Şəfəq Hüseynlinin rəhbərlik etdiyi komitənin növbəti iclasına Strasburq ev sahibliyi edib

16:25 11-09-2023 | icon 707
Şəfəq Hüseynlinin rəhbərlik etdiyi komitənin növbəti iclasına Strasburq ev sahibliyi edib

Antidopinq sahəsində gender bərabərliyi standartlarının müəyyənləşməsi məqsədilə Avropa Şurasının gender bərabərliyi üzrə xüsusi komitəsinin (GECA) növbəti – yeddinci iclası Fransanın Strasburq şəhərində keçirilib.

Tədbirə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru, GECA-nın rəhbəri Şəfəq Hüseynli sədrlik edib.

İclasa Norveç, İrlandiya, Finlandiya, Polşa, Sloveniya və Rumıniyanın, habelə Ümumdünya Antidopinq Agentliyi (ÜADA), Beynəlxalq Olimpiya Komitəsi, UEFA, Avropa İttifaqının İdman Təşkilatı (EU Athletes), ABŞ-ın, Avropa Şurasının Gender Bərabərliyi Bölməsinin, Avropa Şurasının katibliyinin nümayəndələri və gender bərabərliyi üzrə ekspertləri qatılıblar.

İclasda Şəfəq Hüseynlinin müəllifi olduğu “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsinin icrası istiqamətində görülən işlər və əldə olunan nailiyyətlər müzakirə olunub.

Şəfəq Hüseynli bildirib ki, layihə çərçivəsində iki mühüm tədqiqata yekun vurulub. Belə ki, 50-yə yaxın ölkənin milli antidopinq agentlikləri arasında gender bərabərliyinin vəziyyəti mövzusunda keçirilmiş sorğunun nəticələri, həmçinin gender bərabərliyinin beynəlxalq standartlarda, konvensiyalarda, Beynəlxalq Antidopinq Məcəlləsində və qlobal antidopinq məcburi tənzimləyici sənədlərdə tətbiqinin vəziyyəti analiz edilib. Hər iki tədqiqat üzrə ilkin hesabat hazırlanıb.

Layihə çərçivəsində müsahibələrə start verildiyinidiqqətə çatdıran Şəfəq Hüseynli vurğulayıb ki, ilk müsahibə ÜADA-nın prezidenti Vitold Banka ilə təşkil olunub. Antidopinq sahəsində tanınmış və görkəmli şəxslərdən müsahibələrin alınması prosesi davam edəcək. Müsahibələrin yekunu olaraq 10 milli antidopinq agentliyinin nümayəndəsinin iştirakı ilə iclas təşkil olunacaq. Həmin iclasda yer alacaq qrup müxtəlif qitələrdə və ölkələrdə antidopinq sahəsində gender bərabərliyinin vəziyyətini müzakirə edəcək, əldə olunan nailiyyətlər və perspektivlər barədə fikir mübadiləsi aparacaq.

AMADA-nın rəhbəri bildirib ki, layihənin nəticəsi olaraq yekun hesabat hazırlanacaq. Bu hesabat əsasında tövsiyə xarakterli sənəd tərtib ediləcək və Avropa Şurası tərəfindən təsdiq olunduqdan sonra bütün üzv dövlətlərə göndəriləcək. Həmin sənəddə gender bərabərliyi sahəsində atılması vacib olan addımlar öz əksini tapacaq.

Sentyabrın sonunda ÜADA-nın İcraiyyə Komitəsinin və Təsisçilər Şurasının iclasının keçiriləcəyini xatırladan Şəfəq Hüseynli həmin tədbirdə GECA-nın uğurla fəaliyyəti barədə qurumun prezidenti Vitold Bankanın çıxış edəcəyini vurğulayıb. Bildirib ki, çıxış zamanı ÜADA-nın GECA-ya müşahidəçi üzv qismində cəlb edilməsi, komitənin təqdirəlayiq nailiyyətlər qazanması və Bakıda təşkil olunan altıncı iclasın yekunları tədbir iştirakçılarının diqqətinə çatdırılacaq.    

İclasda, həmçinin tövsiyə xarakterli sənədin formatı və məzmunu barədə də fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, GECA-nın ötən – altıncı iclasına iyunun 27-28-də Bakı ev sahibliyi edib.


Digər xəbərlər

0.29023599624634