Azərbaycanın füsunkar guşəsi Laçının gələcəyi parlaqdır

15:31 29-08-2023 | icon 633
Azərbaycanın füsunkar guşəsi Laçının gələcəyi parlaqdır

Prezident İlham Əliyevin 26 avqust tarixində Laçın şəhərində Həkəri çayının
sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışında Laçın şəhərinin
sakinlərini uzun fasilədən sonra öz doğma şəhərinə qayıtmaları münasibətilə təbrik
etmişdir. Dövlət başçısı öz çıxışında tarixi mesajlar vermiş, bəyan etmişdir ki,
müstəqil Azərbaycan dövləti dünya miqyasında öz mövqelərini kifayət qədər
möhkəmləndirib və istənilən nəticəni əldə etməyə qadirdir.
Laçın rayonu 1992-ci ilin may ayında, Şuşadan 10 gün sonra işğal olunmuşdu.
İşğaldan 28 il sonra Azərbaycan xalqının beynəlxalq qanunlarının aliliyini və tarixi
ədaləti özü bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi
rəşadətli Azərbaycan Ordusunun və xalqımızın 44 günlük Vətən müharibəsində əldə
etdiyi qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, kapitulyasiya etmiş
Ermənistan dekabrın 1-də Laçın rayonunu təhvil verdi. Lakin bundan əvvəl, yəni,
noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan
Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi.
Əldə edilmiş razılaşmaya görə, ermənilərin yaşadıqları Qarabağ bölgəsi ilə
Ermənistan arasında bir yol bağlantısı olmalı idi və Rusiya sülhməramlı qüvvələri bu
yola nəzarət etməli idilər. Beləliklə, Laçın şəhəri hələ də faktiki olaraq işğal altında idi
və məhz noyabrın 10-na qədər gedən danışıqlar nəticəsində mən təkidlə nail oldum
ki, yeni yol çəkiləcək və yeni yol çəkiləndən sonra Laçın şəhəri bizə qaytarılacaq.
Yolun razılaşdırılması üçün üç il vaxt müəyyən edilmişdi, sadəcə olaraq, yolun
marşrutunun razılaşdırılması üçün. Biz nəinki bunu razılaşdırdıq, eyni zamanda,
ilyarım ərzində bu yolu inşa etdik və avqustun əvvəlində artıq Laçında yaşamış
ermənilərə və Rusiya sülhməramlı qüvvələrinə bildiriş göndərdik ki, biz artıq gəlirik,
xahiş edirik, buradan çıxın. Ondan sonra bizdən xahiş olundu ki, müəyyən vaxt
verilsin, avqustun 25-nə qədər vaxt verilsin və ondan sonra onlar Laçını, Zabux və
Sus kəndlərini boşaldacaqlar. Beləliklə, avqustun 25-də sonuncu erməni işğalçı,
yaxud ki, qanunsuz yaşayan Laçını tərk etdi və avqustun 26-da biz Laçına qayıtdıq.
Prezident bildirib ki, Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri
yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla
əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma
ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı,
çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi
təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial
Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin
mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15
dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin
yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə
tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.
Biz möhkəm inanırıq ki, Prezidentimizin rəhbərliyi ilə Qarabağımızın qala qapısı
sayılan Laçın qısa müddətdə öz əvvəlki şöhrətini bərpa edəcək, onun hər qarışında
həyat yenidən canlanacaq, laçınlılar tezliklə öz doğma yurd-yuvalarında şad-firavan
yaşayacaqlar.
Vahid Mirzəyev,
Cəlilabad RİHBA-nın Dini qurumlarla işin təşkilatçısı


Digər xəbərlər

0.20118594169617