Səttar Möhbalıyev: “Azərbaycanın tranzit imkanları Mərkəzi Asiya ölkələri üçün faydalıdır”

20:41 15-09-2023 | icon 517
Səttar Möhbalıyev: “Azərbaycanın tranzit imkanları Mərkəzi Asiya ölkələri üçün faydalıdır”

“Ötən əsrin 90-cı illərinin əvvələrində ağır siyasi, sosial-iqtisadi böhran yaşayan
Azərbaycanı düşdüyü çətin vəziyyətən xilas edən Ulu Öndər Heydər Əliyevin
müəyyən etdiyi yol ölkəmizi bugünkü inkişaf səviyyəsinə çıxarıb. Məhz onun
hazırladığı Azərbaycanın inkişaf strategiyasını cənab İlham Əliyevin uğurla davam
etdirməsinin nəticəsidir ki, nəzərdə tutulan bütün hədəflərə nail olunub. Sözsüz ki,
hər bir dövlətin gücü həm də onun iqtisadi potensialından irəli gəlir. Ölkəmizin
iqtisadi qüdrəti göz qabağındadır, davamlı olaraq inkişaf edir, dünyada bu sahədə
yaşanan böhranlardan dayanıqlı olduğu üçün təsirsiz ötüşür. Həmçinin Azərbaycanda
möhkəm sabitliyin, əmin-amanlığın bərqərar olması, hərbi-siyasi gücünün günü-
gündən artması, öz torpaqlarını işğaldan azad etməklə yeni reallıqlar yaratması,
regionun inkişafına mühüm töhfələr verməsi ölkəmizin qlobal aləmdə nüfuzunu xeyli
artırıb, mövqelərini yüksəldib, onu mövcud olduğu regionun liderinə çevirib.
Dövlətimizin başçısı cənab İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə
ərsəyə gələn nəhəng layihələr isə dünyaya meydan oxuyur, iştirakçı olan dövlətlərin
iqtisadi inkişafına səbəb olur. Ölkəmizi dünya üçün əhəmiyyətli edən digər məqam
isə onun etibarlı tərəfdaş statusu qazanmasıdır. Bu səbəbdəndir ki, əməkdaşlıq
etdiyimiz bütün dövlətlər Azərbaycanla münasibətləri yüksək qiymətləndirirlər”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev deyib.
Onun sözlərinə görə, hazırda Avropanın üzləşdiyi çətin enerji böhranından xilas
olmasında önəmli rol oynayan Azərbaycan, həm də Mərkəzi Asiya ölkələrinin
iqtisadi inkişafında, ticarət əlaqələrinin genişlənməsində vacib ölkə hesab olunur:
“Odur ki, məhz bu zəmində xüsusən son illər həmin ölkələrlə münasibətlərdə
əlaqələrimiz durmadan genişlənir. Dövlət başçıları səviyyəsində təşkil olunan
qarşılıqlı səfərlər, keçirilən görüşlər, imzalanan sənədlər əhəmiyyətinə görə
əməkdaşlığımıza strateji xarakter qatır. Prezident İlham Əliyevin Tacikistanda
keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə fəxri qonaq qismində dəvət olunması orada təmsil olunan ölkələrlə əlaqələrimizin qarşıdakı illərdə də bir çox sahələr üzrə inkişafı baxımdan xeyli önəm daşıyır. Burada diqqət çəkən məqam həm də o idi ki, Məşvərət görüşünə ilk dəfə regiondan kənarda
yerləşən ölkə kimi Azərbaycan dəvət olundu. Təbii ki, bu, bir yandan ölkəmizin həm
regionda, həm də beynəlxalq aləmdə genişlənən imkanları, sülh və təhlükəsizliyin
təmin olunmasına verdiyi mühüm töhfələri ilə bağlıdırsa, digər tərəfdən bilavasitə
dövlətimizin başçısı cənab İlham Əliyevin şəxsi nüfuzundan, qlobal təşəbbüslərinin
səmərəliliyi və fikirlərinin əhəmiyyətindən irəli gəlir”.
“Prezident İlham Əliyev tədbirdə çıxışı zamanı bir sıra məqamları qeyd etdi.
Görürük ki, Mərkəzi Asiya ölkələri ilə ticarət sahəsində əlaqələrdə xeyli yüksəliş var.
Ötən il ticarət dövriyyəsində müşahidə olunan 3 dəfədən çox artım kifayət qədər
yüksək göstəricidir. Bildiyimiz kimi, Azərbaycan əlverişli coğrafi mövqeyə sahibdir,
beynəlxalq və regional nəqliyyat dəhlizlərinin üzərində yerləşir, logistik imkanları
genişdir, həmçinin tranzit yük daşımalarının səmərəli təşkilinə və etibarlı təminatına
tam zəmanət verir. Prezidentimiz Azərbaycanın bütün nəqliyyat-logistika
infrastrukturunun onlar üçün açıq olduğunu bəyan etdi. Həmçinin Bakı-Tbilisi-Qars
dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona, Bakı
Ticarət Limanının imkanlarının 25 milyon tona qədər artırılması hədəflənir. Bütün
bunlar, sözsüz ki, orta asiyalı qardaşlarımız üçün böyük imkanlar deməkdir”, - Milli
Məclisin deputatı bildirib.
AHİK sədri əlavə edib ki, ümumilikdə Prezident İlham Əliyevin Tacikistana
səfəri, Məşvərət görüşündə iştirakı qardaş ölkələrlə mövcud olan qarşılıqlı faydalı
əməkdaşlığımızda yeni səhifələr açacaq, münasibətlərimizi genişləndirəcək, eləcə də
dövlətimizin beynəlxalq nüfuzunu yüksəldəcək.


Digər xəbərlər

0.27307796478271