Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir

10:11 20-06-2023 | icon 907
Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir

Pakistan İslam Respublikası Baş naziri Məhəmməd Şahbaz Şərifin iyun
ayının 15-də baş tutan Bakıya rəsmi dövlət səfəri həm ikitərəfli münasibətlər,
həm də bütövlükdə Avrasiyada proseslərin inkişafı baxımından əhəmiyyətlidir.
Hazırda Azərbaycan-Pakistan əlaqələri yüksələn xətt üzrə davam edir. Bu,
hərbi sahədən tutmuş energetika, iqtisadiyyat, mədəniyyət, siyasət də daxil
olmaqla bütün istiqamətlərdə müşahidə edilir. Bu əlaqələr təkcə dövlətlər yox,
həm də xalqlar arasında güclənir. Təsadüfi deyil ki, Azərbaycan xalqı Pakistana
olan münasibətini bu ölkənin bayrağının müxtəlif yerlərə asmaqla nümayiş
etdirir. Hətta Azərbaycan və Türkiyə qardaşlığına Pakistanın da qoşulması, iki
qardaşın müttəfiqliyinə üçüncü qardaşın da daxil olması perspektivi aydın
görünür. Bütün bunlar Azərbaycan və Pakistanın bir-birinin haqq işini
dəstəkləməsindən qaynaqlanır.
Pakistanın Azərbaycan üçün əhəmiyyəti təkcə ikitərəfli münasibətlərə deyil,
həm də 30 ilə yaxın müddətdə üzləşdiyimiz işğala qarşı mübarizəmizə verdiyi
dəstəyə də əsaslanır. Pakistan, Azərbaycan torpaqlarını işğal etdiyi üçün
Ermənistanla diplomatik əlaqələr qurmayan ölkədir. Bunu nə Azərbaycan
dövləti, nə də Azərbaycan xalqı unutmur. Bu yanaşma Pakistanın İslam
dünyasına verdiyi önəmin də bariz nümunəsidir. Bildiyimiz kimi, Türkiyə,
Pakistan və Səudiyyə Ərəbistanı Azərbaycan torpaqlarının işğalına etiraz olaraq
Ermənistanla diplomatik əlaqələr qurmayan ölkələrdir. Bu siyasət müsəlman
dünyasının maraqlarına, İslama verilən dəyərdən irəli gəlir.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin
Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində ölkəmizin başçısı İlham
Əliyevlə keçirdiyi görüş zamanı vurğulanıb ki, Pakistanın Baş nazirinin
Azərbaycana səfəri münasibətlərin yeni mərhələdə inkişafına zəmin yaradacaq.
Bu gün Azərbaycanın etibarlı strateji tərəfdaşı, dost və qardaş Pakistan müasir
dünya siyasətində davamlı yüksəlişə malik olan, iqtisadi imkanları və siyasi
qüdrəti ilə fərqlənən aparıcı güc mərkəzlərindən biridir. Məmnunluqla qeyd
etmək lazımdır ki, ortaq dəyərlərə əsaslanan və tarixi köklərə malik olan
Azərbaycan-Pakistan münasibətləri nümunəvi xarakter daşıyır və yüksələn xətt
üzrə inkişaf edir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Pakistan arasında
münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək

üzərində qurulub. "Biz Pakistana minnətdarıq ki, işğal dövründə və 44 günlük
Vətən müharibəsi zamanı bizə güclü dəstək verib. Pakistan Ermənistan ilə
diplomatik münasibətlər qurmayan ölkədir. Bu məhz işğal səbəbindən baş verib.
Bu isə qardaş ölkə mövqeyidir. Buna görə mən minnətdaram".
Azərbaycan və Pakistan ən çətin anlarda birgə addımlayıblar. Ən çətin
zamanlarda Pakistan və Azərbaycan bir-birlərinin yanında olduqlarını bəyan
ediblər. İşğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzü və qəsbkarlıq siyasəti
Pakistan xalqı və ictimaiyyəti tərəfindən daim qınanıb. Qardaş ölkə Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərinin ardınca Pakistanın Baş
nazirinin də Azərbaycana gəlməsi Türkiyə-Azərbaycan-Pakistan tərəfdaşlığının
daha da güclənəcəyi və Avrasiyada həlledici rola malik olacağı gözləntisini
artırır. Üç ölkə həm yerləşdikləri coğrafiya, həm malik olduqları potensial və
beynəlxalq siyasətdə nüfuz baxımından bölgədə seçilir. Hər üç ölkənin yaratdığı
müttəfiqlik oxu Avrasiyanın istər nəqliyyat xətlərinə nəzarətə, istərsə də siyasi
proseslərə təsir etməyə imkan verir. Əminliklə söyləmək olar ki, yaxın
gələcəkdə Türkiyə-Azərbaycan-Pakistan ittifaqı özünü bölgədə daha güclü
şəkildə göstərəcək.

Məmmədova İlhamə
Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbin müəllimi


Digər xəbərlər

0.24909496307373