Şuşada Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının yaradılması haqqında müqavilə imzalanıb

14:15 29-07-2023 | icon 451
Şuşada Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının yaradılması haqqında müqavilə imzalanıb

İyulun 29-da Şuşa şəhərində Türk dövlətlərin həmkarlar ittifaqlarının birgə
yığıncağı keçirilib.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Qazaxıstan
Həmkarlar İttifaqları Federasiyası, Türkiyənin İşçi Həmkarlar İttifaqları
Təşkilatları Konfederasiyası (TÜRK-İŞ), Qırğızıstan Həmkarlar İttifaqları
Federasiyası və Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının rəhbərləri və
nümayəndələri iştirak ediblər.
Əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canından keçmiş oğul və qızlarımızın
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qonaqları salamlayan AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev
bildirib ki, tədbirimizin Şuşa şəhərində keçirilməsinin öz rəmzi mənası var, bura
xalqımız üçün müqəddəs və əziz məkandır. İşğal dövründə şəhərdəki yüzlərlə
tarixi və mədəniyyət abidələri vandalizm aktları nəticəsində dağıdıldı. Siz də
işğaldan azad edilmiş Şərqi Zəngəzurun və Qarabağın ərazisinə daxil olarkən
ermənilərin törətdiyi vandalizm hərəkətlərinin izlərini gördünüz. Hazırda Prezident
İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqları
və birbaşa nəzarəti ilə Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş tikinti-
quruculuq işləri davam etdirilir. Artıq Zəngilan və Laçın sakinlərinin 30 ildən
sonra öz doğma yurdlarına qayıtması ilə “Böyük qayıdış” planına start verilib. Bir
sözlə, gözəl Qarabağımız, o cümlədən 2023-cü il üçün Türk dünyasının
mədəniyyət paytaxtı Şuşa özünün intibah dövrünü yaşayır”.

Türk dövlətləri arasında olan münasibətlərdən, əməkdaşlıq əlaqələrindən danışan
AHİK sədri qardaş ölkələrin bir-birinə yaxınlaşmasında Azərbaycan dövlətinin
rolunu qeyd edib. Bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə
məhz Naxçıvan şəhərində yaradılıb: “Azərbaycanın türkdilli ölkələrlə
münasibətləri Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi, Qırğızıstanla imzaladığı

“Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”, Özbəkistanla imzaladığı “Strateji
tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə
Bəyannamə” və Qazaxıstanla imzalanan “Strateji münasibətlərin möhkəmlənməsi
və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə”si ilə
inkişaf etməkdədir. Qardaş ölkələrin təşkilatlanması, vahid gücə çevrilməsi
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın səyləri və qətiyyəti sayəsində mümkün olub”.
Onun sözlərinə görə, 2020-ci ildə Vətən müharibəsində Qarabağı və Şərqi
Zəngəzuru erməni işğalından azad edən Azərbaycan bununla Türk ölkələri
arasında coğrafi bağlantını da təmin etmək üçün gözəl imkan yaradıb.

AHİK sədri qeyd edib ki, Türk dövlətlərinin həmkarlar ittifaqları arasında da
münasibətlər yüksələn xətlə inkişaf etməkdədir: “Baş tutan ikitərəfli səfərlər,
aparılan fikir və təcrübə mübadilələri, həmçinin imzalanan sənədlər, göstərilən
qarşılıqlı dəstək və həmrəylik əlaqələrimizin dərinləşməsinə səbəb olub.
Beynəlxalq və regional həmkarlar ittifaqı təşkilatlarının Azərbaycanda keçirdiyi,
demək olar ki, bütün tədbirlərdə Türk ölkələrindən olan həmkarlarımız yaxından
iştirak edir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bir çox türkdilli
ölkələrin müvafiq qurumları ilə əməkdaşlığa dair müqavilələri var”.
Səttar Möhbalıyev həmçinin Türk ölkələrinin həmkarlar ittifaqlarının
təşkilatlanmasının əhəmiyyətindən də söz açıb.
TÜRK-İŞ-in sədri Ərgün Atalay çıxışında Şuşanın gözəlliyinə heyran qaldığını
deyib və şəhidlərimizə Uca Yaradandan rəhmət diləyib. Əlavə edib ki, Türk
dövlətləri arasında keçirilən görüşlər və təşkil olunan qarşılıqlı səfərlər, həmçinin
aparılan danışıqlar və imzalanan sənədlər imkan yardır ki, qardaş ölkələr həmrəy
olsunlar, istənilən böhrana qarşı vahid mövqedən çıxış etsinlər: “Təbii ki, eyni
soykökə, dilə, dinə, ortaq mədəniyyətə malik olmağımız bu birliyin təməl
prinsipləridir. Ölkələrimizin həmkarlar ittifaqları səviyyəsində də əlaqələrimizi
daha da genişləndirmək, əmək hüquqlarının qorunması istiqamətində səylərimizi
birləşdirmək qarşımızda duran əsas vəzifələrdir”.

Sonra Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin,
Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini Omor Arstanbekov
və Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini Bəxtiyar
Məhmətəliyev çıxışlar edərək Türk dövlətləri arasında münasibətlərin bütün
sahələrdə dinamik inkişafından, o cümlədən həmkarlar ittifaqları arasında mövcud
olan əlaqələrdən danışıblar.
Ardınca Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının (TDHİT)
yaradılması haqqında müqavilə imzalanıb.
İmzalanma mərasimində AHİK sədri Səttar Möhbalıyev bildirib ki, TDHİT-ni
yaratmaqda məqsədimiz işçilərin mənafeyinin və əmək hüquqlarının, həmkarlar
ittifaqı hüquqlarının və fəaliyyət azadlığının, onun cəmiyyətdə yeri və rolunun
səmərəli müdafiəsi üçün səylərimizi birləşdirməkdir: “Bu ölkələrimizin həmkarlar
ittifaqları arasında hərtərəfli əməkdaşlığı daha da dərinləşdirəcək, əməkçilərin
hüquq və mənafelərinin birgə müdafiəsinə böyük töhfə verəcək. Həmçinin biz
birlikdə zəhmətkeşlərin ayrılmaz hüquqları, həyat səviyyəsinin yüksəldilməsinə
çalışacaq, həmkarlar ittifaqı üzvlərinin mənafelərinin pozulmasına qarşı
mübarizədə həmrəylik nümayiş etdirəcəyik. İnanıram ki, Türk Dövlətləri Təşkilatı
kimi, Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının da fəaliyyəti səmərəli
olacaq, daim inkişaf edəcək, dövlətlərimizi və xalqlarımızı bir-birinə daha da
yaxınlaşdıracaq, bütün sahələrdə əlaqələri genişləndirəcək”.
Tədbir yekunlaşdıqdan sonra Şuşa şəhərini gəzən qonaqlara ermənilərin tarixi və
mədəniyyət abidələrimizə vurduqları ziyan barədə məlumat verilib. Onlar
həmçinin şəhərdə həyata keçirilən yenidənqurma işləri ilə də tanış olublar.


Digər xəbərlər

0.26736211776733