Bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir

11:26 14-07-2023 | icon 840
Bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir

İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə qazanılan iqtisadi uğurlarla yanaşı dövlətimizin son altı ayın xarici və daxili siyasət xətti müzakirə edildi. Son bir ilin mənzərəsini təhlil etsək, bu müddətin ölkəmiz üçün uğurlu olduğunu deyə bilərik. Prezident dövlətimizin beynəlxalq arenada rolunun artmasının və fəallığın güclənməsini vurğulayıb. Cənab Prezident tərəfindən açıqlanan göstəricilər ölkəmizin dinamik inkişaf yolunda olduğunu bir daha sübut edir.

Ölkə başçısı öz çıxışında qeyd edib ki, "Bütövlükdə bu ilin əvvəlindən 3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətləndirilmişdir, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə. Yəni, ayrılmış məbləğin mütləq əksəriyyəti bu iki istiqamətə yönəldilmişdir və bu da təbiidir. Çünki bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu vəzifələrdir".

Bildirilib ki, ölkənin büdcə dürüstləşməsindən sonra iki əsas istiqamət Qarabağın, Şərqi Zəngəzurun bərpası və hərbi qüdrətimizin artırılması idi. Birinci istiqamətlə əlaqədar nəzərdə tutulan işlər planlardan daha sürətlə icra edilir. Belə ki, artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtması təmin edilib. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər artıq burada bərpa olunan beş yaşayış məntəqəsində vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış Proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi təmin ediləcəkdir. Xususi olaraq qeyd edilməlidir ki, görülən bütün işlər Azərbaycan hesabına həyata keçirilir.
         Ordu quruculuğu məsələlərinə xüsusi toxunan ölkə başçısı bildirib ki, "biz, ilk növbədə, özümüzü qorumaq üçün, öz müstəqilliyimizi qorumaq üçün, seçimimizi qorumaq üçün, həyat tərzimizi qorumaq üçün, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz dayanmadan bu istiqamətdə çox ciddi addımlar atmışdıq və mən bunu artıq bildirmişəm, bir də demək istəyirəm, bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq, çünki bu proses dayanmır və dayanmamalıdır. Mən demişəm, iki istiqamət üzrə - hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdır biz o qədər də ayıracağıq".

Bu siyasət həyata keçirildikcə ölkəmizin qüdrəti artır. Bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər. Bundan sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir. İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar hələ tam başa çatmayıb. Biz Azərbaycan miqyasını nəzərə almaq şərtilə öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq. Bu istiqamətdə işlər ciddi şəkildə davam etdirilir.
       Bu gün Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir. Ordumuz hər zaman düşmənə layiqli cavab verə bilər və verəcəkdir.

 

Ağayeva İradə Qurban qızı

 

Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı


Digər xəbərlər

0.23695802688599