Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin Laçında verdiyi mesajlardan Ermənistan nəticə çıxarmalıdır”

10:03 28-08-2023 | icon 973
Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin Laçında verdiyi mesajlardan Ermənistan nəticə çıxarmalıdır”

“Uzun illər işğal altında olmuş Laçın rayonu hazırda dirçəliş dövrünü yaşayır,
burada sürətli abadlıq-quruculuq işləri aparılır. Görülən işlərin nəticəsi olaraq artıq
1000-ə qədər sakin öz yurduna dönüb və bu proses uğurla davam edir. Bütün bu
işləri dövlətimiz qısa vaxt ərzində həyata keçirib. Digər işğal altında olan
rayonlarımız kimi, ermənilər burada da vandal əməlləri ilə məşğul olub, rayonun
təbii resurslarını talan ediblər. Onlar Laçında yaşayış məntəqələrinin coğrafi
adlarını dəyişdirməkdən tutmuş, qanunsuz məskunlaşmaya qədər hər cür
çirkinliklərə əl atıblar. Bu gün isə mənzərə başqadır, işğalın bütün fəsadları aradan
qaldırılır, rayonun əvvəlki görkəmi özünə qaytarılır”.


Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev deyib.

“Ümumiyyətlə, Şərqi Zəngəzurda və Qarabağda aparılan tikinti işlərinə
dövlətimizin başçısı cənab İlham Əliyev bilavasitə nəzarət edir. Birinci xanım
Mehriban Əliyeva ilə birlikdə bölgəyə mütəmadi səfərlər edərək görülən işlərlə
yerində tanış olur, tapşırıq və tövsiyələrini verir. Prezident İlham Əliyevin və
birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına sonuncu səfəri
də bu baxımdan əlamətdar oldu, bir sıra obyektlərin təməlqoyma və açılış
mərasimlərində iştirak etdilər, Laçında yerli sakinlərlə görüşüb söhbətləşdilər.
Təbii ki, öz yurdlarına dönən laçınlıların üzlərindəki sevinc hissləri hər birimizi
fərəhləndirdi, onlar ən böyük arzularına qovuşublar və buna görə də Prezidentə
təşəkkürlərini bildirirdilər. Dövlətimizin başçısı həmçinin Laçın şəhərində “Laçın
Şəhəri Günü” bayram tədbirində iştirak etdi. O, tədbirdəki çıxışında bir daha bəyan
etdi ki, bizim iradəmizə heç kim təsir edə bilməz. Məlumdur ki, təcavüzkar planları
alt-üst olan, işğalçı ordusu məhv edilən Ermənistan tərəfi çirkin və yalan anti-
Azərbaycan təbliğatı aparır, Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasına
etiraz edərək ölkəmizin daxili işlərinə qarışmağa cəhd göstərir. Hətta bu yolda saman söpünə belə əl atmağa çalışır, elə güman edir ki, havadarlarının köməyi ilə güya nəyəsə nail ola bilər. Amma unudur ki, Fransanın və digər işğalı dəstəkləyən “dostlarının” əli nə qədər uzun olsa da, bizim torpaqlara gəlib çatmaz, çünki
Azərbaycan güclü dövlətdir, buna heç vaxt yol verməz. Sərhəd-buraxılış
məntəqəsinin qurulması Azərbaycanın suveren hüququdur, beynəlxalq hüquq da
bizim tərəfimizdədir. Prezidentimiz bu barədə son sözü dedi. Odur ki, Ermənistan
sadəcə vaxt itirir və bununla düşdüyü vəziyyəti daha da ağırlaşdırır. Bir sözlə,
status-kvo dəyişməzdir”, - Milli Məclisin deputatı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev xalqına nə vəd veribsə, onun hamısını
yerinə yetirib, əməli ilə sözünü hər zaman təsdiqləyib: “Çıxışında dövlətimizin
başçısı ad günündə -  50 yaşım tamam olanda Ağcabədi rayonunun Taxtakörpü
qəsəbəsində  laçınlılarla verdiyi vədi xatırlatdı. Artıq nəticə ortadadır. Öz yurduna
qayıdan laçınlılar daha rahat, müasir mənzillərlə təmin edilirlər. Onların Laçında
firavan yaşaması üçün hər cür şərait yaradılır. Bütün bu nailiyyətlərin önündə
dövlətimizin başçısı cənab İlham Əliyevin müdrik idarəçiliyi dayanır”.


Digər xəbərlər

0.22001004219055