Xalqın və millətin milliliyini saxlayan onun dilidir

18:08 01-08-2023 | icon 900
Xalqın və millətin milliliyini saxlayan onun dilidir

Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası,
yazı sistemi təşkil edir. Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyulun 18-də
imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında", həmin il avqustun 9-
da imzaladığı "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında"
fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz
xidmətlərdəndir. Respublikada dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin
dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət
vasitəsinə çevrilərək milli birliyin və həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu
və nüfuzunun yüksəlməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər
Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və
zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atmış və Azərbaycan dilinin
inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər imzalamışdır.
Ana dilimizi böyük ictimai-siyasi hadisə kimi dəyərləndirən Prezident İlham Əliyev
onun həyatımızın mühüm amili olduğunu diqqətə çatdıraraq bəzi mətbuat orqanlarında,
radio və televiziya kanallarında ədəbi dil normalarının pozulmasının adi hal aldığını
göstərir. Həqiqətən də film dublyajından, tərcüməsindən başlayaraq küçə və
meydanlardakı reklamlarda, afişalarda, mətbuat səhifələrində, telekanallarda
Azərbaycan dilinin adi leksik və qrammatik qaydaları pozulur. Biz dəfələrlə ana dili ilə
bağlı müxtəlif mövzulara, problemlərə toxunmuş, dilimizə xələl gətirən nöqsanları
göstərmiş, dilçi alimləri, ziyalıları, jurnalistləri ana dilimizin keşiyində dayanmağa
səsləmişik. Prezidentin söylədiyi fikirlər bu gün də hər birimiz üçün önəmlidir: "Ana
dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana
dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil
Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır.
Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət
göstərilməlidir".
Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol
açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi hamımız üçün qürurverici haldır.
Bu səbəbdən, Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, "İnkişaf etmiş zəngin dil
mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə
də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan
övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir".
Beləliklə, ana dilinə məsuliyyətlə yanaşmaq həm övladlıq, həm də vətəndaşlıq
borcumuzdur.

Hafiz Mahmudov,
Cəlilabad rayon Təklə kənd
tam orta məktəbin direktoru


Digər xəbərlər

0.27281188964844