Ana dilimizi qoruyub saxlamaq müqəddəs borcumuzdur

18:07 01-08-2023 | icon 702
Ana dilimizi qoruyub saxlamaq müqəddəs borcumuzdur

Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu
əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına
əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına
keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan
istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində
mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
Dövlət müstəqilliyini qazandıqdan sonra dilimizin tətbiqi işinin təkmilləşdirilməsi ilə
əlaqədar müxtəlif sərəncamlar, fərmanlar imzalanıb. Artıq neçə illərdir ki, biz ana
dilimizlə bağlı bu qürur doğuracaq günü rəğbət, ehtiram və vətəndaşlıq qüruru ilə qeyd
edirik.
Bu gün Azərbaycan dili Azərbaycan dövlətinin dünyada nüfuzunun artması ilə
əlaqədar beynəlxalq arenaya çıxıb. Dil siyasətinin əsaslarını yaradan isə məhz Heydər
Əliyev idi. İstər siyasi, ictimai, istərsə də mədəni aspektdə dilin mövqeyinin
möhkəmləndirilməsi üçün bir sıra islahatlar həyata keçirilib. Hansı ölkədə yaşamasından
asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır.
Dil həm də bir döyüşçü kimi xalqımızın mənəvi keşikçisidir. Bu səbəbdən də onu elə
sözlə yükləməliyik ki, döyüşlərdən qələbə ilə qayıtsın. Ulu Öndər Heydər Əliyevin
demişdir: "Nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun
böyük potensialı imkan verib ki, o, artıq dünya dilləri içərisində öz layiqli yerini
tutmuşdur". Bu kəlam dilimizin hərtərəfli və zəngin xüsusiyyətlərə malik olduğunu bir
daha təsdiqləyir.
Ana dilinmizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol
açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə
ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə
yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və
ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin
dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə
vətənpərvərlik formulu yoxdur”.
Xalqımızın milli sərvəti sayılan ana dilimizin inkişafına yönələn qərarların qəbulu və
həyata keçirilməsi hər birimizdən asılıdır. Bu, həm də bizim vətəndaşlıq borcumuzdur.
Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan dili xalqımızın mənəvi
sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbəbdən də
onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir
vətəndaşının müqəddəs borcudur.
Eyvaz Məmmədov,
ADPU Cəlilabad filialının müəllimi


Digər xəbərlər

0.29332900047302