Heydər Əliyev Mərkəzinin parkında caz konserti - Fotolar

13:10 06-07-2023 | icon 937
Heydər Əliyev Mərkəzinin parkında caz konserti - Fotolar

Beynəlxalq Bakı Yay Caz Günlərinin 3-cü günü cazsevərləri açıq məkanda - Heydər Əliyev Mərkəzinin parkında toplayıb. İyulun 5-də gürcüstanlı pianoçu, aranjimançı, Berkli Musiqi Kollecinin professoru Giorgi Mikadzenin və Azərbaycandan olan gənc pianoçuların çıxışı olub.

Əvvəlcə caz axşamında Azərbaycan cazının banisi olan Vaqif Mustafazadənin adını daşıyan 2 nömrəli Uşaq İncəsənət məktəbinin şagirdləri - piano ifaçıları çıxış edib. Onlar Vaqif Mustafazadə və Əzizə Mustafazadənin əsərlərini təqdim ediblər.

Daha sonra Giorgi Mikadze Bakı Yay Caz Günləri çərçivəsində keçirilən konsertdə Fransadan olan musiqiçilərlə birgə tanınmış gürcü bəstəkarlarının caz improvizasiyalarını ifa edib.

Giorgi Mikadze – Gürcüstanın paytaxtı Tbilisidə anadan olan, hazırda Amerika Birləşmiş Ştatlarında yaşayan məşhur caz pianoçularındandır. Fortepianoda 5 yaşından ifa edən Mikadze ilk solo konsertini simfonik orkestrin müşayiəti ilə 12 yaşında verib. İki il sonra isə o, musiqi bəstələməyə başlayır və caza həvəs göstərir. 

 
 
 

Öz kvartetini təsis edəndən sonra Giorgi Mikadzenin karyerasında dönüş yaranır. Həmin kvartetlə bir çox beynəlxalq caz festivallarının iştirakçısı olan musiqiçi nüfuzlu Montre festivalında da uğurla çıxış edib.

Mikadze üçün səhnə - xoşbəxtlik deməkdir. Dünyanın aparıcı musiqiçiləri və nüfuzlu tənqidçiləri Giorgi Mikadzeni peşəkar və universal musiqiçi adlandırırlar.

İyulun 3-dən başlayan və iyulun 7-nədək davam edəcək Beynəlxalq Bakı Yay Caz Günləri Premier LTD agentliyinin təşəbbüsü və təşkilatçılığı, Heydər Əliyev Mərkəzinin dəstəyi ilə baş tutur.

Artıq 5-ci dəfərdir ki, təşkil edilən Beynəlxalq Bakı Yay Caz Günləri qapalı məkanlarla yanaşı, açıq havada da keçirilir. Bu isə caz günlərinin əsas məqsədinə - caz musiqisinin daha geniş auditoriyaya təbliğ edilməsinə xidmət edir.

Festivalın növbəti konserti Mərkəzin parkında iyulun 7-də olacaq. Konsertə giriş sərbəstdir.

 

 




















Digər xəbərlər

0.23673295974731