Səttar Möhbalıyev: “Ötən 6 ayda da ölkəmizin sosial-iqtisadi göstəriciləri yüksəlib”

22:27 12-07-2023 | icon 698
Səttar Möhbalıyev: “Ötən 6 ayda da ölkəmizin sosial-iqtisadi göstəriciləri yüksəlib”

“Davamlı inkişaf yolu ilə irəliləyən ölkəmizin bütün sahələrdə göstəriciləri ildən-
ilə artmaqdadır. Həyata keçirilən islahatlar, vətəndaşlarımızın sosial-iqtisadi
vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar, qeyri-neft
sektorunun inkişafı üzrə görülən işlər öz müsbət nəticələrini verməkdədir. Bunu
Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi
yekunlarına həsr olunmuş müşavirədə səslənən rəqəmlər də təsdiqləyir. Ötən altı
ayda nəzərdə tutulmuş hədəflərə nail olunub. Belə ki, əvvəlki dövrlərdə olduğu
kimi, ölkəmizdə yenə də dayanıqlı inkişaf təmin edilib, qeyri-neft sektoru
böyüyüb, Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş bərpa-quruculuq işləri
geniş vüsət alıb, iqtisadi və sosial sahələrdə ardıcıl və sistemli islahatlar həyata
keçirilib və uğurlar da ortadadır. Həmçinin ölkəmizin maliyyə imkanları da
genişlənib ki, bu da müvafiq sahədə aparılan islahatların uğurlu nəticəsi və
şəffaflığın təmin edilməsi ilə bağlıdır. Eləcə də dövlətimizin büdcəsinin 36 milyard
manatı ötməsi ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərimizin tez bir zamanda bərpası
və ölkəmizin müdafiə qüdrətinin yüksəldilməsi dövlətimizin müəyyən etdiyi
prioritet sahələrdən biridir: “Büdcə gəlirlərinin artması imkan verib ki, bu
istiqamətdə işlər daha sürətlə və uğurla icra edilsin. Qısa müddətdə görülən işlərin
nəticəsi odur ki, artıq Şərqi Zəngəzurda və Qarabağda həyat canlanır, sakinlərin öz
ata-baba yurduna qayıdışı prosesi başlayıb. Orada tikinti-quruculuq işlərinin
aparılması, müasir şəhər və kəndlərin salınması, infrastrukturun yaradılması, təbii ki, Azərbaycanın iqtisadi gücünü göstərir və bütün bu işləri dövlətimiz heç bir kənar kömək olmadan yalnız özünün maliyyə imkanları hesabına həyata keçirir. O ki qaldı ölkəmizin hərbi gücünə, sözsüz ki, bu, müzakirə olunmazdır. Çünki
beynəlxalq aləm 44 günlük Vətən müharibəsində buna şahid oldu. Müharibədən
sonra da Azərbaycan öz hərbi potensialına diqqəti artırıb. Müzəffər Ali Baş
Komandan cənab İlham Əliyevin xüsusi qayğısı sayəsində son illərdə Ordunun
döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə
möhkəmlənib. Çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə
döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək Komando hərbi hissələri
yaradılıb. Bütün bu tədbirlər ancaq müdafiə məqsədilə edilir. Bildiyimiz kimi,
dünyada son dərəcə mürəkkəb proseslər gedir, beynəlxalq hüququn prinsiplərinə
hörmət olunmur. Biz bunu həm də 30 illik işğal dövründə öz həyatımızda
yaşamışıq. Odur ki, müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı təminatı
üçün Ordumuz daha da güclü olmalıdır və bu belədir”.

“Müşavirədə dövlətimizin başçısı cənab İlham Əliyev ekoloji məsələyə də toxundu
və konkret tapşırıqlarını verdi. Təbii ki, bu, kifayət qədər aktual məsələdir və
ekoloji problemlər dünyanı ən çox narahat edən məqamlar sırasındadır. İşğal
dövründə Ermənistanın Şərqi Zəngəzurda və Qarabağda törətdiyi ekoloji terror
dəhşət saçırdı. Meşələr qırılırdı, çaylar çirkləndirilirdi. Prezidentimizin ifadə etdiyi
kimi, həmin ərazilərdə 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən
məhv edilib. Ermənistan bu gün də Azərbaycanla yaxın ərazilərində ekoloji
tarazlığı pozur, bu sahədə beynəlxalq hüququn müddəalarına məhəl qoymur,
çayları, təbiəti çirkləndirən müəssisələr tikir. Ekologiyanın təhlükə altına alınması
ümumilikdə insanlıq əleyhinə yönəlmiş cinayətdir və Ermənistan bu işindən əl
çəkməlidir”,- Milli Məclisin deputatı qeyd edib.

Səttar Möhbalıyev bildirib ki, dövlətimizin başçısı keçirdiyi müşavirədə ölkəmizdə
bərqərar olan sarsılmaz sabitliyi pozmaq düşüncəsində olan şəxslərə öz yerlərini
göstərdi və bəyan etdi ki, Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli
addımlar 1993-cü ildə başa çatıb: “Bu, o deməkdir ki, heç kim Azərbaycanda
hökm sürən sabitliyi, əmin-amanlığı poza bilməz. Vətəndaşlarımız öz dövlətlərinin
ətrafında sıx birləşərək xoşbəxt və firavan həyat yaşayırlar. Təbii ki, bu
nailiyyətlərdə Azərbaycan polisinin fədakar əməyi danılmazdır. Onlar gecə və
gündüz dövlətimizin və xalqımızın təhlükəsizliyini vicdanla yerinə yetirir, qanunun
keşiyində etibarlı dayanaraq cinayətkarlığa qarşı qətiyyətlə mübarizə aparır,
vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində
üzərilərinə düşən funksiyaları yüksək peşəkarlıqla icra edirlər. Fəxarətlə deyə
bilərik ki, bu gün Azərbaycan polisi dünyanın ən nümunəvi polisidir”.
AHİK sədri vurğulayıb ki, ilin birinci yarısının sosial-iqtisadi yekunları bizi
əmin etdi ki, dövlətimiz 2023-cü ili böyük uğurlarla başa vuracaq, bütün sahələrdə
göstəricilər yüksələcək, ölkəmizin iqtisadi imkanları daha da artacaq.


Digər xəbərlər

0.23188209533691