Etibarlı əməkdaşlıq əlaqələri

12:55 02-06-2023 | icon 2391
Etibarlı əməkdaşlıq əlaqələri

Mayın 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasına
rəsmi səfərə gəlib. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail
Dövlətinin Prezidenti İsxak Hersoq ilə təkbətək və geniştərkibli görüşləri olub, iki dövlət
arasında bir sıra sənədlər imzalanıb, mərasimin sonunda Prezidentlər mətbuata bəyanatla
çıxış ediblər. Qeyd edilib ki, İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri
ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. Səfər ikitərəfli əlaqələrimizi
daha da gücləndirəcəkdir.
Bu gün Azərbaycan və İsrail arasında çox fəal siyasi dialoq və etibarlı əməkdaşlıq
əlaqələri vardır. Cari ildə İsraildə Azərbaycan səfirliyinin açılması faktı əlaqələri daha
yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş
imkanlar yaradacaqdır.
Ölkələrimiz arasında ticarət dövriyyəsi 1,7 milyard ABŞ dollarından çoxdur. Növbəti
illərdə ticarət dövriyyəsinin şaxələndirilməsi qarşıda duran məqsədlərdəndir. Uzun illərdir
ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da enerji
sahəsində sıx əməkdaşlığı nümayiş etdirir. İnterkonnektorların yaradılması və üçüncü
ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar mövcuddur.
Yaxın gələcəkdə ölkələr arasında irriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə
layihələr reallaşdırılacaqdır. Azərbaycan İsrailin müsbət təcrübəsindən istifadə etmək və
ixrac bazarını şaxələndirmək niyyətindədir. Bu təcrübə ölkəmizə böyük mənfəət əldə
etməyə kömək edəcəkdir.
Xüsusi olaraq qeyd edilib ki, Azərbaycan və İsrail arasında müdafiə sənayesi sahəsində
uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın uzun illərdir ki, bu sahədə
İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə
kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi
bütövlüyümüzü müdafiə etməyə imkan yaradır. İsraildən alınan silah və digər avadanlıqlar
44 günlük Vətən müharibəsi günlərində özünü ən yaxşı tərəfdən göstərmişdir. 
Məlumdur ki, Azərbaycanda Yəhudi icması əsrlər boyu yaşayıb. Bu, bizim ölkənin
böyük dəyəridir, yəhudi icmasının üzvləri - Azərbaycan vətəndaşları ölkəmizin müasir
inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır. Azərbaycanda yaşayan yəhudi
qardaşlarımız bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər
azlıqların nümayəndələri ilə birgə vuruşublar.
İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm
rol oynayırlar. Bizim dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir
ölkədə, İsraildə bu təşkilat əsasən Azərbaycandan İsrailə köçmüş yəhudi mənşəli
insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş
etdirir. Onların iki ölkə arasında döstluq əlaqələrinin möhkəmləndirilməsi işlərində böyük
əməkləri vardır.
İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri iki ölkə arasında
əməkdaşlığın daha da möhkəmlənməsi, genişlənməsi üçün mühüm əhəmiyyət kəsb edir
və digər sahələrdə də əməkdaşlığın genişlənməsinə təkan olacaqdır.
Hüseynov Vüqar.
Saatlı rayonu Nabatkənd kənd tam orta məktəbin İngilis dili müəllimi


Digər xəbərlər

0.2595489025116