AHİK “Heydər Əliyev İli” çərçivəsində gənclərin iştirakı ilə konfrans keçirib

08:53 08-09-2023 | icon 662
AHİK “Heydər Əliyev İli” çərçivəsində gənclərin iştirakı ilə konfrans keçirib

Sentyabrın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK)
təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan gəncliyinin
formalaşmasında və inkişafında Heydər Əliyevin rolu” mövzusunda konfrans
keçirilib.
Xaçmaz rayonunun Nabran kəndində yerləşən “Təhsil” istirahət mərkəzinin
konfrans zalında təşkil olunan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, elm və
təhsil nazirinin müşaviri Elnur Nəsibov, Konfederasiyanın əməkdaşları, ölkəmizin
ali təhsil müəssisələrinin tələbələri və fəal gənclər iştirak ediblər.
Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyev
başda olmaqla Vətənimizin azadlığı və müdafiəsi uğrunda şəhid olmuş oğul və
qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni
səsləndirilib.
İştirakçıları salamlayan AHİK sədri Səttar Möhbalıyev Ulu Öndər Heydər
Əliyevin müəllifi olduğu dövlətimizin gənclər siyasətindən danışıb, onun həm
sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, həm də müasir müstəqil
Azərbaycanın Prezidenti olarkən gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib:
“Heydər Əliyev Azərbaycan dövlətini yaratdı və bu gün siz gənclər həmin dövlətin
xoşbəxt vətəndaşlarısınız. Ulu Öndər bu dövləti Sizin üçün qurdu, bu yolda bütün
mənalı ömrünü xərclədi və yalnız xalqı, Vətəni, banisi olduğu dövləti üçün yaşadı.
Heydər Əliyev sovet Azərbaycanın rəhbərliyinə gələrkən ölkəmiz ittifaq
səviyyəsində geri qalan respublikalardan biri idi. Onun müdrik rəhbərliyi
Azərbaycanın böyük sosial-iqtisadi inkişafına yol açdı, respublikamız iri sənaye
ölkəsinə çevrildi”.

 

“Gənclərimiz də hər zaman Ulu Öndərin diqqət və qayğısı ilə əhatə
olunmuşdu. Biz həmin vaxtın gəncləri olaraq bunu öz həyatımızda hiss edirdik. O
çalışırdı ki, azərbaycanlı gənclər elmli olsun, müasir biliklərə yiyələnsinlər. Xarici
Dillər İnstitutu, İnşaat Mühəndisləri İnstitutu, Naxçıvan Pedaqoji İnstitutu,
Qarabağda Pedaqoji İnstitut Heydər Əliyevin təşəbbüsü ilə həmin dövrdə yaradıldı.
Şəxsən onun təşəbbüsü ilə SSRİ-nin Moskva, Leninqrad, Kiyev və başqa ali
məktəblərində oxumağa göndərilən tələbələrin sayı hər il artırdı. Cəmşid
Naxçıvanski adına Hərbi Liseyin yaradılması barədə təşəbbüsü isə onun polad
iradəsini bir daha göstərdi”, - Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, müdrik xalqımız Heydər Əliyevin qurucu, yaradıcı,
təşəbbüskar ruhuna, Vətəninə olan sonsuz məhəbbətinə, qətiyyətli, qorxmaz
iradəsinə ötən əsrin 70-ci illərindən yaxşı bələd idi: “Məhz bu səbəbdən idi ki, 90-
cı illərin əvvəllərində düşdüyü ağır böhrandan çıxmaq üçün xalqımız Heydər
Əliyevi hakimiyyətə gətirdi. Nəticə isə bu gün ortadadır. Bütün sahələrdə dinamik
inkişaf edən, regionun lideri, dünyada böyük söz sahibi olan qalib Azərbaycan.
Heydər Əliyevin müəyyən etdiyi dövlətimizin Gənclər Siyasəti sağlam ruhlu,
sağlam düşüncəli, Vətəninə və dövlətinə sadiq, mənəviyyatca zəngin gənclərin
yetişməsinə mühüm zəmin yaradıb”.
AHİK sədri vurğulayıb ki, 2003-cü ildən başlayaraq dövlətimizin başçısı
cənab İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr
əsasında daha da təkmilləşdirib: “Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu gənclərin istedadının üzə
çıxarılması istiqamətində fəal iş aparır. Həmçinin Heydər Əliyev Fondunun vitse-
prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr
gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin
əlaqələndirilməsində mühüm rol oynayır”.

 

“Azərbaycan həmkarlar ittifaqları dövlətimiz tərəfindən müəyyən olunan
gənclər siyasətinə öz səlahiyyətləri çərçivəsində fəal dəstək verir. Həmkarlar
ittifaqı üzvlərinin 38,5 faizini 29 yaşadək gənclər təşkil edir. Biz də gənclərin
həmkarlar ittifaqlarının fəaliyyətində yaxından iştirakını yüksək qiymətləndiririk
və onları həmkarlar ittifaqlarının gələcək inkişafının və daha da
möhkəmlənməsinin əsas mənbəyi hesab edirik”, - Milli Məclisin deputatı qeyd
edib.
Səttar Möhbalıyev əlavə edib ki, ölkəmizin hər bir uğurunun təməlində
Heydər Əliyevin siyasi kursu dayanır: “Odur ki, Ulu Öndərin zəngin irsinin
öyrənilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi hər birimizin müqəddəs
borcudur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında
Heydər Əliyev Fondu Ulu Öndər siyasətini uğurla gerçəkləşdirir, bu irsi ləyaqətlə
yaşadır. Bu işdə gənclərimiz daha fəal olmalıdır. Əminik ki, Heydər Əliyevin irsi
bundan sonra da doğma Azərbaycanımızın yeni zirvələr fəth etməsinə parlaq işıq
tutacaq”.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxışında “Heydər
Əliyev İli” çərçivəsində ölkəmizdə, o cümlədən Xaçmazda təşkil olunan
tədbirlərdən, həyata keçirilən layihələrdən danışıb, Ulu Öndərin xilaskarlıq
missiyasından və gənclər siyasətindən söz açıb. Bildirib ki, Heydər Əliyev
Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə dövlətçiliyimizin təməllərini elə
mükəmməl formalaşdırdı ki, bu, yüzilliklər boyu Azərbaycanın uğurlu inkişafının
təminatçısıdır: “Ulu Öndər az müddətdə ölkəmizi hərtərəfli inkişaf məkanına
çevirdi. Öncə vətəndaş müharibəsinin qarşısını alaraq, respublikanı parçalanma
təhlükəsindən azad etdi. Müdrik idarəçilik keyfiyyətləri sayəsində ictimai-siyasi
sabitliyi bərpa edən Ümummilli Lider demokratik vətəndaş cəmiyyətinin əsasını
qoydu”.

 

Elnur Rzayev vurğulayıb ki, Azərbaycanı gənclər ölkəsi, gəncləri isə
Azərbaycanın gələcəyi hesab edən Ulu Öndər gənclərə diqqət göstərilməsini dövlət
siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirib.
Elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov isə çıxışında Ulu Öndərin
təhsil siyasətindən, bu sahə üzrə keçirdiyi islahatlardan, əsasən peşə təhsilinin
inkişafına verdiyi töhfələrdən bəhs edib. Onun sözlərinə görə, Ümummilli Liderin
uğurlu təhsil siyasətinin nəticəsi olaraq artıq 2003-cü ildə dünyanın nüfuzlu ali
təhsil ocaqlarında 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil
alırdı: “Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial vəziyyəti hər zaman
Ulu Öndərin diqqətində idi. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq
və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul
imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara
“Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin
daha bir nümunəsidir”.
Daha sonra Vətən müharibəsi qazisi, İqtisad Universitetinin tələbəsi Xəyyam
Qədiməliyev və Nigar Hüseynzadə, Dillər Universitetinin tələbəsi Zeynəb
Salmanova, Memarlıq və İnşaat Universitetinin tələbəsi Leyla Məmmədli, Bakı
Mühəndislik Universitetinin tələbəsi Səbuhi Rüstəmov, Neft və Sənaye
Universitetinin tələbəsi Rəşid Əliyev və digərləri çıxış edərək Ümummilli Liderin
milli dövlətçilik siyasətindən, ölkəmizin iqtisadi müstəqilliyinin təmin olunması
istiqamətində atdığı addımlardan, ordu quruculuğundan, onun müdrik rəhbərliyi
sayəsində ölkəmizin qazandığı fundamental nailiyyətlərdən, həmçinin hazırda
Azərbaycanda gənclərin inkişafı üçün yaradılmış şəraitdən və 44 günlük Vətən
müharibəsində gənclərin rəşadətindən danışıblar.
Sonda AHİK sədri Səttar Möhbalıyev tələbələrə bir sıra tövsiyələr verib və
növbəti tədris ilində uğurlar arzulayıb.


Digər xəbərlər

0.27078914642334