Xalqımızın mənəvi aləminin güzgüsü

18:10 01-08-2023 | icon 1146
Xalqımızın mənəvi aləminin güzgüsü

Ana dilimizin inkişafına dövlətin həmişə xüsusi diqqəti və qayğısı olub. Müstəqil
Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində ulu öndər Heydər Əliyevin
çox müstəsna xidmətləri var. Sovet dövründə quruluşun müəyyən təzyiqlərinə,
diktələrinə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin respublikada
dövlət dilinə çevrilməsində əsl fədakarlıq göstərmişdir. Ana dilinin inkişafı ilə əlaqədar
ulu öndərin müntəzəm imzaladığı fərman və sərəncamlarda, eləcə də çıxış və
məruzələrində, tövsiyələrində vaxtaşırı ortaya çıxan problemlərin həlli vacib sayılırdı.
Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı
mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq, Azərbaycan
Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da fərman imzalayıb. Bu fərmanla
avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan dili
Günü elan edilib.
Ulu öndər deyirdi: "Mən hər yerdə Azərbaycan dilində danışıram. Qoy tərcüməçilər
mənim danışdıqlarımı öz dilimdən tərcümə etsinlər. Biz daha keçmişdəki kimi sovet
imperiyasının daxilində deyilik ki, rus dilində danışaq. Qoy hamı, o cümlədən dünyaya
yayılmış soydaşlarımız da bilsinlər ki, bizim öz dilimiz var və biz öz dilimizdə də
danışırıq". Ümummilli lider Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycan dilinin dövlət
dilinə yalnız sözdə deyil, əməldə də çevrilməsi üçün var gücü və iradəsi ilə çalışmışdır.
Dünyaya səpələnmiş azərbaycanlılar arasında bir daha ünsiyyət vasitəsi, milli-mənəvi
körpülər olması üçün əsl mübarizə aparmışdır.
Ulu öndərin 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında"kı fərmanında deyilir: "Azərbaycan dili bu gün dərin fikirlərin ən incə
çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir.
Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə
bilməsi üçün hər hansı xalqlardan bir neçə minillik tarixi yaşaması lazım gəlir". Bu
mənada biz xoşbəxtik ki, doğma Azərbaycan xalqı həqiqətən də dünyanın ən qədim
xalqlarından biridir. Ümummilli lider Heydər Əliyevin məşhur bir fikrini dönə-dönə
xatırlamaqla duyduğumuz qürurun bir aləm mənası var: "Millətin milliliyini saxlayan onun
dilidir".
Xalqımızın əbədiyaşarlığına xidmət edən Azərbaycan dili min illərin burulğanından
çıxaraq müasir dövrümüzə çatıb. Babaların əmanət qoyub getdiyi və əsrləri adlayan ana
dilini biz də gələcək nəsillərə ötürməliyik. Milli-mənəvi sərvətimiz olan ana dilimizin
keşiyində dayanmaq, onu yad təsirlərdən qorumaq hər birimizin müqəddəs borcudur.
Ana dili yaşayırsa, Vətən də, xalq da yaşayır.

Nizami İsmayılov,
Cəlilabad rayon Günəşli kənd
1 saylı tam orta məktəbin direktoru


Digər xəbərlər

0.2231330871582