“İlin peşəkar gənci” adına layiq görülmüş gənclər mükafatlandırılıb

15:42 18-09-2023 | icon 511
“İlin peşəkar gənci” adına layiq görülmüş gənclər mükafatlandırılıb

Sentyabrın 18-də 2022-ci il üçün “İlin peşəkar gənci” adına layiq görülmüş
gənclərə diplom, döş nişanı və vəsiqələrin təqdim edilməsi mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi
və kollektivi, üzv təşkilatların sədrləri və məsul əməkdaşları, həmçinin KİV
nümayəndələri iştirak ediblər.

“İlin peşəkar gənci” adına layiq görülmüş gəncləri təbrik edən AHİK sədri, Milli
Məclisin deputatı Səttar Möhbalıyev dövlətimizin gənclər siyasətindən danışıb,
ölkəmizdə gənclərin inkişafı üçün yaradılmış şəraitdən bəhs edib.

Tarixən gənclərin cəmiyyətlərdə əsas hərəkətverici qüvvə olduğunu bildirən Səttar
Möhbalıyev Ulu Öndər Heydər Əliyevin gənclərə xüsusi diqqət yetirdiyini, onların
sağlam mühitdə böyüməsi və tərbiyə alması, müasir elmi biliklərə yiyələnməsi, peşəkar
kadr kimi yetişməsi üçün dövlət səviyyəsində hər şey etdiyini bildirib.

Qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti dövlətimizin başçısı
cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir və gənclər ölkəmizin
dinamik inkişafında müstəsna rol oynamaqdadır: “Gənclərin rifahına xidmət edən dövlət
proqramlarının icrası gənclərin potensialının inkişafına, məşğulluğunun təmin
olunmasına mühüm töhfələr verib. Dövlət quruculuğu prosesində və ölkənin ictimai-
siyasi həyatında gənclərin fəaliyyəti təmin olunur, yaradıcı potensialı, bilik və bacarığı
yüksək qiymətləndirilir. Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın ətrafında
dəmir yumruq kimi birləşən gənclərimiz böyük birlik nümayiş etdirdilər və Vətənin
müdafiəsinə qalxdılar. Məhz onların vətənpərvərlik hissi, yüksək döyüş ruhu ilə 30 ilə
yaxın işğal altında olan torpaqlarımız 44 günə azad edildi”.

AHİK sədri vurğulayıb ki, həmkarlar ittifaqları dövlətimizin gənclər siyasətinə fəal
dəstək verir: “İttifaqımızın 22,2 faizini 29 yaşadək gənclər təşkil edir. AHİK müxtəlif
vaxtlarda “Gənclər siyasəti konsepsiyası”, “Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasətinin həyata keçirilməsi”, “Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasəti üzrə fəaliyyətinin əsas istiqamətləri” və digər qərar və sənədlər qəbul edərək həyata keçirib.

Hər il yay aylarında həmkarlar ittifaqlarının gənc liderlərinin forumları keçirilir,
maarifləndirmə kursları təşkil olunur. Əlaçı tələbələr üçün təqaüdlər təsis edilir.
İndiyədək 3000 nəfərə qədər gənc bu təqaüdə layiq görülüb. Bir neçə ali məktəbdə
aztəminatlı ailələrdən olan 300-dək tələbənin nahar xərcləri, onlarla imkansız tələbənin
təhsil haqlarının 30 %-i, bəzilərinin isə 100 %-i həmkarlar ittifaqı tərəfindən ödənilir.
Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alan 2 mindən çox kursantı diplom və
qiymətli hədiyyələrlə mükafatlandırmışıq”.

Sonra 2022-ci ilin nəticələrinə görə, “İlin peşəkar gənci” fəxri adına layiq görülmüş
64 nəfər istedadlı gəncə AHİK-in fəxri diplomu, döş nişanı və vəsiqəsi təqdim edilib.
Onların 42 nəfəri kişi, 22 nəfəri isə qadındır və ən azı 3 il və daha çox əmək stajına
sahibdirlər. Həmin gənclərin arasında 44 günlük Vətən müharibəsində böyük
qəhrəmanlıqlar göstərərək orden və medallarla təltif edilmiş qazi və veteranlar da var.
Qeyd edək ki, gənc nəslin müxtəlif sənət növlərinə, peşələrə və əmək fəaliyyətinə
marağının artırılması, bacarıqlarının respublikamızın sosial-iqtisadi inkişafına səfərbər
edilməsi və həmkarlar ittifaqı üzvlüyünə motivasiyasının gücləndirilməsi məqsədilə
AHİK tərəfindən 2015-ci ildə “İlin peşəkar gənci” fəxri adı təsis edilib. İndiyədək 27
sahə həmkarlar ittifaqı təşkilatından 400 nəfərə yaxın gənc əməkdə, təhsildə və ictimai
fəaliyyətdə xüsusi nailiyyətlər əldə edərək bu fəxri ada layiq görülüb.


Digər xəbərlər

0.3029990196228