Heydər Əliyevin şahmatın inkişafındakı xidmətlərindən bəhs edən film təqdim olunub

21:57 25-07-2023 | icon 652
Heydər Əliyevin şahmatın inkişafındakı xidmətlərindən bəhs edən film təqdim olunub

Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub.

"SƏRƏNCAM № 42" adlı ekran işində Ulu Öndərin ölkə şahmatının inkişafında misilsiz xidmətlərindən bəhs edilir.

“Nizami” kinoteatrında təşkil olunan təqdimat mərasimində AŞF prezidenti Mahir Məmmədov çıxış edərək, il ərzində müxtəlif tədbirlər həyata keçirdiklərini xatırladıb: "Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2023-cü il “Heydər Əliyev ili” elan edilib. Bu il çərçivəsində Ulu Öndərin xatirəsinə həsr olunan kütləvi tədbirlər keçirilir. Bizim şahmat təqvimimizdə də bir neçə belə tədbir təşkil edilib”.

Federasiya prezidenti Heydər Əliyevin Azərbaycan şahmatının inkişafına böyük təkan verdiyini söyləyib: “Heydər Əliyev və şahmat böyük mövzu, möcüzədir. Onun verdiyi töhfələr sayəsində Azərbaycan qısa müddətdə dünyanın aparıcı şahmat ölkələrindən birinə çevrildi”.

M.Məmmədov iyulun 30-da Bakıda start götürəcək şahmat üzrə Dünya Kubokuna hazır olduqlarını sözlərinə əlavə edib: “Dünyanın 80 ölkəsindən 400-ə yaxın aparıcı şahmat ustası ölkəmizə gələcək. Onların arasında Maqnus Karlsen də olacaq. 2015-ci ildə analoji yarış təşkil etdiyimizdən, artıq təcrübəmiz var”.

Daha sonra “SƏRƏNCAM № 42” sənədli filmi nümayiş olunub. Filmdə Heydər Əliyevin Azərbaycan idmanına, xüsusən də, şahmatına verdiyi töhfələrdən, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edilir.


Digər xəbərlər

0.25324487686157