Bakıda “Təhlükəsiz idman hamı üçün” mövzusunda forum təşkil olunub

17:58 08-06-2023 | icon 944
Bakıda “Təhlükəsiz idman hamı üçün” mövzusunda forum təşkil olunub

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) Beynəlxalq Olimpiya Komitəsinin tələb və tövsiyələrinə uyğun olaraq “Təhlükəsiz idman” mövzusunda maarifləndirmə və təbliğat işləri ilə bağlı yeni layihəyə start verib.

MOK-un inzibatı binasında “Təhlükəsiz idman hamı üçün” mövzusunda forum təşkil olunub.

Forumda “Təhlükəsiz idman”a aid filmlər silsiləsi, görülmüş digər işlər və gələcək planlar təqdim edilib. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə “Təhlükəsiz idman”ın idman siyasətində yeri və rolu, bu istiqamətdə görülmüş işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib, milli federasiyalarda təhlükəsiz üzrə nümayəndənin olmasının vacibliyini diqqətə çatdırıb. Sonra mövzu ilə bağlı təqdimatlar gerçəkləşib.

MOK-un beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov, Azərbaycan Milli Antidopinq Agentliyinin təhsil şöbəsinin müdiri Lalə Hacıyeva, Azərbaycan Elektron İdman Növləri Federasiyasının prezidenti Adil Mahmudov, “İdman Azərbaycan” kanalının baş direktoru Rövşən Binnətli, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov və digərləri çıxış edərək bildiriblər ki, idmanda nailiyyət əldə etmək üçün yalnız davamlı məşq yetərli deyil, gücün, rəqabətin, əzmin, qələbənin rəmzi olan idmançılara xüsusi yanaşma olmalıdır. İdmançı üçün tam təhlükəsiz və özünü rahat hiss edə biləcəyi mühit çox vacibdir.

IOC və Avropa Olimpiya Komitəsi təhlükəsiz idman məsələsi ilə bağlı federasiyaların yerli Milli Olimpiya komitələri ilə sıx əməkdaşlıq etməsində maraqlıdır və bu istiqamətdə aparılan təbliğat-təşviqat işlərini dəstəkləyir.

Sonra IOC-un prezidenti Tomas Bax, Avropa Olimpiya Komitəsinin üzvü Gianluca De Angelis və IOC-un MOK-lar üzrə əlaqələndirci meneceri Evanqelis Aleksandrakisin Azərbaycanda “Təhlükəsiz idman” ilə bağlı görülən işlərdən bəhs edən müsahibəsi təqdim olunub.

Tədbir zamanı Azərbaycanda federasiyalarda təhlükəsiz idmanla bağlı vəziyyətə dair aparılan sorğunun nəticələri də açıqlanıb.

MOK “İdman Azərbaycan” telekanalı ilə bir yerdə “Təhlükəsiz idman” mövzusunda beş qısametrajlı film hazırlayıb. Filmlər dopinq, e-idman, manipulyasiya, cinsi təzyiq və təhlükəsiz idman mövzularını əhatə edir. Hazırlanan silsilə qısametrajlı filmlərin də başlıca məqsədi BOK-un təlimat və qaydalarına uyğun olaraq müvafiq sahədə maarifləndirmə aparmaqdır. Bu maarifləndirmə BOK və Avropa Olimpiya Komitəsinin nümayəndələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.


Digər xəbərlər

0.3183650970459