“Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirdi

06:02 03-06-2023 | icon 813
“Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirdi

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli”
yataqlarının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay
bölgüsünə dair sazişin imzalanması ilə Azərbaycanın neft sənayesinin qapıları xarici
sərmayələrin üzünə açıq elan olundu. “Gülüstan” sarayında keçirilən imzalanma
mərasimində çıxış edən görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri,
Azərbaycanın yeni neft strategiyasının müəllifi Heydər Əliyev bu mühüm hadisənin
əhəmiyyətini qeyd edərək deyib: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün,
dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni
imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən
böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya
iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu
müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün
böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin
yaradırıq”.
Yeni neft strategiyasının başlanğıcı sayılan “Əsrin müqaviləsi” ölkəmizə yüksək
işgüzarlıq, təşəbbüskarlıq ab-havası gətirdi. Ölkə iqtisadiyyatının böhran
məngənəsindən çıxarılmasına səbəb olan müqavilə həm də neft sənayesi
infrastrukturunun xeyli yaxşılaşdırılmasına imkan yaratdı. Digər tərəfdən, “Əsrin
müqaviləsi” sonralar dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin
imzalanmasına yol açaraq, ilk növbədə, Azərbaycanın inkişafında və xalqımızın
rifahının yüksəlməsində mühüm rol oynadı. “Əsrin müqaviləsi” Azərbaycanın bir dövlət
kimi siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına, dünya iqtisadi sisteminə
qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə əlverişli şərait
yaratdı.
Görkəmli dövlət xadimi Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyasının
reallaşdırılmasında onun ən yaxın silahdaşı məhz o zamanlar Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan İlham Əliyev idi. Həmin dövrdə
Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin
rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan İlham Əliyev xalqımızın milli
maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə olunması üçün gərgin əmək sərf
edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “1994-cü ildə “Əsrin
müqaviləsi” imzalanarkən bəziləri bunun uğuruna inanmırdı və hesab edirdilər ki,
müqavilə elə kağız üzərində qalacaq. Çünki onun həyata keçirilməsi üçün təkcə iqtisadi
deyil, eyni zamanda, siyasi və coğrafi siyasi məsələlər öz həllini tapmalı idi. Heydər
Əliyevin neft strategiyası və Heydər Əliyev diplomatiyası qarşımızda duran bütün
məsələlərə nail olmaq üçün imkan yaratdı”.

Həqiqət Həziyeva
Saatlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor v.m.i.e.


Digər xəbərlər

0.36985087394714