Səttar Möhbalıyev: “Ermənistan tərəfinin əsassız iddiaları danışıqlar masasında müzakirə mövzusu deyil”

19:21 17-07-2023 | icon 708
Səttar Möhbalıyev: “Ermənistan tərəfinin əsassız iddiaları danışıqlar masasında müzakirə mövzusu deyil”

“Hələ işğal dövründə aparılan danışıqlarda Azərbaycan tərəfinin dəyişməz
mövqeyi hamıya bəllidir. Dövlətimizin başçısı cənab İlham Əliyev həmin vaxtlar
dəfələrlə bəyan edirdi ki, torpağımızın bir qarışını da güzəştə gedən deyilik.
Proseslər göstərdi ki, Prezidentimizin güclü diplomatik bacarığı və qətiyyəti
sayəsində Ermənistanın və onun havadarlarının bütün cəhdləri uğursuz oldu.
Döyüş meydanında Ermənistan üzərində parlaq Qələbə çalaraq işğal altındakı
torpaqlarını azad edən Azərbaycanın sərgilədiyi mövqe sülh və sabitliyə əsaslanır
və bütün formatlarda aparılan danışıqlar dövlətimizin mənafeyini əks etdirir.
Bölgədə yeni reallıqların banisi olan Azərbaycan danışıqlar masasında da qalib
tərəf olaraq öz üstünlüyünü qoruyub saxlayır. Artıq təcavüzkar dövlətin və
ermənipərəst qüvvələrin Azərbaycana qarşı bütün çirkin planları buxarlanıb aradan
çıxıb. Azərbaycanın bölgəyə gətirdiyi reallıqları qəbul etməkdən başqa yolları
qalmayıb”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, iyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev,
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol
Paşinyan arasında keçirilən üçtərəfli görüşün yekunları bir daha təsdiqlədi ki,
Azərbaycan qalib tərəfdir və onun irəli sürdüyü təkliflər danışıqlar masasında
əsasdır: “Budəfəki görüşdə də Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və
suverenliyini tanıdı. Deməli, bir daha etiraf ediblər ki, Qarabağ Azərbaycanındır.
Bura anklav kəndlərimiz də daxildir. Həmçinin delimitasiya üçün siyasi çərçivə
olaraq “Alma-Ata Bəyannaməsi”nə sadiqlik göstərilib. Bu da bilavasitə
Azərbaycanın maraqları ilə üst-üstə düşür. Digər bir məsələ isə

kommunikasiyaların açılması ilə bağlıdır. Görürük ki, Zəngəzur dəhlizinin
açılmasına qarşı Ermənistan tərəfinin bütün manevrləri uğursuzluğa doğru gedir və
Azərbaycan bu məsələdə israrlıdır. Həmçinin Avropa İttifaqı da dəhlizin
açılmasının əhəmiyyətini anlayır və regionun iqtisadi inkişafı üçün səmərəli
olacağına əminliyini gizlətmir”.
AHİK sədri qeyd edib ki, ümumiyyətlə, Brüsseldə təşkil olunan 6-cı görüşdə
müzakirə olunan məsələlər və gəlinən qənaət Azərbaycanın maraqlarına tam cavab
verir, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin növbəti
diplomatik qələbəsidir: “Görürük ki, Ermənistan tərəfinin səsləndirdiyi saxta və
əsassız iddialar masaya çıxarılmır və müzakirə olunmur. Beynəlxalq və regional
təşkilatlar, həmçinin dünyanın aparıcı dövlətləri də Azərbaycanın mövqeyinin
ədalətə söykəndiyini dərk edir və sülh səylərini dəstəkləyirlər. Məlumdur ki,
Azərbaycanın məqsədi bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsidir.
Ermənistanın da düşdükləri siyasi-iqtisadi böhrandan yeganə xilas yolu
Azərbaycanla sülhdən keçir”.


Digər xəbərlər

0.25330901145935