iradəsinə təsir edə bilmədi: “Qardaş ölkənin vətəndaşları tərəqqini, inkişafı,
sabitliyi, əmin-amanlığı seçdi. Son 20 ildə Türkiyə böyük inkişaf yolu keçib,
dünyada yüksək nüfuz qazanıb. Əminliklə ifadə edə bilərik ki, hazırda Türkiyə
dünya siyasətinin mühüm tərəfini təşkil edir, lider dövlətlər arasında öz yerini
tutub. Hərbi qüdrəti isə müzakirəolunmazdır. Son illərdə hərbi müdafiə
potensialının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Artıq qardaş
ölkənin yerli hərbi sənayesi Ordunun silah-sursata olan tələbatının 80 faizini
ödəyir, bu, kifayət qədər yüksək göstəricidir. Həmçinin istehsal etdiyi pilotsuz uçuş
aparatları, pilotsuz döyüş təyyarələri, tankları ilə düşmənlərinin gözünü qamaşdırır.
Bundan başqa, gəmi, helikopter, avtomobil istehsalına da başlanılıb. Türk xalqı öz

seçimi ilə bu uğurlara cənab Rəcəb Tayyib Ərdoğanın sayəsində nail olduğunu
bütün dünyaya sübut etdi”.

“Cənab Rəcəb Tayyib Ərdoğan hər zaman Azərbaycana bütün məsələlərdə dəstək
olub, həmrəylik nümayiş etdirib. Eyni zamanda iki ölkə arasında münasibətlərin bu
zirvəyə yüksəlməsində, əlaqələrin genişlənməsində onun xidmətləri danılmazdır.
Yeri gəlmişkən, Azərbaycanın qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi
başlayan ilk saatlardan bizə qardaş ölkədən dəstək mesajları gəlməyə başladı.
Türkiyə Prezidenti şəxsən ifadə etdi ki, Azərbaycanın yanındayıq. Bu mənəvi
dəstək Azərbaycanın gücünə əlavə güc qatdı. Qələbəmizə bizim qədər sevindi,
dəfələrlə ölkəmizə gəldi, Zəfər paradında, Füzulidə, Zəngilanda hava limanlarının
açılış mərasimlərində iştirak etdi. Bu yalnız təmannasız qardaşlıq nümunəsidir.
Həmçinin cənab Rəcəb Tayyib Ərdoğan Türkdilli ölkələrin bir-birinə
yaxınlaşmasına, həmrəyliyinə, təşkilatlanmasına əhəmiyyətli töhfələr verib”, -
Milli Məclisin deputatı bildirib.

“Böyük qürur hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev və
qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə iki türk dövləti -
Azərbaycan və Türkiyə dünya dövlətləri içərisində böyük söz sahibidir, beynəlxalq
münasibətlər sistemində özünəməxsus yer tuturlar, bayraqları ən mötəbər regional
və beynəlxalq təşkilatların qarşısında əzəmətlə dalğalanır. Eləcə də hər iki ölkənin
dünya miqyasında olan nüfuzu imkan verir ki, onlar qlobal məsələlərin həllində
yaxından iştirak etsin, mürəkkəb və gərgin proseslərin aradan qaldırılmasında
vasitəçi olsunlar. Bunlar günümüzün reallıqlarıdır. Qəti şəkildə inanırıq ki,
Azərbaycan və Türkiyənin bütün sahələrdə daha böyük uğurları, naliyyətləri hələ
qarşıdadır. Bu əminliyi xalqlarımız müdrik qərarları və düzgün seçimləri ilə
möhürləyiblər”, - AHİK sədri vurğulayıb.


Digər xəbərlər

0.26940894126892