Səttar Möhbalıyev: “Döyüş meydanından qalib çıxan Azərbaycan Ordusunun gücü ötən dövr ərzində dəfələrlə artıb”

21:19 24-06-2023 | icon 878
Səttar Möhbalıyev: “Döyüş meydanından qalib çıxan Azərbaycan Ordusunun gücü ötən dövr ərzində dəfələrlə artıb”

“Mübariz və qəhrəman Azərbaycan xalqının mətin övladları tarix boyu öz
torpaqlarını düşməndən böyük rəşadətlə qorumuş, işğalçılara qarşı qətiyyətlə
mübarizə aparmışlar. Onlar üçün ən ali duyğu Vətən sevgisi olmuş, bu yolda
canlarından belə keçməkdən çəkinməmişlər. Bunu tarix sübut edir ki, hətta ən
qüdrətli imperiyaları Azərbaycanın xalqının mərd oğul və qızlarının milli-
azadlıq mücadiləsi sarsıdıb və süqutunu sürətləndirib. Bizə ata-babalarımızdan
miras qalan bu qəhrəmanlıq salnaməsi ən böyük milli-mənəvi
sərvətlərimizdəndir. Məhz bu səbəbdəndir ki, bu gün Azərbaycan Ordusunun
gücü, qüdrəti dünyada dillər əzbəridir, şanı-şöhrəti hər yeri bürüyüb. Əsgər və
zabitlərimizin yazdığı qəhrəmanlıq dastanı əl-əl gəzir, dərindən araşdırılır və
öyrənilir”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Heydər Əliyev həyata böyük işlər üçün gəlmişdi, xalqı
üçün doğulmuşdu: “Onun adı dünya tarixində dövlət yaratmış nadir şəxsiyyətlər
sırasındadır. Odur ki, dövlətimizin əsas sütunlarından biri olan yenilməz
Ordumuzun banisi də Ulu Öndər Heydər Əliyevdir. O, hələ sovet
Azərbaycanına rəhbərlik etdiyi dönəmlərdə bu barədə düşünürdü, yerli hərbi
kadrların hazırlanması üçün mühüm addımlar atırdı. Onun böyük zəhməti və
qətiyyəti sayəsində 1971-ci ildə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi
liseyin yaradılması tarixi hadisə idi. Bu, imkan verdi ki, respublikamızda hərb
sənətinə maraq artsın, zabit kadrlar hazırlasın. Müstəqillik əldə edildikdən sonra
həmin məktəb Ordu quruculuğunda əsas baza oldu. Milli hərbi kadrların böyük
əksəriyyətini oranın yetirmələri təşkil edirdi”.

 

“Müstəqilliyimizin ilk illərində Ordu quruculuğu prosesi çox ləng gedirdi, siyasi
çəkişmələr, hakimiyyət uğrunda mübarizələr, anarxiya, xaos nizami ordunun
yaradılmasına imkan vermirdi. Cəbhədə məğlubiyyətlər davam edirdi. Belə bir
ağır məqamda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev
başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə
başladı, qısa müddətdə yeni hərbi hissələr yaradıldı. Orduda inam artdı, döyüş
ruhu yüksəldi. Bunun nəticəsi uğurlu “Horadiz” əməliyyatı oldu ki, işğal
edilmiş bir sıra ərazilərimiz azad edildi, düşmənə sarsıdıcı zərbə vuruldu.
Həmçinin bu əməliyyat münaqişənin gedişinə əsaslı təsir etdi, düşmən atəşkəs
müqaviləsini imzalamaq məcburiyyətində qaldı. Bu müqavilədən sonra
Azərbaycan Milli Ordusunun formalaşması prosesi daha geniş vüsət aldı,
maddi-texniki təminat yaxşılaşdırıldı, əsgər və zabitlərin mənəvi-psixoloji
hazırlığı artırıldı. 1994-cü ildən NATO ilə əməkdaşlıq, hərbçilərimizin bu hərbi-
siyasi təşkilatın proqramlarında iştirakı və ən son hərbi yenilikləri
mənimsəməsi, həmçinin sülhməramlı qüvvələrin tərkibində təcrübə keçməsi
Azərbaycan Ordusunu modern orduya çevrdi”, - Milli Məclisin deputatı
bildirib.

AHİK sədri vurğulayıb ki, bütün sahələrdə Ulu Öndər Heydər Əliyevin siyasi
xəttini uğurla davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyev hərbi
sferada da böyük nailiyyətlərə imza atdı: “Hərbçilərin peşəkarlığı, mənəvi-
psixoloji hazırlığı yüksəldildi, müasir silah və texnika ilə Ordumuzun təchizatı
gücləndirildi. Bu addımların nəticəsi olaraq beynəlxalq hesabatlarda
Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada isə ilk əlli ordu sırasında
göstərildi. Odumuzun gücünə həm düşmənlərimiz, həm də onların havadarları
2016-cı ilin Aprel döyüşlərində bələd oldu. Hərbi təxribatlara cavab olaraq əks-
hücuma keçən Ordumuz bir neçə saat ərzində 2 min hektardan artıq ərazini
düşməndən təmizlədi, minlərlə hektar ərazini nəzarətə götürdü. Bu qələbə
xalqımıza yeni ruh verdi, torpaqlarımızın tamamilə düşməndən təmizlənəcəyinə inamı artırdı. Eləcə də düşmənlərimizə göstərdi ki, Azərbaycandan heç bir güzəşt qopara bilməyəcəklər. Əminliklə deyə bilərik ki, Aprel döyüşləri
qələbəyə gedən yolumuza parlaq işıq saldı, düşmən üzərində psixoloji üstünlüyümüzü təmin etdi”.

“Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 günə
Şərqi Zəngəzuru və Qarabağı təcavüzkar düşməndən təmizləyən Azərbaycan
Silahlı Qüvvələri bu Qələbə ilə tarixin axarını dəyişdi, regionda yeni reallıqlar
yaratdı, ölkəmizlə bağlı bütün məkrli planları alt-üst etdi. Bu gün xalqımızın hər
bir nümayəndəsi onu müzəffər edən şanlı Ordusu ilə fəxr edir, əsgər və
zabitlərinə böyük hörmətlə yanaşır. Əminliklə deyə bilərik ki, cəmiyyətimizdə
onlara ən ali münasibət sərgilənir, çünki Ordumuzun bütün şəxsi heyəti bu
xalqın qəhrəmanlarıdır”, - Səttar Möhbalıyev deyib.
AHİK sədri əlavə edib ki, Vətən müharibəsindən sonra da Azərbaycan
Silahlı Qüvvələrinin daha da gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər
görülüb: “Prezidentin tapşırığı ilə yeni təyinatlı komando hərbi hissələri
yaradılıb ki, onlar da yüksək fiziki və döyüş hazırlığına malik peşəkar hərbi
qulluqçulardan ibarətdir. İyunun 23-də Ali Baş Komandan cənab İlham Əliyev
Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış
oldu, hərbi hissəyə Döyüş bayrağını təqdim etdi. Prezident çıxışında bəyan etdi
ki, biz öz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq. Bu
da imkan verir ki, ölkəmizin müdafiə gücü daha möhkəm olsun, ərazilərimiz,
müstəqilliyimiz, dövlətçiliyimiz etibarlı şəkildə qorunsun. Müharibədən sonra
Ermənistan tərəfindən törədilən hərbi təxribatlara verilən layiqli və tutarlı cavab
müzəffər Ordumuzun artan gücünü göstərir”.


Digər xəbərlər

0.23774600028992