Azərbaycan tarixinin yetirdiyi nadir şəxsiyyət

22:45 24-08-2023 | icon 515
Azərbaycan tarixinin yetirdiyi nadir şəxsiyyət

Xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər
Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Ulu Öndər ölkəmizi
böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna
çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə
xidmətin əyani nümunəsini yaradıb.
3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan
dövləti üçün qurtuluşa aparan yolun ilk pilləsi olmuşdur.
Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Prezident seçdi. Bu
hadisə ölkənin inkişaf tarixində yeni səhifə oldu.
Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi,
əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan
vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək
istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün
fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”Ulu Öndərin
1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın
hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə
sürətlənmişdir. Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası
istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş,
respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə
ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış,
Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin
ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının
alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu
istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.
Ulu Öndərin idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli
özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin
güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının
gerçəkləşdirilməsi ilə səciyyələnmişdir. Xalqın tarixi yaddaşının özünə qaytarılması
onun qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük
hərəkətverici qüvvəyə çevrilməsi, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün
zəmin yaratmışdır.
Ümummilli Lider Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək
səviyyədə gəlmişdir. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində
müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli
Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət
Heydər Əliyevin xüsusi rolu vardır. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin
problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Azərbaycan
xalqının böyük oğlu Heydər Əliyev Azərbaycanın yalnız bu gününü düşünmürdü,
xalqımızın sabahını, dövlətimizin gələcəyini düşünürdü. Mənalı ömrünü öz xalqına həsr
etmiş ulu öndərimizin siyasi irsi dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan
xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ümummilli liderimizin zəngin siyasi
irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə bundan sonra da faydalanacaqdır.
Hələ sağlığında xalqın qəlbində özünə əbədi abidə ucaldan, millətin ümummilli liderinə
çevrilən Heydər Əliyev Azərbaycan xalqı durduqca onunla yaşayacaqdır.

Fuad Əzizov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Göytəpə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin müavini


Digər xəbərlər

0.24329781532288