Qusarda jurnalistlər arasında Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş voleybol üzrə Zəfər Kuboku keçiriləcək

17:50 19-06-2023 | icon 926
Qusarda jurnalistlər arasında Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş voleybol üzrə Zəfər Kuboku keçiriləcək
Qusar Olimpiya İdman Kompleksində jurnalistlər arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş voleybol üzrə Zəfər Kuboku keçiriləcək.
 
15-16 iyulda baş tutacaq yarış İdman Araşdırmalar Mərkəzi və Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin təşkilatçılığı, "Avrora Qrup"un baş sponsorluğu və Azərbaycan Voleybol Federasiyasının dəstəyi ilə gerçəkləşəcək.
 
Zəfər Kubokuna hər birində 6 oyunçu olmaqla, ümumilikdə 6 komanda qatılacaq. Komandaların adları son iki ildə keçirilmiş analoji turnirlərdəki kimi, işğaldan azad olunmuş rayon və şəhərlərdən ibarət olacaq. Bütün oyunçular baş sponsor tərəfindən formalarla təmin olunacaqlar.
 
Reqlamentə əsasən, 6 komanda hərəsində 3-ü olmaqla, A və B qruplarına bölünəcək. İyulun 15-də qrup oyunları keçiriləcək. Qruplarda ilk 2 yeri tutacaq komandalar ertəsi gün çarpaz üsulla yarımfinalda üz-üzə gələcəklər. Yarımfinal cütlərinin qalibləri finala, məğlublar isə 3-cü yer uğrunda görüşə çıxacaqlar.
 
Komandalar Qusar Olimpiya İdman Kompleksinin kotteclərində qalacaq, bütün səfər və qidalanma xərcləri "Avrora Qrup"un hesabına ödəniləcək.
 
İlk 3 yerin sahiblərinə müvafiq olaraq, qızıl, gümüş və bürünc medallar, qalibə isə Zəfər Kuboku təqdim ediləcək.
Qeyd edək ki, püşkatma mərasimi iyulun 7-də Bakıda gerçəkləşəcək.

Digər xəbərlər

0.27117681503296