Klassik avtomobillərin yürüşündən - Video - Fotolar

15:32 28-08-2023 | icon 1713
Klassik avtomobillərin yürüşündən - Video - Fotolar

Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Zhara Events”in təşkilatçılığı ilə avqustun 27-də klassik avtomobillərin yürüşü və sərgisi keçirilib.

Bu avtomobillər yürüş üçün Avtomobil Federsiyasında qeydiyyat keçən və Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatları olan nəqliyyat vasitələri olub.

Heydər Əliyev Mərkəzinin qarşısından start götürən klassik avtomobillər “Sea Breeze” istirahət mərkəzinədək yürüş ediblər. Yürüşə 1983-cü ilədək istehsal olunan nəqliyyat vasitələri qatılmışdı. Əvvəlcə klassik avtomobillər şəhərin mərkəzi küçələri ilə hərəkət ediblər.

Artıq ənənə halını almış yürüşdə paytaxt küçələrini müxtəlif illərdə və ölkələrdə istehsal olunan klassik avtomobil karvanı bəzəyib. Bu avtomobillərin hər birinin olduqca maraqlı tarixi var. Həmin avtomobillər dövrünün müasiri olsa da, zaman keçdikcə onların tarixi dəyəri daha da artır.

Retro nəqliyyat vasitələri şəhər sakinləri, paytaxtımızın qonaqları və klassik avtomobil həvəskarlarında nostalji hisslər yaradaraq, keçmişə səyahət hissi bəxş edib.

Maşın karvanında qeyri-adi  avtomobillər də yer almışdı. Məlum olduğu kimi, dünya təcrübəsində nadir hallarda avtomobillərə fərqli dekorativ kompozisiyalar quraşdırılaraq müxtəlif incəsənət nümunələri yaradılır. Azərbaycanda ilk dəfə avtomobil üzərində nəbati elementlərdən ibarət dekorativ kompozisiya məhz Qaz-M21 Volqa avtomobili üzərində edilib. Yürüşdə iştirak edən bu Qaz-M21 Volqa görünüş etibari ilə avtomobil üzərində quraşdırılan unikal dekorativ-tətbiqi sənət kompozisiyalarından biri hesab olunur.

50 kilometrdən çox məsafəni qət edərək “Sea Breeze” istirahət mərkəzinə çatan klassik avtomobillərin burada sərgisi olub.

Məkanda müxtəlif təqdimatlar və əyləncələrin keçirildiyi sponsorlar zonası da təşkil edilmişdi. Burada son illərdə paytaxt Bakının ev sahibliyi etdiyi “Formula 1”in bolidi də yer almışdı.

Tamaşaçılara həmçinin  tanınmış ifaçıların iştirakı ilə retro tərzdə konsert də təqdim edilib. Konsertdə sevilən müğənnilər Aisel, Cin, Dilarə Kazımova, Nigar Camal, EMİN, Murad Arif, Nura Suri, Rilaya Hüseynzadə, Zamiq Hüseynov çıxış ediblər.

Klassik avtomobillərin yürüşü zamanı “Sea Breeze”də ziyarətçilər üçün əyləncə proqramı da təşkil olunmuşdu: müsabiqələr keçirilib, müxtəlif nominasiyalarda hədiyyələr təqdim edilib. “Ən nizamlı sürücü” adını “Moskviç-412” markalı avtomobilin sürücüsü Təbriz Qorçiyev alıb. “Ən unikal avtomobil” nominasiyasına “Jaguar E-Type” avtomobilinin sahibi Graeme Alexander Taylor layiq görülüb. “Ən qədim avtomobil” nominasiyasında “Ford Model A” markalı avtomobilin sahibi Azad Kərimov qalib seçilib. “Məşhurların seçimi olan avtomobil” nominasiyasında qalib isə “Volvo” markalı avtomobilin sahibi Murad İsmayılov olub.

“Ən rəngarəng retro geyim” nominasiyasında birinci yerə Gülnar Hacızadə, ikinci yerə Könul Quliyeva layiq görülüblər. “Ən rəngarəng geyim və xüsusi qonaq” nominasiyasında isə Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Guo Min təltif olunub.

 

 































Digər xəbərlər

0.30115699768066