Prezident Laçında açılışlar etdi - Fotolar

00:43 26-08-2023 | icon 824
Prezident Laçında açılışlar etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Laçın rayonuna səfər ediblər.

Prezident İlham Əliyev “AzərEnerji” ASC-nin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib.

Dövlət başçısı və birinci xanım Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

Prezident İlham Əliyev Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində həyata keçirilən işlərlə tanış olub.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməlqoyma mərasimində, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, prefabrik modul evlərin istehsalı müəssisəsinin və xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin fəaliyyəti ilə tanış olub, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra və “Həkəri Balıq Təsərrüfatı”nın açılışlarında iştirak ediblər.

***

 Dövlət başçısı Laçın rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib.

“AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verib.

Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” Su Elektrik stansiyaları Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq tam yenidən qurulub. Hazırda “Ağbulaq” Su Elektrik Stansiyasında artıq son tamamlama işləri aparılır. “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarında isə işlər başa çatdırılıb.

Qeyd olundu ki, “Mişni” Kiçik Su Elektrik Stansiyasının yenidən qurulması layihəsi çərçivəsində baş suqəbuledici qurğu, 7,2 kilometr uzunluğunda derivasiya boru xətti və maşın zalı yenidən qurulub. Stansiyada Avropa istehsalı olan yaşıl sertifikatlı iki müasir eko-turbin, generatorlar, idarəetmə və avtomatika panelləri quraşdırılıb. Stansiyanın enerjisistemə inteqrasiyası üçün 25 meqavoltamper gücündə 110/10 kV-luq yarımstansiya tikilib, 18 kilometr uzunluğunda 110 kV-luq elektrik verilişi və optik kabel xətləri çəkilib. Bu yarımstansiya “Mişni” stansiyası ilə yanaşı, “Alxaslı” stansiyasında istehsal edilən elektrik enerjisinin ölkə enerjisisteminə ötürülməsi üçün qovşaq funksiyasını daşıyır. Enerjisistemə tam inteqrasiya edilməklə məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulmuş “Mişni” Kiçik Su Elektrik Stansiyasında il ərzində 23 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunacaq.

Bildirildi ki, “Alxaslı” Kiçik Su Elektrik Stansiyasının yenidən qurulması layihəsi çərçivəsində baş suqəbuledici qurğu, 4,3 kilometr uzunluğunda derivasiya boru xətti, maşın zalı yenidən qurulub. Stansiyada Avropa istehsalı olan yaşıl sertifikatlı iki müasir eko-turbin, generatorlar, idarəetmə və avtomatika panelləri quraşdırılıb. Stansiyanın enerjisistemə inteqrasiyası üçün “Mişni” Su Elektrik Stansiyasında tikilmiş 110/10 kV-luq yarımstansiyaya 8 kilometr uzunluğunda 10 kV-luq elektrik verilişi və optik kabel xətləri çəkilib. Enerjisistemə tam inteqrasiya edilməklə məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulmuş “Alxaslı” Su Elektrik Stansiyasında il ərzində 17 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunacaq.

Dövlət başçısı “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarını işə saldı.

Qeyd edildi ki, “Ağbulaq”, “Alxaslı” və “Mişni” stansiyaları ilə yanaşı, bu günədək Laçın rayonunda ümumi gücü 40,5 MVt, illik enerji istehsalı potensialı 120 milyon kilovat-saat olan 5 kiçik su elektrik stansiyası yenidən qurularaq istismara verilib. Hazırda 4 stansiyanın yenidən qurulması üzrə işlər davam etdirilir. Gələn ilin birinci rübündə artıq Laçın rayonunda ümumi gücü 65,5 MVt, illik elektrik enerjisi istehsal potensialı 194 milyon kilovat-saat olan 9 su elektrik stansiyası fəaliyyət göstərəcək.

Bildirildi ki, su elektrik stansiyalarında ekoloji normalar tam qorunur. Bütün layihələr icra edilərkən çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması və onların çay ekosistemində saxlanılması məqsədilə xüsusi balıqkeçirici qurğular tikilib. Avropanın yaşıl sertifikatlı avadanlıqlarından istifadə etməklə çay ekosistemi, o cümlədən flora və fauna tam qorunur, çayların məcralarında ekoloji axımdan iki dəfə artıq miqdarda su saxlanılmaqla, aşağı axım zonasının su təminatı, eyni zamanda, məcraaltı su ehtiyatının formalaşması təmin edilib. Bununla yanaşı, bu işlər görülərkən meşələrin qırılmasına, qayaların dağıdılmasına yol verilməyib, çay məcralarında hidromorfoloji dəyişikliklər edilməyib. Derivasiya boru xətləri çəkilən zaman beynəlxalq təcrübəyə uyğun xüsusi konstruksiyalardan istifadə edilməklə ətraf mühitə təsirlər minimallaşdırılıb. Su elektrik stansiyalarının karbon emissiyasının azaldılmasında rolunu təsdiqləmək üçün beynəlxalq sertifikat əldə edilməsi istiqamətində iş aparılır.

Bu layihələrin sosial-iqtisadi əhəmiyyəti barədə məlumat verilərkən qeyd olundu ki, işğaldan azad edilən ərazilərdə 2021-2023-cü illərdə “AzərEnerji” ASC-nin icra etdiyi layihələr üzrə 3965 işçinin 2570-i yerli sakinlər olub. Daimi iş yerləri ilə təmin edilmiş 197 nəfərin 170-ni Qarabağ və Şərqi Zəngəzur regionundan olan əhali təşkil edir. “AzərEnerji” ASC yerli sakinlərin işlə təminatı üçün tikinti-quraşdırma işlərinə paralel olaraq peşə hazırlığı kursları da təşkil edir. Bu təşəbbüs regionda yeni energetika obyektlərinin tikintisi və istismarında yerli sakinlərin məşğulluğu üçün gələcəkdə də davam etdiriləcək. Bütün elektroenergetika obyektlərində çalışan işçilərin məişət şəraitinin yaxşılaşdırılması üçün mühəndis-yataqxana kompleksləri yaradılıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə tanış olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına aparılan işlər barədə məlumat verib.

Bildirildi ki, inşası sürətlə davam etdirilən 75,8 kilometr uzunluğunda yeni yol mövcud yoldan 32 kilometr qısa olacaq. I və II texniki dərəcəli bu yol ikizolaqlı və dördzolaqlı olmaqla inşa edilir. Yeni yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir.

Dövlət başçısına yol üzərində inşa olunacaq T-9 tuneli barədə də məlumat verilib. Qeyd edilib ki, tunelin uzunluğu 224 metrdir. İkizolaqlı tunelin eni 10,6 metrdir.

*** 

 
 
 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, prefabrik modul evlərin istehsalı müəssisəsinin və xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin fəaliyyəti ilə tanış olublar.

 “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Bildirilib ki, bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Bu işlərdən biri də Laçın rayonunun sənaye zonasında yaradılan mebel fabrikidir. Müəssisədə yataq və qonaq otaqları dəstlərinin, qapıların və digər mebel məhsullarının istehsalı nəzərdə tutulub. Fabrikin illik istehsal gücü 3 min kubmetrdir. Burada Avropa ölkələrinin, Türkiyə və Çinin istehsalı olan avadanlıqlardan, Türkiyə və Rusiyadan alınan xammaldan istifadə olunacaq. İstehsal sahələrində ümumilikdə 100 nəfərin işlə təmin olunması nəzərdə tutulub.

Prezident İlham Əliyev mebel fabrikini işə salıb.

Prefabrik modul evlərin istehsalı müəssisəsi ilə tanışlıq zamanı məlumat verildi ki, burada ildə 200 ev hazırlanacaq. Prefabrik evlərə qonaq, mətbəx, yataq otaqları və sanitar qovşaq daxildir. Bu evlərin daş evlərdən üstünlüyü ondan ibarətdir ki, onlar zəlzələyə davamlı və yüksək dayanıqlılıqla yanaşı, ekoloji cəhətdən təmizdir. Həmçinin uzunömürlü və yanğına davamlı olan bu evlərin digər bir üstünlüyü isə qiymətinin daha sərfəli olmasıdır. Bu müəssisədə də 100 nəfər daimi işlə təmin olunub.

Xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinə baxış zamanı qeyd olundu ki, burada qoyun kəsimi üçün beş, inək kəsimi üçün üç modul tipli avadanlıq quraşdırılıb. Müəssisənin illik istehsal gücü 17 min baş heyvan kəsiminə imkan verir. İstehsal sahəsində kəsim, içalat təmizləmə, soyutma otağı, kiçik hissələrə ayırma, paketləmə konteynerləri yerləşdirilib. Bu müəssisədə 30 nəfər işlə təmin olunacaq.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışında iştirak ediblər.

Dövlət başçısına və birinci xanıma pavilyonda yaradılan şərait barədə məlumat verilib.

Bildirilib ki, Qarabağın çoxşaxəli nadir yaradıcılıq məkanı layihəsi olan “Hoçazfilm” studiyası Laçın şəhərində iki inzibati binadan və bir çəkiliş pavilyonundan ibarətdir. Studiyanın adı Laçın rayonunun əsas rəmzlərindən sayılan Hoçaz qayalıqlarının adından götürülüb. Studiya Laçın başda olmaqla, ümumilikdə Qarabağ regionunun işğal və işğaldan sonrakı dövrlərinin salnaməsini yaratmaqda regional audiovizual mərkəz kimi fəaliyyət göstərəcək. Studiya çəkiliş məqsədilə regiona gələn yerli və xarici film istehsalçılarına bölgənin zəngin təbiəti, imkanları ilə bağlı bələdçilik və lokasiya xidmətləri göstərəcək, onları müvafiq avadanlıqla təmin edəcək. Studiya, həmçinin yerli və xarici media, dövlət təşkilatları, dövlət və özəl kinostudiyalar ilə əməkdaşlıq əsasında regiondan audiovizual kontent təqdim edəcək.

Diqqətə çatdırılıb ki, çoxşaxəli yaradıcılıq məkanı olan “Hoçazfilm”in perspektiv fəaliyyət istiqamətləri çox genişdir. Bu istiqamətlərə Qarabağ regionunun genişmiqyaslı təbliğatı ilə bağlı layihələrin həyata keçirilməsi, bölgədə keçiriləcək mədəni-kütləvi tədbirlərin işıqlandırılması, Laçında yenidənqurma işlərinin, regionun milli brendlərinin və yerli məhsulların təşviqi, kinoteatr və yaradıcı ittifaqla əməkdaşlıq, gənclər üçün yay məktəbləri, yaradıcılıq atelyeləri, kinematoqrafiya, rəsm kursları və müsabiqələrinin təşkili daxildir. Studiyanın tərkibində “Hochaz Hotel” və “Hochaz Kafe” də fəaliyyət göstərəcək.

Məlumat verilib ki, pavilyon texniki təchizat, o cümlədən səs, işıq izolyasiyası baxımından beynəlxalq standartlara uyğundur. Kino sənayesində ən çox tələbat duyulan dekorların hər biri xüsusi olaraq “Hoçazfilm”in sifarişi əsasında hazırlanmış əl işidir. Bütün bunlar kino və digər kommersial çəkilişlər üçün müxtəlif agentliklər və studiyalarla qarşılıqlı faydalı əməkdaşlığın yaradılması baxımından çox əhəmiyyətlidir. Pavilyonda ilkin mərhələdə nadir dekorasiyalar - təyyarə, helikopter, həbsxana, elmi laboratoriya və üçtərəfli yaşıl ekran quraşdırılıb. Kinopavilyonun tələbata uyğun olaraq mütəmadi qaydada yeni dekorlarla zənginləşdirilməsi nəzərdə tutulub.

Həmçinin bildirilib ki, “Hoçazfilm” yaradıcılıq studiyasının ilk layihəsi Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, əslən laçınlı Xosrov bəy Sultanovun həyat və fəaliyyətindən bəhs edən “Qarabağ qubernatoru” bədii-sənədli filmidir. Layihənin məqsədi tarixi paralellər aparmaqla Qarabağ və Zəngəzur ətrafında erməni daşnaklarının və Qafqazda maraqları olan böyük siyasi güclərin həyata keçirdikləri işğalçılıq siyasəti, törətdikləri cinayətlər barədə həqiqətləri dünyaya çatdırmaq, 44 günlük Vətən müharibəsində Zəfər qazanmış Azərbaycan xalqının, dövlətçiliyinin əzəmətini, qüdrətini tərənnüm və təbliğ etməkdir.

Birinci xanım Mehriban Əliyeva: Kino müharibədən sonra Azərbaycan üçün çox vacibdir.

Prezident İlham Əliyev: Xüsusilə indi Qarabağ müharibəsi ilə bağlı, ümumiyyətlə, mövzular çox ola bilər. Müharibənin özü, həm müxtəlif epizodlar, müxtəlif əməliyyatlar.

Birinci xanım Mehriban Əliyeva: Əlbəttə.

Studiyanın əməkdaşı: Silsilə sənədli filmlərimiz var. Sizin uğurlu siyasətiniz sayəsində 44 günlük müharibə ilə böyük uğur əldə etmişik. Bundan artıq heç nə ola bilməz. İnşallah, yaxşı olacaq.

Birinci xanım Mehriban Əliyeva: Amin.

Prezident İlham Əliyev: İndi laçınlılar gəlib öz dədə-baba torpağında yaşayırlar. Uğurlar.

Birinci xanım Mehriban Əliyeva: Sağ olun.

Studiyanın əməkdaşı: Sağ olun.

 

 


















Digər xəbərlər

0.27270412445068