Səttar Möhbalıyev “Avropa Azərbaycanın regionda vacib ölkə olduğunu qəbul edir”

14:50 02-06-2023 | icon 748
Səttar Möhbalıyev “Avropa Azərbaycanın regionda vacib ölkə olduğunu qəbul edir”

“Bu gün Azərbaycan əlverişli coğrafi mövqeyi, regional və beynəlxalq nəqliyyat
yollarının üstündə yerləşməsi, təbii resursları, iqtisadi gücü, müəllifi olduğu
layihələrin əhəmiyyəti ilə dünyanın diqqət mərkəzindədir. Bu gün dünyanın siyasi
xəritəsində elə bir Azərbaycan var ki, onun dəstəyi olmadan, rəyi nəzərə alınmadan
hər hansı regional prosesləri müzakirə və həll etmək mümkün deyil. Məhz o
səbəbdəndir ki, istənilən mövzulu qlobal danışıqların aparıldığı platformalarda
ölkəmiz mütləq təmsil olunur və əsas söz sahibi kimi çıxış edir. Təbii ki,
Azərbaycana bu statusu qazandıran Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu
siyasi strategiya və dövlətimizin başçısı cənab İlham Əliyevin müdrik
idarəçiliyidir. Vaxtı ilə kimlər üçün utopik görünən, həyata keçməsinə hətta ən
peşəkar ekspertlərin tərəddüdlə yanaşdığı layihələr bu gün dünyada meydan
oxuyur. Cənab İlham Əliyev özünün qətiyyəti, səriştəsi, siyasi bilik və bacarığı ilə
Azərbaycanı müasir dünyanın yeni çağırışlarına tam cavab verən ölkəyə çevirməyi
bacarıb”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
“İyunun 1-də Moldovanın paytaxtı Kişineuda “Avropa siyasi birliyi” 2-ci Zirvə
toplantısının açılış mərasimi keçirildi və dövlətimizin başçısı cənab İlham Əliyev
də tədbirdə iştirak etdi. Qeyd edim ki, müzakirə predmetinə nəzər saldıqda aydın
bəlli olur ki, sülh və təhlükəsizliyin təmin edilməsi, enerji təhlükəsizliyinin
gücləndirilməsi məsələləri ölkəmiz üçün də son dərəcə aktualdır və bu sahələr
Azərbaycan üçün prioritet təşkil edir. Xatırladım ki, uzun illər Ermənistanının işğal
siyasətinə məruz qalmış, separatizmdən əziyyət çəkmiş Azərbaycan durmadan dünyaya çağırış edirdi, sülh və təhlükəsizlik naminə səylər göstərirdi. Bəyan edirdi ki, beynəlxalq hüququn prinsiplərinin pozulması, ikili yanaşmalar, laqeyd münasibətlər daha acı nəticələrə və qlobal münaqişələrə səbəb ola bilər. Bu gün
artıq dünya, o cümlədən Avropa bu problemlə üz-üzədir, ağır fəsadları getdikcə
genişlənir. Odur ki, bütün bunlar Azərbaycanın vaxtı ilə nə qədər haqlı olduğunu
bir daha ortaya qoymuş oldu”, - AHİK sədri bildirib.
“Gündəlikdəki enerji təhlükəsizliyi məsələsinə gəldikdə isə Azərbaycan bu sahənin
önündə gedir. Məlumdur ki, hazırda Avropada enerji böhranı yaşanır və ölkəmizin
yüksək dəqiqliklə müəyyənləşdirilmiş enerji siyasəti bu böhranın aradan
qaldırılmasında əsas rol oynamaqdadır. Sözsüz ki, bu cür uğurlu siyasət yürüdən,
effektli layihələrin təşəbbüskarı olan Prezident İlham Əliyevin “Avropa siyasi
birliyi”nin zirvə toplantısında iştirakı, mövzu üzrə Azərbaycanın təcrübəsinin
öyrənilməsi labüd idi”, - Milli Məclisin deputatı vurğulayıb.
AHİK sədri əlavə edib ki, dövlətimizin başçısının Kişineuya səfəri çərçivəsində
Moldova Prezidenti Maya Sandu, baş nazir Dorin Reçan və Ukrayna Prezidenti
Volodimir Zelenski ilə görüşlər keçirməsi və ikitərəfli məsələlərin müzakirə
olunması bu ölkələrlə Azərbaycanın əlaqələrinin inkişafı baxımdan əhəmiyyətlidir.


Digər xəbərlər

0.32137489318848