Milli maraqların qorunması naminə siyasi iradə

10:13 28-08-2023 | icon 760
Milli maraqların qorunması naminə siyasi iradə

23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış
məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz
beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi
qoruyuruq və qoruyacağıq. “Laçın” sərhəd-buraxılış məntəqəsinin beynəlxalq
legitimliyi tam təminatlıdır. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli
yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə
bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid
məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib.
Prezident İlham Əliyevin 1 may 2023-cü il tarixində ABŞ dövlət katibi Antoni
Blinkenlə telefon danışığı zamanı qeyd etmişdir: “Azərbaycan-Ermənistan
sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren
hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib.
Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və
artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Azərbaycanın Qarabağ
bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və
ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır”.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən
sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan
tarixinə qızıl hərflərlə yazıldı. Bu hadisə qürur duyulası hal və ali ədalətin
təntənəsidir.
Bir zamanlar torpaqlarımızı işğal edən, soydaşlarımızı öz doğma yurd-
yuvalarından didərgin salan, onları qətlə yetirən düşmən indi şanlı Azərbaycan
bayrağının altından keçərək, sərhədçilərimizin önündə dinməz-söyləməz farağat
dayanır. Azad edilmiş ərazilərə hər gələn insan öz gözləri ilə erməni vəhşiliyinin
təzahürlərini görür. Əgər bu torpaq onlara məxsus idisə, nə üçün şəhərlər, kəndlər
viran qoyulub, nə üçün bütün tarixi abidələr dağıdılıb? Onlar da bilirdilər ki, gec-tez
biz gələcəyik, biz də bilirdik ki, gec-tez biz gələcəyik. İşğal dövründə keçmiş
köçkünlərlə çoxsaylı görüşlərdə mən deyirdim ki, gün gələcək biz öz bayrağımızı
Laçında, Şuşada, o vaxt işğal olunan digər şəhərlərdə qaldıracağıq. Ermənistan
dövləti kimi, Ermənistanın xaricdəki havadarları da hesab edirdilər ki, bu torpaqlar
əbədi işğal altında qalmalıdır. Bizim iradəmiz, bizim gücümüz, bizim yumruğumuz
onların da başına dəydi. Çünki bizim torpağımızda ikinci Ermənistan, ikinci erməni
dövlətinin yaradılması təkcə Ermənistan rəhbərliyinin məhsulu deyildi. Azərbaycanın
fəaliyyəti bölgədə sülhün bərqərar olmasına şərait yaradır və separatçıların növbəti
təxribatlarının qarşısını alır.

Vüsal Kazımov,
“Azərpoçt” MMC Cəlilabad Regional Poçt filialının rəisi


Digər xəbərlər

0.36174607276917