Heydər Əliyev və ziyalı missiyası

17:26 16-06-2023 | icon 719
Heydər Əliyev və ziyalı missiyası

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən çox danışmaq olar. Ziyalılar ümummilli liderin dövlətçilik fəaliyyəti, ölkəmizin inkişafına verdiyi saysız töhfələrdən söz açmaq, dahi rəhbərlə bağlı xatirələrini bölüşmək üçün hər zaman ehtiyac duyurlar. Ulu öndərin səsləndirdiyi “Azərbaycan dünyaya bir günəş kimi doğacaq” fikrini xatırladıqca ölkəmizin sürətlə inkişaf etdiyini, iqtisadiyyatının daha da gücləndiyini, mədəniyyətimizin dünya miqyasında uğurla təbliğ olunduğunu görürük.

Ulu Öndər demişdir: “XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər.”

        Ulu öndərimiz söz, mətbuat azadlığı sahəsində də misilsiz xidmətlər göstərib. Azərbaycan mətbuatının gələcək inkişafının istiqamət və perspektivlərini müəyyənləşdirib, ölkədə çoxlu sayda müstəqil mətbuat orqanlarının fəaliyyətə başlamasına təkan verib. Ümummilli lider ölkənin demokratik inkişafında KİV-in rolunu çox yüksək qiymətləndirirdi. Müstəqil dövlətin qurulmasında KİV-in rolunu Heydər Əliyev çox gözəl bilirdi və hakimiyyətdə olduğu illər ərzində məsələyə daim həssaslıqla yanaşırdı. Bunu təsdiqləyən saysız-hesabsız faktlar vardır.

        Xalqın mənən, ruhən yüksəlişi üçün onun milli mədəniyyətini, mənəvi dəyərlərini yaradan şəxsiyyətləri qorumağın gərəkliyini yaxşı bilən Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi ilk illərdən Azərbaycanda yaradıcı ziyalıların - alimlərin, yazıçıların, incəsənət xadimlərinin, müəllimlərin nüfuzunu o zamana qədər görünməmiş bir miqyasda artırdı.      

       Ziyalılıq Heydər Əliyevin yürütdüyü idarəçilik siyasətinin mahiyyətində idi. Ötən əsrin 70-80-ci illərində Azərbaycan yazıçılarının, bəstəkarlarının, rəssamlarının və s. elə bir qurultayı olmamışdı ki, respublika əhəmiyyətli elə bir məsələ yox idi ki, respublika rəhbəri mütəxəssislərlə məsləhətləşməsin. Təsərrüfat işlərindən başlamış ən mürəkkəb ideoloji problemlərin həllinə qədər Heydər Əliyev məhz elmi yanaşma tərəfdarı idi. Onun həyata keçirdiyi bütün tədbirlər həm də gələcəyə hesablanmış təcrübə mənbəyi idi. Azərbaycanlı gənclərin SSRİ-nin mötəbər ali məktəblərində təhsil almasını təmin edəndə də, milli təhsilin keyfiyyətini yüksəltmək, miqyasını genişləndirmək, görkəmli fikir adamlarını respublikanın ictimai həyatında yaxından iştiraka cəlb edəndə də Ulu Öndər Azərbaycan ziyalılığının potensialını hərəkətə gətirir, yeni tipli ziyalı zümrəsinin formalaşmasının əsasını qoyurdu. Heydər Əliyev dövlət idarəedicisindən çox, millət qurucusu kimi fəaliyyət göstərirdi ki, bunu ancaq yüksək səviyyəli ziyalı təfəkkürü ilə etmək olardı.

 

Fərid Səmədov,

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası

Publik Hüquqi Şəxsin şöbə müdiri


Digər xəbərlər

0.24506402015686