Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatı yaradılıb - AHİK sədri Səttar Möhbalıyev vitse-prezident seçilib

13:35 22-09-2023 | icon 537
Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatı yaradılıb - AHİK sədri Səttar Möhbalıyev vitse-prezident seçilib

Sentyabrın 22-də Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətlərinin
Həmkarlar İttifaqları Təşkilatının (TDHİT) təsis yığıncağı keçirilib.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli
Məclisin deputatı Səttar Möhbalıyev, Qazaxıstan Həmkarlar İttifaqları
Federasiyasının sədri Satıbaldı Dauletalin, Türkiyənin İşçi Həmkarlar İttifaqları
Təşkilatları Konfederasiyasının (TÜRK-İŞ) sədri Ərgün Atalay, Qırğızıstan
Həmkarlar İttifaqları Federasiyasının sədr müavini Omor Arslanbekov və
Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Qudratulla Rafiqov və
nümayəndələr iştirak ediblər.
Gündəliyə TDHİT-nin yaradılması, Nizamnaməsinin və TDHİT Şurasının
tərkibinin təsdiqi, TDHİT-nin prezidentinin, vitse-prezidentinin, Baş katibinin,
Təftiş komissiyası sədrinin seçilməsi, Təftiş komissiyasının say tərkibinin
müəyyənləşdirilməsi, eləcə də qurumun qurultayının çağırılması haqqında
məsələlər daxil edilib.
İştirakçıları salamlayan Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri
Qudratulla Rafiqov Türk dövlətləri arasında həm ikitərəfli, həm də çoxtərəfli
münasibətlərdən, həmrəyliyə nail olunması istiqamətində görülmüş işlərdən
danışıb, həmçinin konfransın məqsəd və vəzifələrindən, TDHİT-nin yaradılmasının
səbəblərindən və əhəmiyyətindən bəhs edib.
Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev öncə Türk dövlətlərinin sıx
dostluq və qardaşlıq əlaqələrindən, xüsusilə bu aspektdə son illərdə ölkə rəhbərləri
səviyyəsində görülən işlərdən və təşkil olunan qarşılıqlı səfərlərdən, göstərilən
qarşılıqlı dəstəkdən, münasibətlərimizin möhkəmlənməsində və inkişafında Türk
Dövlətləri Təşkilatının səmərəli fəaliyyətindən söz açıb. TDHİT-nin yaradılmasının
zəruriliyinə toxunan Səttar Möhbalıyev bildirib ki, Təşkilat ölkələrimizin həmkarlar ittifaqları arasında hərtərəfli əməkdaşlığı daha da dərinləşdirəcək, əməkçilərin hüquq və mənafelərinin birgə müdafiəsinə böyük töhfə verəcək,
həmrəyliyi artıracaq.


Tədbirdə Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı
Dauletalinin, TÜRK-İŞ-in sədri Ərgün Atalayın, Qırğızıstan Həmkarlar İttifaqları
Federasiyasının sədr müavini Omor Arslanbekovun çıxışları da dinlənilib.
Yığıncaqda gündəliyə çıxarılan məsələlər ətrafında müzakirələr aparılıb, rəy və
təkliflər dinlənilib.
Birgə qərarla TDHİT yaradılıb. Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının
sədri Qudratulla Rafiqov TDHİT-nin prezidenti, AHİK sədri Səttar Möhbalıyev
vitse-prezidenti, Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı
Dauletalin Baş katib, Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədr
müavini Omor Arslanbekov Təftiş komissiyasının sədri seçilib. Həmçinin TDHİT
Şurasının tərkibi təsdiqlənib və qurumun mənzil qərargahı Türkiyənin paytaxtı
Ankara şəhərində yerləşəcək. Təşkilatın Qurultayının bu il noyabrın 29-da Ankara
şəhərində keçirilməsi barədə də müvafiq qərar qəbul olunub.


Digər xəbərlər

0.25789213180542