Abşeron rayonunda 27 sentyabr - Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

18:01 27-09-2023 | icon 819
Abşeron rayonunda 27 sentyabr - Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

Sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsinin
hər günü bizim zəfər tariximizdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin
uzaqgörən siyasəti, Silahlı Qüvvələrimizin yüksək səviyyədə hazırlığı, xalqımızın
Ali Baş Komandanın ətrafında sıx birləşməsi nəticəsində 30 il işğal altında olan
torpaqlarımız azad edildi.
Azərbaycan hərbi gücü, qüdrəti, taktikası ilə dünyaya səs saldı. Vətənimizin
igid, yenilməz övladları 44 gün ərzində sinəsini vətənə sipər edərək yalnız irəli
getdilər. Şəhid olaraq adlarını Azərbaycanın tarixinə qızıl hərflərlə yazdılar.
Azərbaycan xalqının qürur mənbəyinə çevrildilər.
Xalqımız qəhrəman, vətənpərvər övladlarının şücaətini daim yüksək
qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini
müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların
problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunmasını
təşkil edir.
Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən
Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Abşeron rayonunda da daim yüksək
həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin
yaxşılaşdırılması, işlə təmin olunmaları və qarşılaşdıqları digər məsələlərin
operativ surətdə həll olunması daim Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə
saxlanılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu
ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar
operativ tədbirlər həyata keçirirlər.
27 sentyabr “Anım Günü” ərəfəsində rayon ərazisində bir sıra tədbirlər
keçirilib. Abşeron Rayon ümumtəhsil məktəblərində dərslər “Anım Günü”nə həsr
olunub. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Xırdalan
şəhərində Vətən Müharibəsi Qəhrəmanı Veysəl Usubovun adını daşıdığı 5 saylı
tam orta məktəbdə şagirdlərlə görüşərək “Anım Günü” ilə bağlı söhbət edib,
qəhrəman şəhidimiz V. Usubovun büstünün önünə gül dəstələri qoyulub. Tədbirdə
Veysəl Usubovun ailə üzvləri və qazilər iştirak ediblər.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun idarə və
müəssisə rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti Vətən Müharibəsi
şəhidlərinin xatirəsinə ucaldılan abidənin qarşısına gül dəstələri qoyaraq
Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik
sükutla yad ediblər.
“Anım Günü” nə həsr olunmuş tədbir Xırdalan şəhəri Heydər Əliyev adına
Parkda davam etdirilib. Tədbirdə RİH başçısı Abdin Fərzəliyev çıxış edərək
bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə xalqımız 44 günlük Vətən
müharibəsində şanlı qələbə qazanaraq 30 illik vətən həsrətinə son qoymuşdur.

Torpaqlarımızın azad edilməsi ilə bərabər şəhidlərimizin də qisasının alındığını
vurğulayan A.Fərzəliyev qeyd etmişdir ki, Qarabağda olan xunta rejimi cəmi 24
saat ərzində keçirilən antiterror tədbirləri nəticəsində tərksilah edilmişdir.
RİH başçısı İşğaldan azad olunmuş torpaqlarda geniş vüsət almış bərpa və
yenidənqurma işlərinin sürətlə aparıldığını, soydaşlarımızın öz yurdlarına
döndüyünü və Qarabağda həyatın yenidən canlandığını vurğulamışdı.
Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron RİH yanında
İçtimai Şuranın sədri Xatirə İsmayılova, Vətən müharibəsi iştirakçısı Vasif
Allahverdiyev və başqaları çıxış edərək ordumuzun döyüş meydanında düşmənə
necə diz çökdürdüyündən və igid vətən övladlarının hər an istənilən təxribatın
qarşını almağa qadir olduğundan söz açıblar.
Sonra şəhid övladları hazırladıqları “Mənim atam qəhrəmandır”
kompozisiyasını təqdim edərək vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş
ataları haqqında danışıblar.
“Anım Günü” ərəfəsində Rayon İcra hakimiyyətinin başçısı Abdin
Fərzəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron
Rayon Şöbəsinin rəisi, hüquq-mühafizə idarələrinin rəhbərləri və din xadimləri
tərəfindən Abşeron rayonunda yaşayan şəhid ailələri ziyarət olunub. Görüş zamanı
onların problemləri, arzu və istəkləri dinlənilib. Müvafiq tədbirlərin görülməsi ilə
bağlı tapşırıqlar verilib.
Ziyarət zamanı şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz
minnətdarlıqlarını bildiriblər.

 






Digər xəbərlər

0.25634598731995