“Azərbaycan Texnologiya Universiteti: uğurlar və hədəflər” - Fotolar

13:39 18-08-2023 | icon 983
“Azərbaycan Texnologiya Universiteti: uğurlar və hədəflər” - Fotolar

Azərbaycan dövlətçiliyinin müasir tarixinə adı əbədi həkk olunan nadir tarixi şəxsiyyət, fenomenal siyasi xadim, Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış və bu anlayışların kökündə duran təhsilin inkişafı dövrü kimi də qəbul edilə bilər. Məhz Ümumilli Liderin təşəbbüsü ilə hakimiyyətinin birinci dövründə bir sıra mühüm təhsil müəssisləri fəaliyyətə başlayıb və bu müəssisələr öz işi ilə Azərbaycanın gələcəyinə işıq salır.

Onlardan biri də Azərbaycan Texnologiya Universitetidir (ATU). Təbii ki, Ulu Öndərin hər bir ideyası kimi ATU-nun yaradılması, bu universitetə olan diqqət xalqın, millətin, Azərbaycanın gələcək intibahına töhfə olaraq hədəflənib və respublikamızı inkişaf etmiş sənaye ölkəsinə çevirməklə sənayenin müxtəlif sahələrini yüksəkixtisaslı milli mütəxəssislərlə təmin etmək məqsədi daşıyıb. Bu gün ali təhsil müəssisəsində rektor vəzifəsini icra edən Yaşar Ömərovun rəhbərliyi ilə yeni dövrə qədəm qoyan Azərbaycan Texnologiya Universitetinin kollektivi o hədəflərin mahiyyətini tam dərk edərək onların reallığa çevrilməsi üçün var-gücü ilə çalışır. 

Son bir il ərzində universitetdə yeni nəfəs, yeni ruh, yeni yanaşmalar hökm sürür. Universitetin bütün fəaliyyət istiqaməti və sahələrində canlanma müşahidə olunur. Aparılan islahatlar ilk növbədə şəffaflığın və tədris prosesində keyfiyyətin yüksəldilməsinin təmin olunmasına, tədris prosesi üçün şəraitin yaxşılaşdırılmasına, tədris-metodiki işin təkmilləşdirilməsinə, elmi potensialın gücləndirilməsinə, professor-müəllim heyətinin bacarıqlarının və maddi vəziyyətinin yüksəldilməsinə hədəflənib.  

Hazırda universitetdə 4 fakültədə, 14 kafedrada 20 ixtisas üzrə kadr hazırlığı aparılır. Bura əsasən texniki və texnoloji ixtisaslar aiddir, lakin bunlarla yanaşı, iqtisadiyyat və idarəetmə, turizm və ekologiya sahəsinə aid olan ixtisaslar üzrə də kadr hazırlığı həyata keçirilir. Növbəti 2023/2024-cü tədris ilindən etibarən universitetdə yeni «Elektrik və elektronika mühəndisliyi» ixtisası üzrə tədrisə başlanılacaq. Hazırda ali təhsil müəssisəsində 3000-ə yaxın bakalavr, 400-ə yaxın magistr olmaqla, 3400 tələbə təhsil alır. Mütəxəssis hazırlığına ümumilikdə 273 professor-müəllim heyəti və 54 nəfər texniki heyət cəlb olunub. 

Tədris ili öncəsi həyata keçirilən bir sıra tədbirlər nəticəsində 2022-2023-cü tədris ilində universitetin tarixində ən yüksək qəbul nəticələri qeydə alınıb.

Bakalavriat səviyyəsi üzrə qəbul 99%, magistr səviyyəsi üzrə isə 96% olub. Halbuki, əvvəlki illərdə bakalavriat səviyyəsi üzrə qəbul göstəricisi heç 70%-ə çatmırdı. Bu göstərici abituriyentlərin universitetə olan inamının artmasına, texniki və texnoloji ixtisaslara marağın çoxalmasına dəlalət edir.

Tədris prosesinin yüksək səviyyədə, mövcud standartlara uyğun təşkili və ona nəzarətin həyata keçirilməsinə, dərslərin müasir interaktiv təlim metodları ilə, İKT-dən istifadə edilərək reallaşdırılmasına nail olunub. Kafedralarda açıq və nümunəvi dərslərin yüksək səviyyədə təşkilinə ciddi nəzarət edilir. 2022-2023-cü tədris ilində universitetdə tələbələrin biliyinin obyektiv, şəffaf qiymətləndirilməsi məqsədilə yazılı və test üsulu ilə keçirilən imtahanların nəticələrinin operativ yoxlanılması təmin edilib. Nəzarət kameraları quraşdırılan auditoriyalar, test suallarının hazırlanaraq öncədən tələbələrə verilməsi, mütamadi açıq qapı günlərinin keçirilməsi, imtahan sessiyaları dövründə mediaturun təşkili, valideynlər tərəfindən prosesin izlənməsi imtahanların şəffaflığının təmin edilməsinə hədəflənib. 

 
 
 
 

Universitetdə son bir il ərzində struktur islahatlar və optimallaşdırma işləri aparılıb. Belə ki, dövrün tələblərinə uyğun olaraq “Turizm sənayesinin təşkili”, “Ətraf mühitin mühafizəsi”, “İdarəetmə” və “İqtisadiyyat” kafedraları yaradılıb.

Keyfiyyətli tədris prosesi ilə yanaşı, tələbələrin gələcəkdə ixtisasları üzrə işlə təmin olunması məsələsi də universitetin əsas hədəflərindən biridir. Bununla bağlı cari ilin may ayında ATU-nun həyətində Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində məzun olacaq tələbələr üçün təşkil olunmuş və 40-dan çox şirkətin iştirak etdiyi “Əmək yarmarkası”nı qeyd etmək olar. Eyni zamanda, ötən tədris ili ərzində bu istiqamətdə tələbələrə dəstək olmaq üçün universitetin profilinə uyğun və ölkədə fəaliyyət göstərən bir çox iri müəssisə və təşkilatlarla (Dövlət Məşğulluq Agentliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Türkiyənin “Galaxy Tekstil”, “Gəncə Şərab-2” ASC, “Azqranata” MMC, “Savalan- ASPI Winery” MMC, “Şirvan şərabları” MMC, Qəbələ Konserv zavodu, “Huawei” şirkəti) əməkdaşlıq müqavilələri imzalanıb. Sözügedən müqavilələr həm də universitetdə kompetensiyaəsaslı tədrisin və səmərəli istehsalat təcrübəsinin təşkilində, eləcə də tələbələr tərəfindən tələb olunan praktiki bacarıq və səriştələrin qazanılmasında dəstək olacaq. 

Tədrisin və elmin beynəlmilləşməsi Azərbaycan Texnologiya Universitetinin prioritet istiqamətlərindən biridir. ATU 2022-2023-cü tədris ili ərzində bir sıra xarici universitetlərlə ikili əməkdaşlıq memorandumu imzalayıb. Ali təhsil müəssisəsi Erasmus+ mübadilə proqramı çərçivəsində İspaniya, Almaniya, Rumıniya və Polşa daxil olmaqla, ümümilikdə Avropanın 7 ölkəsindən müxtəlif nüfuzlu universitetlər ilə fəal əməkdaşlıq qurmağa nail olub. Hazırda universitetə qəbul olan tələbələr həm də sadalanan Avropa universitetlərində 1 semestr müddətində təhsillərini davam etdirmək imkanını əldə edirlər. Belə ki, son 1 il ərzində Erasmus+ mübadilə programı çərçivəsində ATU-nun 10-a yaxın tələbəsi Avropanın universitetlərində 1 semestrlik təhsillərini davam etdirərək, geri qayıdıb. Xaricdə təhsillərini davam edən tələbələrdən bəziləri universitetdə işlə təmin olunublar. Həmçinin, müəllim heyətindən mübadilə proqramında iştirak edən əməkdaşlar əldə etdikləri bilik və bacarıqları ATU-da digər həmkarları ilə bölüşürlər.

Bundan əlavə, Polşanın Bialystok Texnologiya Universiteti ilə magistratura səviyyəsində “Nəqliyyat logistikası” ixtisası üzrə ilk ikili diplom proqramının reallaşdırılması üçün işlər yekunlaşmaqdadır. Digər ixtisaslar üzrə ikili diplom əməkdaşlığını genişləndirmək məqsədi ilə Macarıstan və Rumıniya ilə danışıqlar aparılır.

ATU son bir ildə idman sahəsində ciddi fəallıqla seçilir. Belə ki, ali təhsil müəssisəsi tərəfindən futbol, basketbol və digər idman növləri üzrə həm universitetdaxili, həm də Gəncə şəhəri səviyyəli bir çox tədbirlər təşkil olunub. Eyni zamanda, universitet tələbələri tərəfindən Heydər Əliyevin 100 illiyinə və Zəfər gününə həsr olunmuş fleşmoblar keçirilib. Həmçinin, tələbələrə vətənpərvərliyin təbliği ilə bağlı universitetin şəhid tələbə və məzunların ailələri ilə görüşlər keçirilib, şəhidlərimizin məzarları ziyarətlər edilib. Aztəminatlı ailələrdən olan tələbələrin ehtiyacları da diqqətdən kənarda qalmır, onlara qayğı ilə yanaşılır. Mütamadi həmin kateqoriyadan olan tələbələrə birdəfəlik yardımlar edilib. 

Təbii ki, sadalanan uğurlar bir tədris ilində əldə edilən nailiyyətlərdir. Qarşıda Azərbaycan Texnologiya Universitetini mühüm öhdəliklər, böyük işlər, yeni ideyalar və onların reallaşdırılması, yeni məqsədlər, hədəflər, nəticələr gözləyir. Növbəti illərdə universitetin müasir dövrün çağırışlarına tam cavab verən, keyfiyyət göstəricilərinə, rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil müəssisələrindən birinə çevrilməsinə əzm, peşəkarlıq, təşəbbüskarlıq, məhsuldarlıq, fəaliyyətdə yeni, səmərəli yanaşmalar  təkan verəcək. 

Raqif Hüseynov, iqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Texnologiya Universitetinin Tədris işləri üzrə prorektoru.

 

 

Digər xəbərlər

0.27900004386902