Səttar Möhbalıyev: “Laçına qayıdan sakinlərin üzündəki sevinc hissi hər birimizi duyğulandırdı”

20:49 30-05-2023 | icon 745
Səttar Möhbalıyev: “Laçına qayıdan sakinlərin üzündəki sevinc hissi hər birimizi duyğulandırdı”

“Hazırda biz bir zamanlar arzuladığımız günlərin xoşbəxtliyini yaşayırıq.
Ermənistan işğalı altında qalmış, tamamilə dağıdılmış Şərqi Zəngəzurumuz və
Qarabağımız azaddır, yenidən dirçəlir, öz sakinlərini qarşılayır. Bu günləri biz
uzun illər gözlədik, inamımızı itirmədik. Əmin idik ki, dövlətimizin başçısı cənab
İlham Əliyevin rəhbərliyi ilə xalqımızın bu ağrılı problemi bir gün bizim
qələbəmizlə başa çatacaq. Yenilməz Orduya, güclü iqtisadiyyata malik olan
Azərbaycan cəmi 44 günə işğalçı ordunu məhv etdi. Müharibədən sonra dünya
ictimaiyyəti bir daha anladı ki, ermənilər o torpaqlarda yaddır, sadəcə işğalçıdırlar
və uzun illər dünyanı aldatmağa çalışıblar. Onların işi yalnız talançılıq və
vandalizm olub, hər şeyə oğru gözü ilə baxıblar. Bu gün isə Azərbaycan həmin
əraziləri yenidən qurur, çünki özünə məxsusdur, öz torpaqlarıdır. Cocuq
Mərcanlıdan start götürən “Böyük Qayıdış” proqramı Ağalı və Talış kəndlərinin
ardından bu gün Laçın şəhərində davam edir”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.

“Mayın 28-də - Müstəqillik Günündə Laçın şəhəri öz doğma sakinlərinə qucaq
açdı, bayram bayrama qarışdı. Bu təkcə laçınlılar deyil, həm də bütün
azərbaycanlılar üçün ikiqat bayram oldu və hər birimizi qürurlandırdı.
Dövlətimizin əsas strateji hədəflərindən biri işğaldan azad olunmuş bütün əraziləri
bərpa etmək və sakinləri ata yurduna qaytarmaqdır. Bu istiqamətdə sürətli və
sistemli iş aparılır və bütün proses bilavasitə Prezident İlham Əliyevin
nəzarətindədir. Onun bölgəyə hər səfəri bizim üçün yeni müjdələrdən xəbər verir.
Təbii ki, qısa müddət ərzində bu qədər işləri görmək, sakinlərin bir qismini oraya
köçürmək ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Dövlətimizin başçısının
Laçın şəhərinə qayıdan əhali ilə görüşü zamanı ifadə etdiyi kimi, cəmi 7-8 ay ərzində şəhərdə möhtəşəm işlər görülüb, evlər, binalar inşa edilib. Sakinlərin rahat və xoşbəxt yaşaması üçün hər cür şərait yaradılır. Prezidentimiz sakinlərə evlərinin açarlarını təqdim edərkən onların üzlərində olan sevinc, fərəh hissi, Vətən sevgisi,
sözsüz ki, hər birimizi həm qürurlandırdı, həm də duyğulandırdı. Həqiqətən də,
məcburi köçkün həyatı yaşamış bacı və qardaşlarımız çətin günlərdən keçdilər,
əzab-əziyyətlərə qatlaşdılar, lakin ümidlərini itirmədilər. Bu gün isə artıq
çətinliklər arxada qalıb, onlar üçün yeni xoşbəxt və firavan həyat başlayır”, -
AHİK sədri bildirib.
AHİK sədri Səttar Möhbalıyev Prezidentin çıxışında bəzi məqamlara diqqət çəkib:
“Dövlətimizin başçısı qeyd etdi ki, separatizmin kitabı bağlanıb. Ona görə hələ də
bu düşüncədə olanlar yanılırlar. Onlar baş verənlərdən yaxşı dərs çıxarmalı və
reallığı qəbul etməlidirlər. Azərbaycan ərazisində yaşayan xalqlar bu ölkənin
vətəndaşlarıdır, onların bütün hüquqlar ən ali səviyyədə təmin edilir və xoşbəxt
yaşayırlar. Azərbaycan hər zaman sülhün tərəfdarı olub və Ermənistanla sülh
müqaviləsinin imzalanması naminə səylə çalışır. Ermənistan tərəfi də bilməlidir ki,
sülh onlar üçün daha vacibdir. Bu, onların düşdüyü ağır sosial-iqtisadi və siyasi
vəziyyətdən yeganə çıxış yoludur”.


Digər xəbərlər

0.23805999755859