İdman.biz saytının təqdimatı keçirilib - VİDEO - FOTO

17:45 26-09-2023 | icon 726
İdman.biz saytının təqdimatı keçirilib - VİDEO - FOTO

Bu gün Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni “İdman.biz” saytının təqdimat mərasimi keçirilib. Portalın yaradılmasının təşəbbüskarı “Trend” Beynəlxalq İnformasiya Agentliyidir.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Akt zalında baş tutan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibi Azər Əliyev, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, ADBTİA-nın rektoru Fuad Hacıyev, Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev, Trend Beynəlxalq İnformasiya Agentliyinin rəhbəri İlqar Hüseynov, Olimpiya və dünya çempionları, idman ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.

Mərasimdə “İdman.biz" saytı haqqında videoçarx nümayiş olunub. Bildirilib ki, portalda bütün idman növləri haqqında məlumat veriləcək. Sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək. “İdman.biz” saytında çıxan xəbərlər paralel olaraq "Facebook", "İnstaqram", "Teleqram" və digər sosial şəbəkə hesablarında paylaşılacaq. Saytın multimedia bölümü də fəaliyyət göstərəcək.

Layihə rəhbəri Anar İmanov qeyd edib ki, saytın əsas fəaliyyəti Azərbaycan idmanının təbliğidir. Sayt üç dildə nəşr olunur və istənilən auditoriyanı qane edəcək, ölkənin idman həyatının bütün növləri üzrə hadisələrdən bəhs edəcək.

“Burada futbolla yanaşı, demək olar ki, bütün idman növləri öz əksini tapacaq, ən son hadisələr, analitik materiallar və hadisə yerindən müsahibələr operativ şəkildə saytda dərc olunacaq”, - deyə A.İmanov vurğulayıb.

Gələcəkdə daha da genişlənəcək İdman.biz komandasının təqdimatı da olub.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında Azərbaycan idmançılarının son uğurlarını qeyd edib.

“Yunan-Roma güləşi üzrə Azərbaycan yığması tarixdə ilk dəfə dünya çempionatının komanda yarışında birinci yeri tutaraq bizə bayram bəxş etdi. Səhər onları hava limanında qarşıladıq, indi isə yeni - İdman.biz portalının təqdimatında iştirak edirik. Sevindirici haldır ki, portalın ingiliscə versiyası da var, bu, idmanımızın xaricdə təbliğinə kömək edəcək”, - F.Qayıbov qeyd edib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də yeni layihə ilə bağlı səmimi arzularını bildirib, portalda çoxlu analitik materialların öz əksini tapacağına ümid etdiyini bildirib.

Sonra söz bu yaxınlarda karyerasında ikinci dəfə dünya çempionu olmuş güləşçi Rafiq Hüseynova verilib. O bildirib ki, yeni idman saytının yaranması, şübhəsiz ki, müsbət haldır: “Jurnalistlərin işinin ən mühüm elementi obyektivlik və qərəzsizlikdir. İnanıram ki, İdman.biz bundan sonra da Azərbaycan idmanını təbliğ edəcək. Portalın ingiliscə versiyasının olması məni xüsusilə sevindirir. Bu, bizə, idmançılara xəbərləri xarici auditoriya ilə bölüşməyə kömək edəcək”.

İdman.biz artıq fəaliyyətə başlayıb və tezliklə öz fəaliyyətini daha da artıracaq.

 


Digər xəbərlər

0.27001309394836