Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər

09:56 28-09-2023 | icon 400
Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər

Respublikamızın digər bölgələri kimi, Naxçıvan Muxtar Respublikası da daim ölkə başçısının diqqət və qayğısı ilə əhatə olunub. Ölkəmizdə aparılan quruculuq işlərinin tərkib hissəsi kimi Naxçıvanın inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bu gün Naxçıvandakı quruculuq, tikinti, abadlıq işləri birbaşa Prezident İlham Əliyevin respublikamızda apardığı siyasətin tərkib hissəsidir. Bu məqsədlə Naxçıvana dövlət büdcəsindən lazımi vəsait ayrılır. Ölkə başçısının tapşırığı ilə Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edilib.

Prezident İlham Əliyevin sədrliyi ilə iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında ölkə başçısı bildirib ki, Naxçıvanın uğurlu sosial-iqtisadi inkişafını qısa müddət ərzində təmin edə biləcək bu proqram tam icra ediləcək: “Çünki bu proqram bizim öz resurslarımıza əsaslanıbdır. O cümlədən mən nə üçün bunu indi dilə gətirirəm, orada Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi “yaşıl enerji” zonasına çevrilməsi məsələsi mənim tərəfimdən qoyulmuşdur. Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinin böyük hissəsi indi su elektrik stansiyaları vasitəsilə istehsal olunur. Orada günəş və külək elektrik stansiyalarının inşası da nəzərdə tutulur- ola bilər 1000 meqavat, ola bilər 1500 meqavat. Biz həm muxtar respublikanın bütün tələbatını “yaşıl enerji” ilə təmin edəcəyik, həm də qonşu ölkələrə də “yaşıl enerji”ni ixrac edəcəyik”.

Mütəxəssislərin fikrincə, Naxçıvan istehlak nöqteyi-nəzərindən kifayət qədər çox böyük ərazi deyil. Yəni, burada istehlak 100 meqavata çatır. Qardaş Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası bazarının mövcudluğu, həmçinin indiyədək onlarla olan enerji mübadiləsi təcrübəsinin olması imkan verir ki, Naxçıvan nəinki regionda, hətta dünyada örnək “yaşıl enerji” məkanına çevrilsin.

 Bir müddət əvvəl Energetika naziri Pərviz Şahbazov bildirmişdi ki, “Cəbrayıl” enerji qovşağının yaradılması elektrik enerjisinin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana, oradan Türkiyəyə, sonra isə Avropaya ötürülməyə imkan yaradacaq. Bununla da, Naxçıvan “yaşıl enerji”nin istehsalı və istehlakı ilə bərabər, ixracının da həm mənbəyi, həm də marşrutuna çevriləcək. Eyni zamanda, Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla birlikdə “yaşıl enerji” mərkəzi kimi inkişafı strateji əhəmiyyətə malikdir. 

Bütün bunlarla yanaşı, hazırda Naxçıvanda idarəetmənin təkmilləşdirilməsi, iqtisadi potensialdan səmərəli istifadə, sosial-iqtisadi sahədə şəffaflığın artırılması, işgüzar mühitin yaxşılaşdırılması, sahibkarların qarşılaşdıqları çətinliklərin aradan qaldırılması prioritetdir. Bütün bunlar bir müddət əvvəl Naxçıvan şəhərindəki Biznes Mərkəzində Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarovun sahibkarlarla görüşündə bir daha diqqətə çatdırılıb. Görüşdə iqtisadiyyatın müxtəlif sahələri üzrə iş adamlarının qarşılaşdıqları məsələlər, biznes təmsilçilərinin fəaliyyəti ilə bağlı yaranan suallar, iqtisadi aktivliyin artırılması və yeni çağırışlar barədə müzakirələr aparılıb. Bildirilib ki, Naxçıvanın iqtisadiyyatının inkişafı üçün bütün mövcud biznes mexanizmləri tətbiq ediləcək. Həmçinin qeyd olunub ki, iqtisadi sahədə aparılan islahatlar biznesdə və dövlət-biznes münasibətlərində şəffaflığın təmin edilməsinə hədəflənib. Bu baxımdan, vergi inzibatçılığı və idarəçiliyi sahəsində ciddi dəyişikliklər aparılır, vergi nəzarəti mexanizmləri təkmilləşdirilir və biznesin fəaliyyətinə effektiv vergi nəzarətinin qurulmasında rəqəmsallaşmanın tətbiqi genişləndirilir, iqtisadi artımın bərpası üçün vergi təşviq alətlərindən geniş istifadə edilir. Həyata keçirilən vergi siyasəti “kölgə iqtisadiyyatı”nın miqyasının əhəmiyyətli dərəcədə azaldılmasına, iqtisadiyyatda şəffaflığın artmasına imkan yaradır.

Təbii ki, dövlətin fiskal siyasətini həyata keçirən orqanlar olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin koordinasiyalı fəaliyyəti olduqca əhəmiyyətlidir. Bu baxımdan metodiki köməyin göstərilməsi təmin edilməli, hüquqi münasibətlərin tənzimlənməsində, fiskal siyasətin həyata keçirilməsində vahid yanaşmanın tətbiqi, həmçinin müsbət təcrübələrin inteqrasiyası üçün bütün zəruri tədbirlər qarşılıqlı olaraq həyata keçirilməlidir. Fəaliyyətin bu cür qurulması vergi orqanlarının qarşısında duran vəzifələrin daha çevik, şəffaf və sistemli şəkildə icrasına müsbət təsir göstərəcək, eyni zamanda dövlət başçısının qarşıya qoyduğu tapşırıq və vəzifələrin icrasına uyğun hədəflərə nail olunacaq.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan müasir çağırışların, yeni reallıqların işığında bundan sonra yalnız inkişaf yolu ilə gedəcək, böyük uğurlara imza atacaq. Bu qədim diyar nəinki bölgədə, hətta bütün dünyada örnək olan “yaşıl enerji” məkanına çevriləcək.

 

Südabə Vəliyeva 
Saatlı Dövlət Rəsm Qalereyasının direktoru


Digər xəbərlər

0.24953293800354