Səttar Möhbalıyev: “Milli Qurtuluş Gününün mahiyyəti hazırkı qüdrətli Azərbaycandır”

13:52 14-06-2023 | icon 440
Səttar Möhbalıyev: “Milli Qurtuluş Gününün mahiyyəti hazırkı qüdrətli Azərbaycandır”

“İnkişaf etmiş, güclü, əzəmətli hər bir dövlətin əsasında lider faktoru dayanır.
Məhz həmin şəxslərin müəyyən etdiyi strategiya dövlətin yaranmasından tutmuş
inkişafının ən pik nöqtəsinədək təməl rolunu oynayır, dövr nə qədər dəyişsə də,
öz mahiyyətini itirmir, bütün müasir çağırışlara cavab verir, xalqının
xoşbəxtliyini və dövlətinin qüdrətini təmin edir. Həmin şəxslər geniş düşüncəli,
hərtərəfli inkişaf etmiş, xalqının psixologiyasını dərindən bilən, onu böyük
məhəbbətlə sevən və arxası ilə aparmağı bacaran insanlardır. Yalnız bu zaman
vətən və xalq naminə müəyyən edilmiş hədəflərə çatmaq mümkündür.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev məhz bu keyfiyyətlərə sahib
olduğu üçün bu gün şanı-şöhrəti bütün dünyaya yayılmış müasir Azərbaycan
dövlətini qura bildi”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Ulu Öndər hələ gənc yaşlarında fəaliyyətə başladığı
andan milli hisslərlə yaşadı, öz xalqını düşündü, mənalı və şərəfli ömrünü bu
yolda xərclədi: “Hazırda 30-cu ildönümünü qeyd etdiyimiz 15 İyun - Milli
Qurtuluş Gününə qədər Heydər Əliyev xalqımızın həyatında və tarixində
əhəmiyyətli işlər görmüşdü. Vətənini və xalqını azad və xoşbəxt görmək arzusu
onun bütün siyasi fəaliyyətinin önündə gəlib. Hətta sovet imperiyasının ən sərt
qadağaları belə onu bu istəklərindən uzaqlaşdıra bilməyib. Qeyd edim ki,
Təhlükəsizlik Komitəsindəki fəaliyyəti zamanı o, Azərbaycan xalqının milli
mənafeyini qorumağa, onun azad düşüncəli oğul və qızlarını əsassız təqiblərdən
xilas etməyə çalışıb, milli kimliyin, milli şüurun inkişafının təmin edilməsinə
xüsusi əhəmiyyət verib. Onun rəhbərliyi altında Azərbaycan həmişə inkişaf edib, müəyyən olunmuş hədəflərə nail olunub. O, sovet Azərbaycanına rəhbər gələrkən respublikamızdakı vəziyyət hamıya məlumdur. Yalnız aqrar ölkə kimi
tanınan Azərbaycan qısa müddət ərzində inkişaf etmiş sənaye ölkəsinə çevrildi.
Elə bir sahə yox idi ki, onun diqqətindən kənarda qalsın, o cümlədən də
həmkarlar ittifaqları. Təbii ki, həmin dövrdə Heydər Əliyevin rəhbərliyi ilə
respublikamızın əldə etdiyi uğurları saymaqla qurtara bilmərik. Amma mənim
diqqət çəkdiyim əsas məqam həmin dövrdə Ulu Öndərin uzaqgörənliklə
Azərbaycanın müstəqillik yoluna tutduğu parlaq çıraq idi. O, tərəddüdsüz əmin
idi ki, Azərbaycan xalqı əsarətlə heç vaxt barışmaz, bu xalq mütləq bir gün azad
olacaq. Ona görə də Heydər Əliyev xalqının sarsılmaz iradəsinə arxalanaraq ən
ağır dönəmdə belə heç nədən çəkinməyərək strateji addımlar atır, Azərbaycanı
müstəqilliyə hazırlayırdı”.
“Həmin vaxt Heydər Əliyevin əsas diqqət yetirdiyi sahələrdən biri elm və
təhsil idi. O, yaxşı bilirdi ki, cəmiyyət savadlı, bilikli olarsa, mütləq inkişaf
edəcək, uğur qazanacaq. Bu səbəbdən Heydər Əliyev 15 mindən çox
azərbaycanlı tələbəni SSRİ-nin qabaqcıl ali məktəblərinə təhsil almağa
göndərdi, yüksəkixtisaslı mütəxəssislər yetişdirdi. Ölkəmiz müstəqillik əldən
etdikdən sonra peşəkar mütəxəssis, güclü kadr baxımından çətinliklə
üzləşməməsinin səbəbəbi də məhz həmin dövrdə təhsil sahəsinə ayrılan diqqət
idi. Ulu Öndər həmçinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdı, milli
zabit kadrların hazırlanmasına başlanıldı. Sovet dövrünə az-çox bələd olan
adam yaxşı anlayır ki, bu həmin vaxt üçün nə qədər cəsarətli addım idi və heç
kim belə bir məsuliyyətli işi öhdəsinə götürməyə risk etməzdi. Bunu yalnız
xalqının gələcəyini düşünən, həyatını Vətəninə həsr edən Heydər Əliyev kimi
dahi edə bilərdi”, - Milli Məclisin deputatı bildirib.
Səttar Möhbalıyev qeyd edib ki, 1990-cı il 20 yanvar hadisələri zamanı
Ulu Öndər xalqını tək qoymadı, qadağalara, əngəllərə baxmayaraq,
Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi, faciənin təşkilatçılarını dünya ictimaiyyət qarşısında ittiham etdi:

“Bu, həmin vaxt üçün son dərəcə cəsarətli addım idi. Ulu Öndər bir daha göstərdi ki, o, hər zaman
xalqı ilə birlikdədir, onunla həmrəydir, dar gündə də, şad gündə də öz xalqının
yanındadır. Heydər Əliyev həmçinin Naxçıvanda yaşayarkən xalqın milli-
azadlıq mübarizəsinə istiqamət verirdi. O, 1990-cı ilin iyul ayında Naxçıvanın
"Azadlıq" meydanında keçirilən mitinqdə çıxış edərək xalqı azadlıq, müstəqillik
uğrunda sonacan mübarizəyə səslədi. Bundan başqa, onun sədrliyi ilə Naxçıvan
parlamenti Muxtar Respublikanın adından "Sovet Sosialist" sözlərinin
çıxarılması, üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edilməsi barədə tarixi
qərarlar qəbul etdi”.
“Müstəqilliyimizin ilk illəri yaxın tarixdir, yaxşı xatırlayırıq. Dəhşətli
mənzərə idi, Azərbaycan oyuncaq dövlətə çevrilmişdi, qanunsuz silahlı dəstələr
özbaşınalıq edirdi, xaos, anarxiya hər tərəfi bürümüşdü. Müstəqilliyimizi
itirmək və ölkəmizin parçalanması təhlükəsi ilə üz-üzə qalmışdıq. Bir tərəfdən
də təcavüzkar Ermənistan dövləti torpaqlarımızı işğal etməkdə davam edirdi.
Demək olar ki, xalq dözülməz vəziyyətə düşmüşdü və çıxış yolu axtarırdı. Belə
şəraitdə xalqımızın müdrik qərarı Heydər Əliyev oldu. Kamil xalqımız Heydər
Əliyevin təcrübəsinə, siyasi bacarığına ürəkdən inanırdı. Heydər Əliyevin
Naxçıvandan Bakıya gəlməsi ilə xalqın düşdüyü vəziyyətdən qurtulmasının
əsası qoyuldu. Ulu Öndər xalqına arxalanaraq qısa müddətdə Azərbaycanı xilas
etdi, xalqımızın arzularını reallaşdırdı. Nəticə isə bugünkü qüdrətli
Azərbaycandır: regionun lideri, dünyada söz sahibi olan Azərbaycan. Ulu
Öndərin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyev dövlətimizi
daha da gücləndirdi, müstəqilliyini möhkəmləndirdi, Heydər Əliyevin yarımçıq
qalmış işlərini böyük peşəkarlıqla sona çatdırdı. Şərqi Zəngəzur və Qarabağ
onun komandanlığı altında Ermənistanın işğalından azad edildi, Azərbaycan
qalib dövlətə çevrildi. Bu gün xalqımızın hər bir nümayəndəsi öz Vətənində
xoşbəxt və əmin-amanlıq içində yaşayır”, - AHİK sədri əlavə edib.


Digər xəbərlər

0.28232407569885