Bu gündən Heydər Əliyev Mərkəzində caz günləri başlayır

16:08 03-07-2023 | icon 1136
Bu gündən Heydər Əliyev Mərkəzində caz günləri başlayır

İyulun 3-dən Bakıda Beynəlxalq Bakı Yay Caz Günləri başlayır.

Iyulun 7-nədək davam edəcək caz günləri Premier LTD agentliyinin təşəbbüsü və təşkilatçılığı, Heydər Əliyev Mərkəzinin dəstəyi ilə baş tutur.

Digər illərdə olduğu kimi, bu il də caz günlərinin proqramı tamaşaçıları müxtəlif ölkələrdən gələn musiqiçilərin ifaları ilə sevindirəcək.  

Bu gün Bakı Yay Caz Günlərinin açılışında Heydər Əliyev Mərkəzinin Auditorium zalında iki konsert proqramı təqdim olunacaq. Tamaşaçılar qarşısına əvvəlcə Türkiyənin məşhur gitaraçısı Önder Focan Meltem Ege qrupu ilə çıxacaq. Onların ifasını klassik musiqi konsertləri ilə tanınan Bakı Kamera Orkestri müşaiyət edəcək. Bu dəfə orkestr tamaşaçılarının qarşısına fərqli ampluada çıxaraq klassika və cazın tandemini təqdim edəcək.

Qısa fasilədən sonra elə bu axşam Heydər Əliyev Mərkəzində pianoçu Elçin Şirinov və kvartetinin konserti olacaq. 4 il ərzində İsrailin tanınmış “Avişai Kohen trio”sunda çalışaraq dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edən Elçin Şirinov bu gün israilli musiqiçilərlə doğma şəhərində çılğın və şıltaq caz ritmlərini səsləndirəcək.

Sabah isə Heydər Əliyev Mərkəzində məşhur caz pianoçu Alfredo Rodrigez (Kuba-ABŞ) triosu ilə çıxış edəcək. Qremmi mükafatı nominantı, məşhur caz pianoçu Alfredo Rodrigez (Kuba-ABŞ) triosu ilə dünya turnesi çərçivəsində cazsevərlər qarşısına çıxacaq.

 
 

Qeyd edək ki, artıq 5-ci dəfərdir təşkil olunan Beynəlxalq Bakı Yay Caz Günləri qapalı məkanlarla yanaşı, açıq havada da keçirilir. Haqlı olaraq caz şəhəri sayılan Bakıda konsertlərin bəziləri şəhərin açıq meydançalarında təşkil edilərək geniş auditoriya üçün əlçatan olur. Bu isə caz günlərinin əsas məqsədinə - caz musiqisinin daha geniş auditoriyaya təbliğ edilməsinə xidmət edir.  Beləliklə, iyulun 5-i və 7-də Heydər Əliyev Mərkəzinin parkında konsert proqramları təqdim olunacaq.

İyulun 5-də pianoçu, aranjimançı, Berkli Musiqi Kollecinin professoru Giorgi Mikadze Heydər Əliyev Mərkəzinin parkında triosu ilə birgə tanınmış gürcü bəstəkarlarının caz improvizasiyalarını ifa edəcək.  Elə həmin gün Azərbaycan cazının banisi olan Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət məktəbinin tələbələri də Heydər Əliyev Mərkəzinin parkına toplaşanlara gözəl caz axşamı bəxş edəcəklər. 

 

Caz bayramının yekun akkordunu iyulun 7-də Oleq Lundstrem adına Caz Orkestri vuracaq. İlk dəfə 2019-cu ildə Bakıya gələn kollektiv o vaxtdan auditoriyamızın rəğbətini qazanıb və bu dəfə də yaradıcılığı ilə dinləyicilərini sevindirəcək. Konsert Heydər Əliyev Mərkəzinin parkında baş tutacaq.

Park ərazisindəki konsertlərə giriş sərbəstdir.

Auditorium zalındakı konsertlərin biletlərini isə şəhərin kassaları və iTicket.az saytından əldə etmək olar.


Digər xəbərlər

0.24770498275757