Səttar Möhbalıyev: “Qarabağ erməniləri Azərbaycan Prezidentinin verdiyi mesajdan nəticə çıxarmalıdır”

14:15 03-08-2023 | icon 584
Səttar Möhbalıyev: “Qarabağ erməniləri Azərbaycan Prezidentinin verdiyi mesajdan nəticə çıxarmalıdır”

“Xarici dövlətlər, o cümlədən beynəlxalq ictimaiyyət Azərbaycanın həm region,
həm də dünya üçün əhəmiyyətini görür və regiona gətirdiyi yeni reallıqlar fonunda
bir daha ölkəmizin nəyə qadir olduğunu yaxşı bilirlər. Təbii ki, Vətən müharibəsi
və ondan sonra baş verən hadisələr Azərbaycanın haqq-ədalət tərəfdarı olduğunu,
bütün səylərinin işğalçıları torpaqlarından çıxarmaq, 30 il öz evində yaşamaq
hüquqları pozulmuş sakinləri yurdlarına qaytarmaq, separatizmi zərərsizləşdirmək,
sülh və təhlükəsizliyi təmin etmək, regionun hərtərəfli inkişafına yol açmaqdan
ibarət olduğunu göstərdi. Təcavüzkar siyasətini müxtəlif yollarla pərdələməyə
çalışan Ermənistanın həqiqətdən uzaq təbliğatına artıq inanan yoxdur.
Dövlətimizin başçısı cənab İlham Əliyev dünyanın nüfuzlu kütləvi informasiya
vasitələrinə verdiyi müsahibələrlə bu yalanların hamısını ifşa etdi və real vəziyyəti
beynəlxalq ictimaiyyətə çatdırdı. Mətbuatı izləyərkən biz görürük ki, dünyanın
tanınmış politoloqları, siyasi ekspertlər, məşhur siyasətçilər bölgədəki real
vəziyyətdən danışarkən yalnız bizim Prezidentin fikirlərinə əsaslanırlar”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Şuşa şəhərində nüfuzlu “Euronews”
televiziyasına müsahibəsi əvvəlki müsahibələr kimi, dünyanın diqqət
mərkəzindədir: “Təbii ki, müsahibənin Şuşada təşkil olunması imkan verir ki,
qonaq jurnalist real vəziyyəti öz gözləri ilə görsün. İşğalda azad olunmuş
Azərbaycan ərazilərinə daxil olub Şuşaya çatana qədər işğalçı Ermənistanın vandal
hərəkətlərinin izlərini görmək mümkündür. Həmçinin Şuşanı görən hər kəsə açıq
məlum olur ki, bu şəhər kimə məxsusdur. Şuşa daşından, qayasından tutmuş,
mədəni abidələrinə qədər Azərbaycandır. Müsahibədə Prezident İlham Əliyev
bölgədəki vəziyyəti ətraflı şərh edərək həm Vətən müharibəsi, həm onun nəticələri
və mövcud vəziyyət barədə məlumat verdi. Bir daha aydın oldu ki, Azərbaycan sülh və sabitlik tərəfdarıdır. Bütün səylərini bu istiqamətdə qurub. Azərbaycan sülh təklifini müharibə başa çatandan dərhal sonra irəli sürüb və bütün platformalarda aparılan danışıqları dəstəkləyib, çünki əsas məsələ sülhə nail olmaqdır. Təbii ki,
prosesin bu qədər uzanmasının günahkarı da məhz Ermənistandır. Eləcə də hamıya
məlumdur ki, bu sülh bütün region dövlətləri arasında əməkdaşlığa gətirib
çıxaracaq, ölkələrin iqtisadi inkişafına səbəb olacaq”.
“Həmçinin Prezident İlham Əliyev Laçın yolundakı vəziyyəti, Ermənistanın əl
atdığı siyasi oyunları qeyd edərək real mənzərəni diqqətə çatdırdı. Laçın yolu
humanitar məqsədlər üçün hər zaman açıq olub, insanların rahat hərəkəti təmin
edilib. Amma Ermənistan tərəfi bu yolla qanunsuz daşımalar həyata keçirib,
təxribatlar törədib, hətta atəş açaraq sərhədçimizi yaralayıb. Son vaxtlar onlara
təklif olunan daha təhlükəsiz yoldan imtina edərək Laçın yolu ilə bağlı siyasi
şoular düzəldib və elə sanıb ki, bu oyunlarla guya Azərbaycana təsir edə biləcək.
Təbii ki, bu mümkün deyil. Eləcə də Prezidentimizin Beynəlxalq Qırmızı Xaç
Komitəsi ilə bağlı səsləndirdiyi fikir diqqət çəkdi. Bu qurum da fəaliyyətini düzgün
istiqamətdə qurmalıdır. Çünki Xankəndi Azərbaycan şəhəridir. Bu zaman sual çıxır
ortaya: komitənin Xankəndindəki ofisi hansı əsasla İrəvandakı mərkəzə tabe olur?
Bu, birbaşa beynəlxalq prinsiplərin pozulmasıdır. Odur ki, komitə bunu mütləq
nəzərə almalıdır”, - Milli Məclisin deputatı bildirib.
“Mən hesab edirəm ki, həm Ermənistanın siyasi rəhbərliyi, həm ictimaiyyəti, həm
də Qarabağda yaşayan erməni sakinlər Prezidentimizin verdiyi mesajları diqqətlə
araşdırsınlar. Xüsusən də Qarabağda yaşayan ermənilər. Onlar separatçıların boş
və uydurma təbliğatına inanmamalıdırlar, çünki həmin qüvvələr cinayətkardır və
cəzalarını mütləq alacaqlar. Onların firavan gələcəyi Azərbaycanın idarəçiliyini
qəbul etməkdən keçir. Gözlərini açıb ölkəmizdə yaşayan digər xalqların
vəziyyətinə baxsınlar. Görsünlər ki, onlar necə də xoşbəxt yaşayırlar, bütün
hüquqları ən ali səviyyədə təmin edilir. O ki qaldı bunu qəbul etməyən erməni
sakinlərə, təbii ki, alternativ yol da var. Seçimlərini edə bilərlər”, - Səttar
Möhbalıyev əlavə edib.


Digər xəbərlər

0.20975303649902